Sevgi və inam... (HEKAYƏ)

Sevgi və inam... (HEKAYƏ)

19-12-2016 04:32 / Bu xəbər 4534 dəfə oxundu

Balaşirin Ağamirzəoğlu 
(Hekayə)

Vurğun evin ən kiçiyi idi, cəmi 6 yaşı vardı. 

Atası  Zahid kişi el-obada halal zəhməti ilə dolanan tanınmış bənna  idi. Gözünün  ağı-qarası bircə oğlunu – Vurğunu və iki qızını - Səlimə  və Səlmiyyəni  arxa-dayaq  sayırdı. Hər dəfə evdən  çıxanda  yatağında mışıl-mışıl yatan  Vurğunu gizlicə öpüb doyunca  nəzərdən  keçirər, sonra yola  düşərdi. Ayaqqabılarını  geyinib  fəhlə  çantasını   əlinə alanda  həyat yoldaşını və qızlarını  çağırıb:  

- Vurğuna  yaxşı  baxın, -  deyərdi.

Zahid kişi fiziki cəhətdən də çox sağlam idi. Daş yonmaqdan, dağ havası  udmaqdan bədəni daş kimi  möhkəmlənmişdi. O həm də yurda bağlı adam idi. İstəyirdi ki, oğlu da böyüyüb el-obaya layiqli, faydalı bir insan olsun. 

Hər  dəfə evə qayıdanda  fəhlə  paltarını  soyunmamış Vurğunu qapıya çağırar, onunla əsil kişi kimi görüşər, çiyninə  vurub: "İgid  böyü, mərd ol”, - deyərdi.

...Bir gün Zahid kişi işdən evə qayıdanda həyətdə vahiməli bir sükutla qarşılaşdı. Elə bil bu evdə kimsə yaşamırdı, hər kəs köçüb getmişdi. Həyətə girəndə həyətdə  həmişəki  ab-havanı  görməyən və səs-küyü  eşitməyəndə hal-əhvalı dəyişdi: 

"Vurğun, Vurğun”, - deyə  çağırdı. 

Səsinə  nə Vurğun, nə  həmişə Vurğunun  sağ-solunda  duran  Səlimə və Səlmiyyə , nə də  həyat  yoldaşı  Gülzar səs verdi. Tələsik çiynindəki  baltanı və digər  alətləri  olan ağır çantanı  yerə  atıb  çox təmiz, səliqəli, iki  otaqdan ibarət kasıb  evin  eyvanina qalxdı. İcəridən  televizorun səsi  gəlirdi. Televizor  köhnə olduğundan səsi  xırıltılı  eşidilirdi.  Zahid kişi  içəri  girib hamının diqqətlə  xəbərlərə  baxdığını  gördu.

O, gözlərinə inanmadı; cəbhədə  ağır döyüşlər  gedirdi, Xocalı  şəhəri  darmadağın  edilmiş, günahsız insanlara  divan tutulmuşdu. Qar üzərində qoca və körpələrin cəsədləri qalmışdı. Bu dəhşətli mənzərəni seyr edən Gülzarın, Səlimə  və Səlmiyyənin  göz yaşları  ara  vermirdi. Balaca Vurğun da onlara  baxıb ağlayırdı. Zahid kişi özü də kövrəlmişdi. Amma bunu büruzə vermir, uşaqlarına  təsəlli  verməyə  çalışırdı. Onun  daş  kimi  bədənini  tər-su  basmışdı. Yenə də  əvvəlkitək Vurğunu  bağrına  basıb: ”Kişi ol”, -  dedi. 
Bu anda  Vurğun atasının  boynuna   sarılıb: ”Ata, mən əsgər olmaq istəyirəm. Onların  avtomatı var. Mənim də  avtomatım  olacaq, ata mənə də avtomat al, mən də  düşmənləri  vurum”, - deyə hönkürdü. 

