Sergey Şoyqu: "Təmas xəttində yerləşən postlar nəzarətə götürülüb"

Sergey Şoyqu:

22-11-2020 11:48 / Bu xəbər 760 dəfə oxundu

İlham Əliyev Ərdoğana və Putinə təşəkkür edib

"Biz Rusiya Federasiyasının sülhməramlı missiyasının yerləşdirilməsini də alqışlayırıq”.

Bu açıqlamanı Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 21-də Rusiya Müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən səsləndirib.

Dövlət başçısı bildirib ki, bu missiya Azərbaycanın və Ermənistanın müvafiq strukturlarıyla işgüzar əlaqəli şəkildə işləyir:

"Bu, vəziyyətin sabitləşməsi üçün mühüm amildir və bəyanat imzalanan andan atəşkəslə bağlı hər hansı ciddi pozuntular olmayıb və əminəm ki, olmayacaq”.

İlham Əliyev eyni zamanda Azərbaycan ərazisində atəşkəsin müşahidə edilməsi üzrə mərkəz yaradılması barədə Rusiya ilə Türkiyə arasında danışıqların fəal gedişini də alqışlayıb:

"Bu, regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi üçün çox mühüm elementdir. Biz Türkiyə rəhbərliyinə və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana hərbi əməliyyatların dayandırılması üçün ilkin şərait yaradılmasında iştirakına görə təşəkkür edirik. Həm Rusiya, həm də Türkiyə - bizim üçün dost olan iki ölkə, iki qonşumuz atəşkəsə riayət edilməsi və atəşkəsə nəzarət tədbirlərində iştirak edəcəklər. Bu da bizim qonşularımız olan iki ölkə arasında, habelə regional əməkdaşlıq çərçivəsində qarşılıqlı fəaliyyət formatının möhkəmlənməsinə dəlalət edir. Ümidvaram ki, bugünkü atəşkəs və Ermənistan ilə münasibətlərin normallaşması barədə bizim planlarımız, - əgər onlar Ermənistan tərəfindən müsbət qəbul edilərsə, - regionda yeni vəziyyətin, əməkdaşlığın, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi üçün şərait yarada bilər. Bu, hamının xeyrinə olar. Bizim regionda məskunlaşan xalqlar da, qonşularımız da, bütövlükdə dünya da daha təhlükəsiz olacaq”.

Prezident Sergey Şoyqunun avqustda Bakı səfərini xatırladaraq deyib ki, o vaxt Azərbaycana qarşı hərbi təxribat, silahlı təxribat üçün iki dəfə cəhd göstərilmişdi:

"Onlardan birincisi iyul ayında, sərhədin Tovuz rayonu hissəsində, digəri avqust ayında Ermənistan silahlı qüvvələrinin təxribat qrupu təmas xəttindən ölkəmizə soxulmağa cəhd göstərmiş və həmin qrupun rəhbəri saxlanılmışdı. Onun ifadələri məhz silahlı təxribat təşkil etmək niyyətində olduqlarını sübut edirdi. Bu siyasət davam etdi və onunla bitdi ki, sentyabrın axırlarında Ermənistan silahlı qüvvələri növbəti dəfə bizim yaşayış məntəqələrinə hücum etdilər və biz onlara layiqli cavab verməli olduq. Sonra nələr baş verdiyini biz hamımız yaxşı bilirik”.

İlham Əliyev 10 noyabrda imzalanan sənədin hazırlanmasına və qəbul edilməsinə görə Rusiyanın Prezidenti Vladimir Putinə təşəkkür edib.

Ancaq Əliyev təəssüflənib ki, hərbi əməliyyatlar dövründə Ermənistan tərəfi müharibə aparılmasının bütün normalarını, habelə humanitar normaları kobud şəkildə pozub:

"Bizim şəhərlərimiz və kəndlərimiz hər gün bombardmana məruz qalırdı. Nəticədə aralarında uşaqların və qadınların da olduğu 94 dinc Azərbaycan sakini həlak olub, 400-dən çox adam yaralanıb, 3 mindən çox ev yararsız vəziyyətə düşüb, yaxud tamamilə məhv edilib. Biz bütün bu hərbi cinayətləri – ballistik raketlərdən, kasetli və fosforlu döyüş sursatlarından istifadə edilməsini sənədləşdirmişik və Azərbaycan tərəfinin görəcəyi sonrakı hüquqi tədbirlərlə əlaqədar müvafiq tapşırıqlar vermişik”.

