Separatçı DQR-in 3 keçmiş “prezident”i və “parlament sədri”nin saxlanıldığı bildirilir

Separatçı DQR-in 3 keçmiş “prezident”i və “parlament sədri”nin saxlanıldığı bildirilir

03-10-2023 23:52 / Bu xəbər 943 dəfə oxundu

Onların Bakıya gətirildiyi deyilir

Separatçı "Dağlıq Qarabağ Respublikası”nın keçmiş "prezident”ləri Arkadi Qukasyan (1997-2007), Bako Saakyan (2007-2020), Araik Arutyunyan (2020-2023) və "Daşnakasutyun” Partiyasının təmsilçisi, həmçinin separatçı rejimin keçmiş "parlament sədri” David İşxanyanın saxlanıldığı bildirilir.

APA həmin şəxslərin Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanıldığı barədə məlumat yayıb.

Bildirilir ki, bu şəxslər barələrində aparılan cinayət işləri üzrə saxlanılaraq Bakıya gətirilib.

"Həmin şəxslər illərlə törətdikləri və rəhbərlik etdikləri cinayət əməllərinə görə qanun qarşısında cavab verəcəklər”, – deyə məlumatda qeyd olunur.

Qarabağda həbslər

Sentyabrın 27-də separatçı "Dağlıq Qarabağ”ın keçmiş "dövlət naziri” Ruben Vardanyan həbs olunub.

Sentyabrın 30-da Baş Prokurorluq saxlanılmış separatçı qurumun "prezident aparatı rəhbərinin müavini” Davit Klimoviç Babayana və rejimin sabiq "müdafiə naziri” Lyova Mnatsakanyana ittihamları elan edib.

Sentyabrın 28-də separatçı "Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan "respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Separatçı respublika nə vaxt yaranıb?

1991-ci il dekabrın 10-da azərbaycanlıların boykot etdiyi və yalnız ermənilərin qatıldığı referendum keçirilib.

Referendumun nəticəsinə görə, 6 yanvar 1992-ci ildə "Dağlıq Qarabağ Respublikası” rəsmən elan olunub. Lakin Ermənistan da daxil olmaqla, heç bir ölkə və ya beynəlxalq qurum rejimin müstəqilliyini tanımayıb.

Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilər BMT-də daxil olmaqla, bütün dünya dövlətləri tərəfindən Azərbaycanın suveren ərazisi kimi tanınıb.

Qarabağda son əməliyyatlar

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 19-da Qarabağda lokal hərbi əməliyyatlara başladığını açıqlayıb.

Qurumun yaydığı rəsmi məlumatda deyilir ki, buna səbəb törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazidən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsidir.

Əməliyyatlar sentyabrın 19-da səhərə yaxın saat 4:30 radələrində Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda polis əməkdaşlarının olduğu "Kamaz”ın minaya düşməsi və nəticədə 4 polisin, həmçinin "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin iki əməkdaşının hadisə yerində həlak olması ilə əsaslandırılır.

İkinci Qarabağ münaqişənin qısa xronikası

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu iddia edirdi.