Özünü  ailəsinin  yanında  dözümlü aparmağa çalışan Zahid bu sözlərdən necə sarsıldısa,  özüdən  asılı  olmadan  göz yaşları  oğlunun alnına  töküldü.
- Oğlum,  hər  şeyin vaxtı var. Vaxt olacaq  sənin də  avtomatın  olacaq. Ancaq  mən  istəmirəm ki, sənin  avtomatın olsun, kimisə  özünə  düşmən sayıb  güllələyəsən. Mən   istəyirəm, savadın olsun. Özünü bu amansız  düşmənlərə   savadınla  sübüt  edəsən, - Zahid kişi dedi.

Bu anda  Ali  Baş Komandanın  ölkədə  matəm  gününün elan olunması ilə bağlı  sərəncamı oxundu. Ailə  bir  anlığa  sükuta  qərq  oldu.

Gülzar  oğlunun  başını sığallayıb dedi: 

- Oğlum, xalqımız bu qanı  yerdə  qoymayacaq. Son damla  qanını  verəcək, ancaq bu  şəhidlərin  qanı  yerdə  qalmayacaq.
İllər keçdi, Zahid kişi  həmişə  olduğu kimi öz  həyat  tərzini davam  edir, ailə-uşaqlarına  baxır, yalnız və yalnız  bir  arzu və amalla  yaşayır ki,  Vurğunun  toyunu  görsun,  o ali  təhsil  alsın, qızları  xoşbəxt  olsunlar.

Vurğun artıq 10-cu sinifdə oxuyurdu. Dərslərinə  çox yaxşı  hazırlaşır, vaxtının  çoxunu tarix və coğrafiya dərslərinə sərf edirdi. Bir dəfə  müəllim ondan soruşdu:
-  Vurğun, niyə  daha  çox tarix və  coğrafiyaya  fənlərinə  meyl  göstərirsən?
- Müəllim, düşmənə qalib gəlmək  üçün  iti qılıncım olmalıdır. 

Buraxılış  və  ali  məktəbə qəbul  imtahanlarından uğurla  keçən  Vurğun  tələbə  adını  qazandı. O artıq tələbədir. Universitetin tarix fakültəsində oxuyur. 
Cəbhədə atəşkəs elan olunmasına baxmayaraq, "saman altından su  yeridən”  düşmənlərimiz  torpaqlarımızdan əl  çəkmirdi. Tez-tez atəşkəsi pozur, kəndlərimizi atəşə tuturdular. Bu atışmalar zamanı xalqımız şəhidlər verir, ana və gəlinlərimizin qəlbinə çalın-çarpaz  dağ çəkirdilər. 

Vurğun bütün bunlara dözmur, tələbə  gəncləri  başına  toplayıb, təbliğat aparır, planlar cızır, universitetin müəllim və professor  heyətilə  görüşür, məsləhətlər alırdı. Amma hər dəfə eyni  cavabı  alırdı: hər şeyin vaxtı var. Axı  o, hələ 5 yaşında ikən  atası  Zahid  kişidən bu cavabı almışdı.

Zahid  kişinin  isə  öz  arzuları   vardı;  oğlu Universiteti  bitirəcək, ona  sevdiyi  bir  qızı  alacaq, nəvəsi olacaq, nəvəsi  ilə  gəzintiyə  çıxacaq  və s.

Zahid bir gün işdən  evə  qayıdanda  Gülzarı çox şən  gördu. Kefi açılan  Zahid  heç nə  soruşmadan içəri keçdi, paltarını dəyişdi. Səlimə ilə Səlmiyyənin üzündən təbəssüm yağırdı...

Vaxtilə qaynatası tərəfindən onlara cehiz olaraq  verilən əldə toxunan kilim  bu  kasıb ailənin qonaq otağı kimi  saydığı otaqda yerə sərilmişdi. Kilim balaca  olduğundan otağın döşəməsini tam örtməmişdi. Meşə ağaclarından  çəkilmiş döşəmə taxtaları  xeyli  aralanmışdı. Açıq qalmış yer isə  kisə materialından  tikilmiş bir örtüklə örtülmüşdü. Hiss  basmış tavan elə  yuyulmuşdu ki, sanki təmizlənmiş taxtalara qara  rənglə  naxış salınmışdı. Həyətdə heyva  ağaçının altında Zahid kişinin həmişə  oturduğu yerdə samavar pıkhapıkla  qaynayırdı. 

