“Şərurlu İsfəndiyar”ın məhkəmə işi: “O pula 2 “Lamborgini”, 2 “Ferrari” aldı...”

“Şərurlu İsfəndiyar”ın məhkəmə işi: “O pula 2 “Lamborgini”, 2 “Ferrari” aldı...”

24-03-2021 02:04 / Bu xəbər 1853 dəfə oxundu

"Nadir İsmayılov savadsızlığımdan istifadə edərək məni aldatdı”

Çoxmərtəbəli binaların inşasıyla məşğul olan iş adamı, "Şərur” Mənzil-Tikinti Kooperativinin rəhbəri İsfəndiyar Axundov deyir ki, 2012-ci ildə "Zaminbank”dan götürdüyü 10 milyon manata görə indi məhkəməyə gedib-gəlməli olur. 

O, iddia edir ki, götürdüyü krediti artıqlamasıyla qaytarıb, lakin yenə də milyonlarla dəyəri olan əmlaklarını girovdan çıxara bilmir. Həmin əmlakların arasında Bakıdakı məşhur "Flaminqo” restoranı da var. 

İş adamının sözlərinə görə, Mərkəzi Bank hazırda ondan 11 milyon 800 min ödəniş tələb edir. O, başına gələnlərə görə "Zaminbank”ın Müşahidə Şurasının sədri olmuş Nadir İsmayılovu ittiham edir.

Nadir İsmayılov 9 aydır ki, həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 178 (dələduzluq), 179 (mənimsəmə və ya israfetmə) və başqa maddələrilə ittiham irəli sürülüb. Onun işi üzrə zərərçəkmişlərdən biri də "Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovdur.

İsfəndiyar Axundov məhkəmədə dindirilərkən bildirib ki, Nadir İsmayılov onun savadsızlığından istifadə edərək, aldadıb. Bank rəhbəri ilə əvvəllər yaxşı münasibətlərinin olduğunu deyən iş adamının sözlərinə görə, Nadir İsmayılovun onu aldatmasını bağışlaya bilmir.

"Şərur”un rəhbəri iddia edir ki, 2012-ci ildə "Zaminbank”da onun adına ayrılmış 10 milyonluq kreditin yarısını götürüb, 5 milyonu isə bankda qalıb. Bu 10 milyonluq kreditə görə "Flaminqo”dan başqa metronun "Gənclik” stansiyasının yaxınlığında yerləşən imarətini və başqa əmlaklarını da girov qoyub. 

Mülklərini girovdan azad etmək üçün bankdan götürmədiyi 5 milyonu da ödədiyini deyən iş adamının sözlərinə görə, sonradan öyrənib ki, əmlakları Mərkəzi Banka girov qoyulub, amma onun verdiyi 10 milyondan artıq vəsait ora ödənilməyib. Ona görə indi Mərkəzi Bank əmlaklara görə ondan 11 milyon 800 mini tələb edir.

İsfəndiyar Axundov "Zaminbank”dan kredit götürməsinin səbəbini də məhkəmədə izah edib. O bildirib ki, həmin ərəfədə bir çox tikinti şirkəti vətəndaşları aldadırdı, bu üzdən çoxlu şikayətlər vardı, insanlarda inamsızlıq yaranmışdı. Dövlətin yüksək vəzifəli məmurları – Baş prokuror, fövqəladə hallar naziri, Bakı şəhər İcra Hakimiyyətinin başçısı, daxili işlər naziri birlikdə onu qəbul edərək, sözügedən vətəndaşların narazılıqlarının aradan qalxması üçün onların uyğun şərtlərlə mənzillə təmin olunmasını istəyiblər. Əvəzində isə müəyyən güzəştlər vəd ediblər. 

İşadamı deyir ki, həmin vaxtda dövlətin yanında olmaq qərarı verib və ondan istənilən işi həyata keçirmək üçün "Zaminbank”dan kredit götürmək üçün müraciət edib: "Əks halda. Gərginlik yarana bilərdi, müxalifət narazılıqlardan istifadə edib, o adamları öz tərəfinə çəkərdi. Mən də razılaşdım, çünki bu dövlətin əsgəriyəm. Mərkəzi Bankda mənə dedilər ki, aldadılmısan. Dövlətə kömək etmək istədiyim halda, özüm bataqlığa düşdüm”.

Nadir İsmayılov isə ünvanına səslənən ittihamlarla razılaşmır. O, təqsirsiz olduğu halda, 9 aydır həbsdə saxlandığını deyir. 

Keçmiş bank rəhbərinin sözlərinə görə, İsfəndiyar Axundov da bir çox həqiqətləri danışmır: "O vaxt mənə dedi ki, 75 min kvadrat evlərini, 16 mərtəbəli binasını, Tbilisi prospektindəki obyektini əlindən alıblar. Özü bilir ki, kimlər ona nələr eləyirdi. Gördüm ki, vəziyyəti pisdir, ona kömək üçün kredit ayırmağı təklif elədim. İstəyirdim ki, işlərini yoluna qoysun. Düz deyir, əvvəl 5 milyonu götürməmişdi. Onun faizini mən ödəyirdim. Amma sonradan o pulu özü hissə-hissə götürdü. İkinci 5 milyona 2 dənə "Lamborgini”, 2 dənə "Ferrari” aldılar. 300 min də qudası Məhərrəmə verdi. Birinci həyat yoldaşından olan oğlu üçün Türkiyəyə pul göndərdi. Danışır, amma hamısını demir...”

Nadir İsmayılov əlavə edib ki, kredit müqaviləsi üç tərəf - "Zaminbank”, İsfəndiyar Axundov və Mərkəzi Bank arasında imzalanıb. Ona görə də əmlaklar Mərkəzi Bankın girovluğundadır. O vurğulayıb ki, İsfəndiyar Axundovun 5 milyon manat borcu qalıb və bununla problem həll oluna bilər.

Bakı Ağır Cinayətlər Məhkəməsində bu işlə bağlı məhkəmə prosesi davam edir.

"Zaminbank” ASC-nin lisenziyası 2016-cı ildə ləğv olunub, bank müflis edlan edilib.

O zaman Nadir İsmayılov baş verənlərə görə keçmiş MTN rəhbərliyini ittiham edirdi. O bildirirdi ki, keçmiş nazir Eldar Mahmudovun təzyiqi nəticəsində bir sıra kreditlər ayırıblar, həmin vəsaitlər qaytarılmayıb. Mahmudov onun özünü də bir sutka MTN-də saxlatdıraraq, böyük vəsait tələb edib. Daha sonra nazirə yaxın tikinti şirkətinə kredit ayırmaq müqabilində azad edilib. Həmin kredit də qaytarılmayıb.///Meydan TV