“Şərurlu İsfəndiyar”məhkəmədə dindirildi

“Şərurlu İsfəndiyar”məhkəmədə dindirildi

13-12-2019 17:39 / Bu xəbər 941 dəfə oxundu

"Eyni mənzillər bir neçə nəfərə satılıb”

Azərbaycanda 72 nəfəri mənzil satışı adıyla aldatmaqda təqsirləndirilən Türkiyə vətəndaşı Hikmet Yiğitdöl məhkəmə qarşısına çıxarılıb. 

O, "Home Paş Prestij” Mənzil-Tikinti Kooperativinin rəhbəri olan H.Yiğitdöl eyni mənzillərin bir neçə nəfərə satılması, tikintisinə icazə verilməyən binadan mənzil satışı vədiylə pul alıb adamları aldatmaqda ittiham olunur.

Mənzil almaqdan ötrü pul verib aldadılan şəxslər aylardır ki, pullarının qaytarılmasını, yaxud da mənzillərinin təhvil verilməsini tələb edirlər.

H.Yiğitdöl inşa etdirdiyi mənzillərin bir neçəsini rəsmi sənədlərlə "Şərurlu İsfəndiyar” kimi tanınan işadamı İsfəndiyar Axundova verib. Bunun qarşılığında isə türkiyəli iş adamı ilə biznes əlaqəsi qurulub.

Türkiyəli işadamı çətin vəziyyətə düşməsində İ.Axundovun da rolu olduğunu bildirir. Lakin "Şərurlu İsfəndiyar” ünvanına səslənən ittihamları qəbul etmir.

"Mən 16 yaşımdan bənnalıq eləmişəm. Bu günə qədər öz zəhmətimlə gəlmişəm. Bir binanı tikib təhvil verə bilməmisən, amma məni ittiham edirsən. Mən Bakıda 77 bina tikmişəm. Bunu məndən başqa heç kim etməyib. Mən təmiz, düz işlədiyim üçün bura qədər gəlib çıxmışam", - deyə İ.Axundov bildirib.

Zərərçəkmiş Araz Vəlizadə məhkəmədə bildirib ki, 2014-cü ildə H.Yiğitdölün şirkətinin tikdiyi binadan ev almaq istəyib. O zaman öz evini 115 min dollara satıb, 110 minini yeni mənzil üçün verib:

"Dedikləri vaxt bitdi, amma evi təhvil vermədilər, bizi get-gələ saldılar. Öyrəndim ki, eyni evi bir neçə nəfərə satıblar. Sonra da bizə mövcud olmayan bir binadan ev verəcəklərini dedilər. Həmin binanı 16-cı mərtəbədən yuxarı tikməyə icazə verməyiblər. Bunlar isə camaata 21-ci mərtəbədən ev satıblar”.

H.Yiğitdöl isə zərərçəkənlərə də pul verməyəcəyini deyir. O bildirib ki, pulları mənimsəyən, vətəndaşları aldadan o yox, keçmiş şəriki Qabil Əliyev olub. Onun sözlərinə görə, "Home Paş Prestij” MTK binanın iki blokunun tikintisini bitirəndən sonra 2013-cü ildə Q.Əliyevlə tanış olublar:

"Onunla bərabər 3-cü blokun tikintisinə başladıq. Aramızda müqavilə bağladıq ki, tikintidən 20 faiz ona pay verməklə, tikinti işlərini Qabil aparsın, lazımi maliyyəni ayırsın. Amma o, mənim Azərbaycanda olmamağımdan istifadə edib, ikinci möhür düzəltdirib”.

H.Yiğitdölün sözlərinə görə, Q.Əliyev təsisçilərin razılığı, təsis protokolu olmadan Bakı Şəhər İcra Hakimiyyətinə məktub yazıb, onun adından saxta imza ataraq 0.73 hektar torpaq sahəsini özünə məxsus "İnter” MMC-nin adına keçirib. Meriyadan 23 oktyabr 2015-ci ildə sərəncam alandan sonra tikintini "İnter” MMC-nin adından aparmağa başlayıb. Sonra vətəndaşlara yaşayış və qeyri-yaşayış sahəsi satıb:

"Mən bunu öyrənəndən sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdim. Həmin sərəncam məhkəmənin qərarıyla etibarsız sayıldı. Qabil Əliyev məni də aldadaraq xeyli ziyan vurub. O, indi də bina tikir. Evləri təhvil versin”.///Meydan.tv