Şərur sakini: Əvvəldən bilet almayanlar Naxçıvana uçur, biz isə ortalıqda qalmışıq

Şərur sakini: Əvvəldən bilet almayanlar Naxçıvana uçur, biz isə ortalıqda qalmışıq

25-06-2020 21:19 / Bu xəbər 977 dəfə oxundu

"Adamı olmayanlar bizim kimi ayaq altında qalıb”

"Bir neçə ay öncə həyat yoldaşım və qızımla birlikdə Bakıya qohumun xeyir işinə gəlmişdik. Naxçıvana qayıtmaq istədik, koronavirusa görə uçuşumuz təxirə salındı. Aylardır ilişib burada qalmışıq. Adam artıq qohum evində qalmaqdan utanır. Vaxtımı parklarda keçirirəm. Qızımla həyat yoldaşım gündə bir qohumun evində gecələyir”.

Şərur rayon sakini Villədin Hüseynov dərdini Meydan TV-yə danışır. 

Deyir ki, bir neçə ay öncə "Azərbaycan Hava Yolları” (AZAL) aviadaşıyıcısının saytından Bakıdan Naxçıvana, aprelin 3-də isə geriyə uçuş istiqamətində reyslərə onlayn bilet alıb. Mövcud epidemioloji vəziyyətlə əlaqədar uçuşlar dayandırıldığına görə ailə Naxçıvana qayıda bilməyib.

Bugünlərdə "AZAL”-ın vitse-prezidenti Eldar Hacıyevin Naxçıvana uçuşların bərpa olunması ilə bağlı süjetinə baxan Viləddin Hüseynovun biletini dəyişdirmək istəyi mümkün olmayıb:

"Çıxışa baxdım, növbəti gün səhər saat 6-da artıq kassada növbə gözləyirdim. Növbəm çatanda mənə dedilər ki, bu istiqamətdə biletlər qurtarıb. Mən bir neçə ay öncə bilet almışam. Biletimi dəyişdirməli idilər. Bu, necə olur, biletlər bir gecəyə necə bitə bilər? Belə olmaz axı, küçələrdə qalmışam. Bu nə hoqqadır, başım çıxmır. Əvvəldən bilet almayanlar Naxçıvana uçur, biz isə ortalıqda qalmışıq. Belə qayda-qanun olar? Belə iş harada görülüb? Hansı dəftərdə, hansı kitabda yazılıb? Kimin adamı, pulu var geri qayıda bilib. Adamı olmayanlar da bizim kimi ayaq altında qalıb. Kimdən kömək istəyirik, cavabında deyir ki, ya gərək, adamın ola, ya pulun, ya da ki, gözləyəsən, nə vaxt imkan olar onda da gedərsən. İşimi də bağlayıblar, dolanışıq yoxdur. Xalqımız pis gündə, acınacaqlı vəziyyətdə yaşayır”.

"Xarici İşlər Nazirliyinin Naxçıvandakı İdarəsinə müraciət etdik. Köməklik gözləyirik, görək bizə nə vaxt bilet verəcəklər”, - şikayətçi deyir:

Villədin Hüseynov
Mənbə: Meydan TV

"Deyiblər ki, biletlə bağlı dəqiq vaxt bilinmir. Bizdən xəbər gözləyin. Üç günə də çağıra bilərik, on günə də. Sonra bizi testdən keçirəcəklər. Koronavirusa yoluxub-yoluxmadığımızı yoxlayandan sonra bilet veriləcək. Biz bu hökumətdən məmnun deyilik. Aylardır evimizə-eşiyimizə qayıda bilmirik. Neyləyək, şikayətimizi kimə deyək? Gedib, Prezidentə müraciət edək? Prezidenti aldadırlar. Onun yan-yörəsində oturanların hamısı rüşvətxor, saxtakarlardır”.

"AZAL”-ın mətbuat katibi Paşa Kəsəmənski vətəndaşa qurumun Çağrı Mərkəzinə müraciət etməyi tövsiyə edib: "Həmin şəxs çağrı mərkəzinə yazsın, biletini də əlavə etsin. Onun həqiqətən biletinin olması araşdırılsın və vətəndaşa yardım edilsin”.

"AZAL”-ın rəsmi saytında bildirilir ki, 2020-ci il iyunun 18-dən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə müntəzəm daxili reysləri bərpa edilib. Pandemiya ilə əlaqədar, hazırkı şərtlərə əsasən reyslərə yalnız Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyində qeydiyyatdan keçən sərnişinlər buraxılacaq.

Uçuşa Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirus müayinəsindən keçən və nəticəsi mənfi çıxan sərnişinlər buraxılır. Müayinə uçuşdan ən gec 48 saat əvvəl aparılmalıdır. Naxçıvana və ya oradan Bakıya gələn sərnişinlərin COVİD-19 test müayinəsi ödənişsizdir.

Reyslər həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamı günləridir.