Sərt karantin rejimi tətbiq edilməyəcək

Sərt karantin rejimi tətbiq edilməyəcək

19-03-2021 18:33 / Bu xəbər 1934 dəfə oxundu

Bayram günləri ictimai nəqliyyat işləməyəcək

Xüsusi karantin rejimi iyunun 1-dək uzadılır. Həmin müddətədək həftə sonları ictimai nəqliyyat işləməyəcək.

Bu qərarlar martın 19-da Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində səsləndirilib.

20-28 mart bayram günlərində də ictimai nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq: "Bundan başqa, hər hansı bir sərtləşdirmə tədbirləri həyata keçirilməyəcək”.

Metro da açılmayacaq

Prezidentin köməkçisi Şahmar Mövsümov deyib ki, metronun açılması aktivliyin daha da artmasına gətirib çıxaracaq. Odur ki, hələlik, açılması nəzərdə tutulmayıb: "Metronun bağlanması qərarı verildikdə əsas məqsədimiz aktivliyin aşağı salınması idi. Biz buna nail olmuşuq. Gördüyünüz kimi, artım sürətləri əvvəlki kimi deyil. Metronun bağlanması burada xüsusi rol oynayır”.

"Yoluxmaların artması narahatlıq doğurur”

Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov belə deyib.

O, ölkədə yoluxmaların sayının artdığını və bunun müəyyən narahatlıq yaratdığını söyləyib: "Hazırda 10 min çarpayı yükü olan xəstəxanaların imkanlarına qarşı 1500-1600 xəstəmiz var. Bu da bizə imkan verir ki, sərtləşdirməyə getməyək”.

"Yoluxma sayı artsa, sərtləşməyə gediləcək”

Şahmar Mövsümov vətəndaşları bayram ərəfəsində mümkün qədər heç yerə getməmək və özlərini qorumağa çağırıb: "Əgər yoluxma sayı artsa, Operativ Qərargahın başqa yolu olmayacaq və sərtləşməyə gediləcək”.

"Toyların bərpası müzakirə edilmir”

Şahmar Mövsümov toyların bərpa edilib-edilməməsinə də aydınlıq gətirib. Bildirib ki, hazırda bu məsələ müzakirə edilmir. Ad günü keçirmək də olmaz, qadağandır.

Şahmar Mövsümov deyib ki, bunu edən, qaydaları pozur: "Avtobusda oturub getmək isə qadağan deyil. Amma əgər hansısa polis əməkdaşı deyirsə, "sıxlaşın iki nəfər də minsin”, əlbbəttə, o, düz etmir”.

Son günlərin statistikasında COVİD 19 virusuna yoluxma hallarının artmasına gəlincə, Şahmar Mövsümov deyib ki, artıq 1 ildən çoxdur pandemiya şəraitində yaşayırıq.

Pandemiya dalğavari olaraq bütün ölkələrə təsir edir: "Hazırda bir çox ölkələrdə virusun növbəti dalğası müşahidə olunur. Bir çox ölkələr məhz bu səbəbdən qapanmalara gedir. Azərbaycanda da son zamanlar rəqəmlər artmağa başlayıb. Yumşalmalardan sonra bu gözlənilən idi”.

"Yoluxma sayı daha çox Bakıda qeydə alınıb”

"Sağalanların sayı öncəki günlərdə yoluxanların sayı ilə çox əlaqəlidir. Son günlər aparılan test yoxlamaları zamanı çoxlu sayda yoluxma halı aşkarlanıb. Dekabrın sonlarında sərt karantinə keçəndən sonra yoluxanların sayı azalmışdı. Yanvarın ortaları yumşalma tədbirlərindən sonra artım gözlənilən idi. Yoluxma sayı daha çox Bakıda qeydə alınıb - hardasa 52,9 faizdir”.

Bu sözləri isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

"Britaniya ştammı sadəcə daha sürətli yayılma xarakterinə malikdir”

Yaqut Qarayeva virusun yeni yayılmış Britaniya ştammı növündən də danışıb.

Deyib ki, mutasiya viruslara xas olan bir şeydir. Qrip xəstəliyinə qarşı hər il yeni peyvənd istifadə olunur. Çünki qrip virusunda da tez-tez mutasiyalar baş verir.

Ona görə də mutasiyanın xəstəliyə və yoluxmaya təsiri əsas məqamdır: "Məsələn, Britaniya ştammı sadəcə daha sürətli yayılma xarakterinə malikdir. Dəqiqliklə bilirik ki, bütün dünyada yeni ştamm sürətlə yayılır. Odur ki, qabaqlayıcı tədbirlərə gedilməsi təbiidir. Cənubi Afrika ştammının da xəstəliyə təsiri məsələsi dəqiqləşdirilir. ÜST yeni ştammla bağlı tövsiyə edir ki, qabaqlayıcı tədbirlərə diqqətlə yanaşılsın. Vaksinlər yeni ştammların mutasiyasına təsir göstərir. Ona görə də vaksinasiya daha sürətli aparılmalıdır”.

"Mutasiyalar Azərbaycanda da baş verə bilər”

Şahmar Mövsümov isə COVID-19-un Britaniya ştammının Azərbaycana hansı formada gəlməsi məsələsinə aydınlıq gətirilib. Deyib ki, PCR testləri istənilən ştammı müəyyən edə bilir: "Elə bir hal ola bilər ki, test haradasa düzgün götürülməsin və yaxud test götürüləndə nəticəsi neqativ çıxsın. Amma bir gün sonra həmin şəxsdə simptomlar əmələ gələ bilər və test pozitiv göstərə bilər. Britaniya ştammının hər hansı ölkə tərəfindən dayandırlması qeyri-mümkündür. Bütün bu ştammlar dünyaya yayılır. Bu mutasiyalar Azərbaycanda da baş verə bilər. Azərbaycanda da Britaniya ştammına uyğun bir hal yarana bilər”.

Azərbaycana nə qədər vaksin gətirilib?

Brifinqdə Azərbaycana gətirilən vaksinlərin miqdarından da danışılıb. Şahmar Mövsümov deyib ki, indiyədək 1,5 milyona yaxın vaksin alınıb: "”AstraZeneca” peyvəndi hələ Azərbaycana gətirilməyib. Biz ölkəyə gətirildikdə belə ÜST-nin və digər beynəlxalq qurumların qərarına uyğun olaraq istifadə edəcəyik”.

Vaksin vurduran adama xüsusi imtiyazların verilməsi müzakirə edilir

"Vaksinasiyadan keçən insanlar üçün gələcəkdə hər hansı bir imtiyazların tətbiq olunması məsələsi müzakirə olunur”, - Şahmar Mövsümov deyib: "Ola bilsin, həmin şəxslərə müəyyən imtiyazlar verilsin”.