"Səs"in qardaşı niyə həbs olunub?

04-04-2021 01:34 / Bu xəbər 3029 dəfə oxundu

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin ittiham olunduğu maddələr açıqlanıb. 

Bu barədə R.Quliyevin qardaşı, "Səs” qəzetini baş redaktoru Bəhruz Quliyev məlumat verib.

O bildirib ki, qardaşı korrupsiya əməllərinə görə saxlanılmayıb: "Dünən məsələ qaldırdılar ki, Rasim Quliyevin işlədiyi dövrdə sənədləşmə düzgün aparılmayıb. Cinayət Məcəlləsinin 314-2.3 və 308.2 maddələrilə ittiham edilib. O, sənədləşmə işlərinin düzgün aparılmamasında günahlandırılır. Ümumilikdə bu maddələr korrupsiya və rüşvətxorluqla əlaqəli deyil, sənədləşmə işləridir”. 

B.Quliyev qərarla razılaşmadıqlarını deyib: "Qardaşım ittihamları qəbul etmir. Biz apellyasiya şikayəti verəcəyik. Nəzərinizə çatdırım ki, Rasim Quliyev 1988-ci ildən tələbə hərəkatının liderlərindən olub. 1992-ci ildə AXC-Müsavat dövründə qatı Heydər Əliyevçi kimi həbs olunub. 2001-ci ildə Bakı Şəhər İcra Hakimiyyətində Ərazi İdarəetmə Orqanları ilə iş şöbəsinin müdiri, 2012-ci ildən BŞİH-nin Aparat rəhbəri olub. 2018-ci ildə isə rəhbərlik dəyişikliyindən sonra şəxsi istəyilə işdən ayrılıb. Digər tərəfdən, Rasim hazırda "Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəridir. Vəzifədən ayrıldıqdan sonra dövlətə, dövlətçiliyə xidmət edir”.///modern.az

Aprelin 3-də Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri Rasim Quliyev həbs edilib.

Unikal.org-un yaydığı məlumata görə, R.Quliyev Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən  yol verdiyi korrupsiya əməllərinə görə saxlanılıb.

Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. "O, 2018-ci ildə bu vəzifəni tutub və Hacıbala Abutalıbovun bütün "qara işlərini" həyata keçirən şəxs olub", - sayt yazır.