İlham Əliyev Zəfər və Anım Günlərini təsis etdi

İlham Əliyev Zəfər və Anım Günlərini təsis etdi

02-12-2020 13:58 / Bu xəbər 816 dəfə oxundu

Hər il sentyabrın 27-si Anım Günü, noyabrın 10-u Zəfər Günü kimi qeyd ediləcək

Dekabrın 2-də Azərbaycan prezidenti İlham Əliyev ölkədə Zəfər və Anım Günlərinin təsis edilməsi haqqında sərəncam imzalayıb.

Zəfər günü ilə bağlı imzaladığı sənəddə bildirilir ki, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Azərbaycan ordusu bir çox şəhər və kəndləri, o cümlədən Qarabağın tacı sayılan Şuşanı işğaldan azad edib: "Azərbaycan Ordusu 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr müharibənin taleyində həlledici rol oynayıb”.

Sənəddə bildirilir ki, 44 günlük əməliyyatın sonunda Ermənistan öz məğlubiyyətini etiraf edib: "Əməliyyatlar Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Onlar Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur edildi”.

Sərəncamın qərar hissəsində bildirilir ki, hər il noyabrın 10-u Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək.

Prezidentin imzaladığı ikinci sərəncam Azərbaycanda Anım Gününün təsis edilməsi haqqındadır.

Sənəddə deyilir ki, Ermənistanın Azərbaycana qarşı bu il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb: "Hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilsin", - sənədin qərar hissəsində belə deyilir.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-də döyüşlər başlamışdı. Döyüş əməliyyatları noyabrın 9-dək davam edib. Bu 44 gün ərzində Azərbaycan tərəf 280-dək kəndin, dörd qəsəbənin (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhərin (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edildiyini açıqlayıb.

Noyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri birgə bəyanat imzalayıb. Müharibənin bitməsini özündə ehtiva edən bəyanatla Rusiya sülhməramlılarının Qarabağa gəlməsi elan edilib. Elə həmin gecə sülhməramlılar bölgəyə daxil olub.

Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Razılaşmaya uyğun olaraq Azərbaycan ordusu noyabrın 20-də Ağdam rayon mərkəzinə daxil olub. Noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağa göndərilən sülhməramlılarla bağlı fərman imzalayıb.

Fərmanda deyilir ki, Rusiyanın Müdafiə Nazirliyi 1960 nəfərlik heyət ildə ən azı iki dəfə, hərbi texnika isə ehtiyatlar sərf olunduqca və texniki cəhətdən ehtiyac yarandıqca dəyişdirməlidir. Rusiya sülhməramlıların xərclərini də özlərinin ödəyəcəyini açıqlayıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.///Meydan.tv