Sərhəddə atışma: Azərbaycan ordusunun zabiti yaralanıb
10-04-2024 23:28 / Bu xəbər 933 dəfə oxundu
Ermənistan tərəf faktı təsdiqləyib, hadisənin araşdırıldığını deyir
Dövlət Sərhəd Xidmətinin (DSX) Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsində atəşkəsin pozulması nəticəsində baş leytenant Rövşən Məmmədovun yaralandığı bildirlir.
Bu barədə DSX məlumat yayıb.
Qeyd edilir ki, aprelin 10-da saat 15:20 radələrində Ermənistanın Nerkin Xndzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub: "Dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadımıza Ermənistan Silahlı Qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb”.
Rövşən Məmmədovun tibb müəssisəsinə təxliyə olunduğu deyilir.
DSX məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəddə baş verən atışma ilə yaydığı bəyanatda Azərbaycan sərhədçisinin yaralandığı təsdiqlənib: "Ermənistanın vətəndaşı olan çoban itmiş sürüsünü axtarmaq üçün Azərbaycan ərazisinə çıxıb. Hadisələr elə inkişaf edib ki, atışma baş verib. Hadisə nəticəsində Azərbaycan tərəfdən bir nəfər yaralanıb”.
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları Azərbaycanla birgə araşdırmaya hazır olduğunu bildirib: "Birgə təhqiqatın aparılmasından asılı olmayaraq, Ermənistanın sərhəd qoşunları öz araşdırmalarını aparır və nəticələr barədə əlavə məlumat veriləcək”.
Azərbaycan tərəfinin itmiş sürünü geri qaytardığı bildirilir.
Aprelin 8-də və 9-da da atəşkəs pozulmuşdu.
Azərbaycanın Müdafiə Nazirliyi (MN) bildirirdi ki, Ermənistan ordusu Laçın, Kəlbəcər və Naxçıvan istiqamətində atəşkəsi pozub, amma Ermənistan Müdafiə Nazirliyi məlumatı təkzib etmişdi.