Ömründə birinci dəfə belə  hazırlığı və ailə  sevincini  görən Zahid həyətdəki  kötüyün  üstündə  oturub Gülzarı yanına çağırdı: 
- Yaxın gəl görək. Nə olub? 

Gülzar gülümsündü və içindəki hissləri  boğa bilmədiyindən  dərhal  söhbətə başladı:
- Ay kişi, bilirsən, bu gün Səlimə üçün  elçi gəlir.
- Arvad,  de  görək kimdir,  kimlərdəndir, qızı hardan tanıyır?
- Qonşumuz  Səttar  kişinin  baldızı  nəvəsidir. Bakıda olur. Yaxşı ev-eşikləri var, imkanlı  ailədəndirlər. Deyirəm,  nə yaxşı  oldu ,  biz də  gedib Bakını  görərik. Bu anda  Gülzar  qızarmış  üzünü əli ilə  örtdü   və gülümsədi.

-  Gülzar, qonşu nə əcəb bizim qıza  elçi düşüb? Şəhərdə  qızmı azdır?
- Zahid, biz indiyə qədər kimin  toyuğuna  kiş demişik. Qızlarım da ki  ay  parçasıdır. Həm də onlar bilirlər ki,  oğlumuz sabah ali  təhsil  alıb prokuror ola bilər. Ona  görə də  qızımıza elçi  düşüblər.

Bu anda  Gülzar  xanımın  diqqəti  uzaqdan gələn  xarici  maşına  yönəldi. Maşın yavaşca içəri  girdi. Zahid kişi  qonaqlarla bir-bir  görüşüb evə dəvət etdi. Maşından düşən  və  saçı yenicə  ağarmağa  başlayan, üzündən nur yağan  qonaq ayaq saxladı. 

O bir daha  Zahidi başdan ayağa  süzdü və qəfil  qucaqladı:
-  Sən Zahid Əmənov deyilsən?
 - Bəli, mənəm.

Qonaq onu bir daha  qucaqlayıb öpdü:
- Sən mənim əsgərlik  yoldaşım Zahid Əmənovsan.

Zahid kişi  yerində  donub qaldı. Bu səs ona  çox doğma  və  və yaxın idi. Yadına  sala bilmirdi ki, bu səs  kimin səsidir? Birdən diksindi: bu səs  Yaqubun səsi idi.
- Mənəm Zahid , Yaqub, Lelinqradda  hərbi  xidmətdə olan Yaqub.

Onlar, "Zahid , Yaqub”, - deyə  bir daha  qucaqlaşdılar. 

***

Yeni  qohumlar arasındakı  söhbət   uğurlu  nəticələndi.

Səliməyə  nişan, sonra isə  toy  elədilər. Toyda  ən çox  oynayan isə Səlmiyyə və Vurğun idi. Vurğun da toyda bir qızla  vuruldu. Qız  qonşu kənddən  gəlmişdi. Məlum oldu ki, kəndə qonaq gəliblər, özləri isə şəhərdə  yaşayırlar. 

Təbiətin  ən gözəl  və füsunkar  bir  yerində olan bu  toyun səsi dağ  ətəyindəki zümrüd meşələrə  yayılaraq əks-səda verirdi. Toyda  oxuyan orta yaşlı  xanəndənin zümzüməsi  məclisə  xüsusi yaraşıq verirdi. Heç ömründə  oynamağı xoşlamayan hər kəs burada,  bu  məclisdə qol-qanad  açıb oynamaq istəyirdi. Gənc qız və oğlanlar rəqsləri, ahıl və ağsaqqallar isə xeyir-duaları  qonaqlara xoş ovqat  bəxş edirdilər. 

