Serbiyanın Baş naziri istefa verib

Serbiyanın Baş naziri istefa verib

28-01-2025 18:45 / Bu xəbər 162 dəfə oxundu

Vuçeviç keçirdiyi mətbuat konfransında deyib ki, Novi Saddakı böyük faciə hər şeyə kölgə saldı

Serbiyanın Baş naziri Miloş Vuçeviçin istefa verdiyi bildirilir.

Vuçeviç keçirdiyi mətbuat konfransında deyib ki, mandatı dövründə, əsas da ölkənin iqtisadi tərəqqisində böyük işlər görüb və buna görə özü ilə qürur duyur.

"Novi Saddakı böyük faciə hər şeyə kölgə saldı və həmin andan Serbiya bu fəlakətdə ilişib qaldı”, – Vuçeviç Novi Sad şəhərinin dəmiryol vağzalında beton talvarın uçmasından sonra başlayan etirazlara toxunaraq deyib.

Baş nazirin sözlərinə görə, cəmiyyətdə parçalanmaya xaricdən müdaxilələr səbəb olub. Novi Sad vağzalının uçması da bu proseslərdə qızışdırıcı faktor kimi istifadə edilib.

Vuçeviç həmçinin bildirib ki, Novi Sad şəhərinin meri Milan Djuriclə danışıqlar aparılıb, o da bu gün istefa verəcək.

Vuçeviç 2024-cü ilin mayından Serbiyanın Baş naziridir.

Daha əvvəl isə Baş nazirin müavini, müdafiə naziri və Novi Sad şəhərinin meri olub.

2024-cü il noyabrın 1-də Serbiyanın ikinci ən çox əhalisi olan Novi Sad şəhərinin dəmiryol vağzalında beton talvarın uçması nəticəsində 15 nəfərin ölümündən sonra ölkə boyu genişmiqyaslı etirazlar başlayıb.

Etirazçılar bundan sonra günahkarların cəzalandırılmasını və Prezident Aleksandar Vuçiç də daxil olmaqla ölkə hakimiyyətinin istefasını tələb ediblər.