Səsvermə bitdi, bülletenlərin sayılmasına başlanılıb

Səsvermə bitdi, bülletenlərin sayılmasına başlanılıb

07-02-2024 19:21 / Bu xəbər 889 dəfə oxundu

Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərində səsvermə prosesi başa çatıb.

Məlumatı Mərkəzi Seçki Komissiyası yayıb.

Bildirilir ki, artıq bütün seçki məntəqələri bağlanıb və bülletenlərin sayılmasına başlanılıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) saat 17:00-da bildirib ki, 4 milyon 590 min 75 nəfər səs verib və seçici fəallığı 70,85 faiz olub.

MSK sədri Məzahir Pənahov saat 21:00-da ilkin nəticələrin elan ediləcəyini söyləyib.

Seçkilərə yekun vurulduqdan sonra protokollar hazırlanacaq və nəticələri Konstitusiya Məhkəməsinə göndəriləcək.

Seçki 125 seçki dairəsinin 6 319 seçki məntəqəsində keçirilib.

Onlardan 26-sı işğaldan azad edilən ərazilərdədir.

Səsvermənin gedişi 1000 seçki məntəqəsində quraşdırılmış veb-kameralar vasitəsilə MSK-nın rəsmi internet səhifəsində canlı yayımlanıb.

Seçki prosesini 72 beynəlxalq təşkilat və 89 ölkəni təmsil edən 790 beynəlxalq müşahidəçinin izlədiyi vurğulanır.

MSK bildirib ki, seçkiləri 109 beynəlxalq media qurumunun 216 təmsilçisi işıqlandırıb.

Budəfəki seçki Azərbaycanın bütün ərazilərində keçirilib.

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev iştirak edib.