Sentyabrda mitinqlər olacaqmı? - Siyasi təşkilatlardan açıqlama

Sentyabrda mitinqlər olacaqmı? - Siyasi təşkilatlardan açıqlama

30-08-2017 02:39 / Bu xəbər 1494 dəfə oxundu

Sentyabrda ölkədə adətən siyasi aktivlik müşahidə olunur. Elə ötən ilin bu ayında Milli Şura "Monarxiyaya yox! Talana son!”, Müsavat Partiyası isə "Yaşasın Respublika!” şüarı ilə mitinq keçirdi. 

Bəs görəsən, bu il siyasi partiya və təşkilatlar mitinq keçirmək haqqında düşünürlərmi?

ReAL Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı Toplum.Tv-yə deyib ki, mitinq məsələsi hər zaman gündəmdə olur, çünki ölkədəki vəziyyət məlumdur: "Biz anlayırıq ki, bu vəziyyətə etiraz etmək lazımdır. Mitinqi də bir etiraz metodudur. Amma hələ ki, mitinqlə bağlı bir qərarımız yoxdur”.

Müsavat Partiyasının başqanı Arif Hacılının sözlərinə görə, mitinqlə bağlı müzakirələr gedir: "Bildiyiniz kimi, Mehman Əliyevin Müdafiə Komitəsi yaradılıb və o toplantıda bir çox siyasi partiyanın, ictimai təşkilatların, mətbuat orqanlarının nümayəndələri iştirak edirdi. Həmin toplantıda mən siyasi məhbusların azadlığa buraxılması tələbi ilə mitinqin keçirilməsi təklifini irəli sürdüm. Bəzi çıxışçılar bu təklifə müsbət yanaşdılar. Hazırda həmin komitədə ümumi bir mitinqin keçirilməsi ilə əlaqədar müzakirələr davam edir. Əgər mitinq keçirilməsi ilə bağlı hər hansı bir ümumi qərar olacaqsa, Müsavat Partiyası bütün resursları ilə bu mitinqdə iştirak edəcək”.

NİDA Hərəkatının İdarə Heyətinin üzvü Ülvi Həsənli də bildirib ki, Mehman Əliyevin həbsi mitinq məsələsini aktuallaşdırıb: "Bununla bağlı müstəqil gənclərin kampaniyası da var. Sabah bu kampaniya ilə bağlı tədbir keçiriləcək. Bu müzakirələrin sonunda ola bilsin ki, mitinq keçirilsin. Amma bununla bağlı konkret bir qərar yoxdur. Siyasi məhbus məsələsi yenidən ciddiləşir, hökumət dayanmaq istəmir”.

Milli Şuranın sədri Cəmil Həsənli isə kütləvi aksiyaların həmişə gündəmdə olduğunu deyib: "Mitinq üçün bəlli bir tarix olsa, bu barədə media vasitəsilə xəbər veriləcək".