“Sərhədsiz Reportyorlar” “Abzas Media” əməkdaşlarına azadlıq tələb edir
12-01-2024 01:47 / Bu xəbər 707 dəfə oxundu
"Sərhədsiz Reportyorlar” (RSF) beynəlxalq jurnalistləri müdafiə təşkilatı Azərbaycanda həbsdə olan jurnalistlər Ülvi Həsənli, Sevinc Vaqifqızı və Hafiz Babalının hələ də həbsdə saxlanılmasını pisləyib.
Bu barədə təşkilat "X” (keçmiş "Twitter”) hesabında paylaşım edib.
Təşkilat bildirir ki, Azərbaycandakı məhkəmələr heç bir əsas olmadan ”AbzasMedia” internet nəşrinin jurnalistləri Ülvi Həsənli və Sevinc Vaqifqızını, araşdırmaçı jurnalist Hafiz Babalını həbsdə saxlayır:
"Bu jurnalistlərin təqibinə son qoyulmalıdır. Onlar azad edilməlidir”, – deyə RFS bildirir.
Ülvi Həsənli, Sevinc Vaqifqızı və Hafiz Babalı 2023-cü ilin sonunda "qaçaqmalçılıq” ittihamı ilə həbs edilib.
Onlar ittihamları rədd edib, peşə fəaliyyətləri ilə bağlı təzyiqə məruz qaldıqlarını bildirirlər.
Yanvarın 10-da məhkəmə bu üç jurnalistin ev dustaqlığına buraxılma ilə bağlı vəsatətini rədd edib.
Eyni iş üzrə "Abzas Media”nın daha iki əməkdaşı – Nərgiz Absalamova və Məhəmməd Kekalov da həbsdədir.