"Bizdə çoxsaylı fotosənədlər və videosənədlər var”

Prezident deyib ki, Ermənistan əcnəbi muzdlulardan fəal istifadə edib: "Bizdə çoxsaylı fotosənədlər və videosənədlər, əcnəbi vətəndaşların, o cümlədən Fransa, ABŞ, Livan, Kanada, Gürcüstan və başqa ölkələrin vətəndaşlarının pasportları var. Bu vətəndaşların bir qismi erməni mənşəlidir, digərləri belə deyil. Lakin bu, məsələnin mahiyyətini dəyişmir, ona görə ki, Ermənistan tərəfində əcnəbi muzdluların iştirak etməsi, əlbəttə, yolverilməzdir”.

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu 10 noyabr bəyanatını tarixi sənəd adlandırıb: "Çox vaxt keçməsə də, sülhməramlı qüvvələr müəyyən edilmiş mövqeləri tutublar, yəni orada 23 post var. Təmas xəttində təhlükəsizliyi təmin etmək üçün magistral tərəfdə yerləşən bu postlar nəzarətə götürülüb. Köçkünlərin qayıtması başlanıb. Əlbəttə, nizamlanmış bütün işlər bu gün öz nəticələrini verir. Hesab edirik ki, əhəmiyyətsiz atışmaları nəzərə almasaq, atəşkəs rejiminə riayət edilir və mən əminəm ki, bundan sonra da belə olacaq”.

"...Azərbaycanı dəstəkləməyimiz barədə prinsipal razılaşmamız var”

Bu gün Rusiyanın Xarici işlər naziri Sergey Lavrov da Bakıda olub. Nazir keçirdiyi mətbuat konfransında "Türkiyə bu regionda real faktordur" deyə bəyanatını səsləndirib:

"Türkiyə bizim bir çox istiqamətdə tərəfdaşımızdır. Əlbəttə ki, suveren Azərbaycanın xarici siyasət tərəfdaşını seçmək hüququ var, necə ki, Ermənistan da özünü xarici siyasət tərəfdaşlarını seçir. Bizim Türkiyə ilə Azərbaycan ərazisində Rusiya-Türkiyə birgə monitorinq mərkəzinin yaradılmasından ötrü Azərbaycanı dəstəkləməyimiz barədə prinsipal razılaşmamız var. Hansı ki, bu mərkəz məsafədən texniki vasitələrlə Dağlıq Qarabağ və ətrafında atəşkəs rejiminə riayət olunmasını izləyəcək. Bu, atəşkəsin dayanıqlılığını təmin edəcək əlavə faktor olacaq”.

Nikol Paşinyan: "Artıq bölgədə hərbi-siyasi vəziyyət dəyişib”

Rusiyanın hər iki naziri eyni zamanda Ermənstana səfərə edib və Baş nazir Nikol Paşinyanla görüşüblər.

Ermənistan mediasının yaydığı məlumata görə, tərəflər Dağlıq Qarabağdakı vəziyyət, Rusiya və Ermənistan arasında hərbi əməkdaşlıqla bağlı geniş məsələləri müzakirə edib.

Baş nazir Paşinyan müharibə zamanı Rusiyanın Ermənistana verdiyi dəstəyə görə Sergey Şoyquya təşəkkür edib: "Müharibə zamanı biz həmişə Rusiya Prezidentinin, Baş nazirinin dəstəyini, şəxsən sizin dəstəyinizi hiss etdik".

"Artıq bölgədə hərbi-siyasi vəziyyət dəyişib. Ona görə bu vəziyyətin bütün parametrlərini öyrənmək lazımdır. Əlbəttə, Ermənistanla Rusiya arasındakı strateji əməkdaşlıq, dostluq və qardaşlığın açarı olaraq. Əminəm ki, yaxınlaşma və gələcək strateji münasibətlərimiz daha da dərinləşəcək. Bizim ittifaqımız daha yaxın və daha strateji olacaq”,-Baş nazir belə deyib.

Xatırlatma

Noyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri birgə bəyanat imzalayıb.

Müharibənin bitməsini özündə ehtiva edən bəyanatla Rusiya sülhməramlılarının Qarabağa gəlməsi elan edilib. Elə həmin gecə sülhməramlılar bölgəyə daxil olub.

Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağa göndərilən sülhməramlılarla bağlı fərman imzalayıb.

Fərmanda deyilir ki, Rusiyanın Müdafiə Nazirliyi 1960 nəfərlik heyət ildə ən azı iki dəfə, hərbi texnika isə ehtiyatlar sərf olunduqca və texniki cəhətdən ehtiyac yarandıqca dəyişdirməlidir.

Rusiya sülhməramlıların xərclərini də özlərinin ödəyəcəyini açıqlayıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.///Meydan.Tv