Kənddə böyüyüb  tərbiyə  alan, lakin gözəl boy buxunu, xüsusi  davranışı ilə  fərqlənən  Vurğun məclisdə daha çox  gözə  çarpır və onun   qabağında naz qəmzə ilə  süzən qızların diqqətini  cəlb edirdi. Donu  topuğuna qədər   uzanan,  nisbətən sarışın,  qaraqaşlı qız  Vurğuna sanki gəl-gəl  deyir, onu  rəqsə dəvət  edirdi. Vurğun isə  çox utancaqdı. Cürət  edib ona  yaxınlaşa bilmirdi. Amma bir-birinə  qeyri-ixtiyarı  sataşıb aşiq olan gözlərdə məna çox dərin idi. Toy sona çatmaq üzrə idi, artıq  qonaqlar dağılışır, amma  özlərindən xəbərsiz aşiqlər az qala Allaha yalvarırdılar ki, vaxtı saxlasın, məclis davam etsin...

***

...Nəhayət, ”Vağzalı”  çalındı. Artıq gəlin toyxanadan  musiqi  sədası  ilə  evə  yola  salınırdı. İndi hamının, xüsusən də cavanların diqqəti gəlində idi. Çünki hamı onun kimi  "Vağzalı” havası ilə  toyxanadan,  evindən  ayrılmaq  istəyir. Əslində, "Vağzalı”  sözünün  mənası elə  "ayrılıq"  deməkdir. Bu ayrılıq isə  xoşməramlıdır, ata evindən yeni evə, yeni ocağa  getmək, yol  ayrıcıdır...

Vurğun  bacısının  qolundan  yapışıb ağır addımlarla irəliləyirdi. İrəlilədikcə fikri bacısının   sağı ilə  qəmli-qəmli nəzərlərlə gəlin qıza  həsrətlə  baxan uzundonlu, adını  bilmədiyi   gözəl  xanımda idi. 

Bəli, toy  sona  çatdı, hamı evinə  dağılışdı. Vurğun axırıncı  qonağı da yola  salıb evə qayıtdı. Artıq  yatmaq  vaxtı idi deyə  yerinə uzandı, amma gözünə yuxu  getmədi. İndi onu  bu suallar  düşündürürdü: Görəsən,  o qız kim idi? Adı nə idi? O, məni  sevə  bilərmi? Axı o, imkanlı bir  ailədən olana  oxşayırdı. Onun  oturduğu  maşın atasının  idimi? Yox, yox  mən onların tayı deyiləm. Mən bənna  Zahidin oğluyam. Onlar Bakıda, şəhərdə  yaşayanlardır. Nə atam, nə anam  bir  dəfə də olsun  Bakını  görüblər. O, mənim  hansı  günümə  aşiq  ola  bilər? Birdən o, saata  baxır. Artıq saat  5-dir.  

Vurğun  həyətə  düşdü. Həyətdəki odun  kötüklərinin  birinin  ustunun tozun silib oturmaq  istədi. Samavara  əl  vurdu. Soyumaq  üzrə idi. Samavarın  közünü  qarışdırdı. Çay  dəmləyib içdi. Toy qab-qacağı hələ də   yığışdırılmadığından hər şey  həyətdə idi. Bu anda  söyüd  ağacının lap  axırıncı  budağında ən  yüksək  yerdə  oturan  bir  quşun oxumağını eşitdi. Oxuyan bülbül idi. Dünən  cəh-cəh vuran  xanəndənin səsi bu  gun  bülbülün səsi ilə  əvəz  olunmuşdu. Onların  oxumağında isə bir  fərq var idi. Xanəndənin  ətrafı çox  geniş  idi. İnsanların dost-tanışı, qohum-əqrəbanı  yığmışdı  başına .Bülbülsə  tənha  idi. Səsi  isə çox məlahətli idi. Sanki zümzüməsi ilə  Vurğuna  deyirdi ki,  tənhalıq bir  şey  deyil. Mən tənha olduğum üçün ağacın başında  oturmuşam ki,  uzaqdan gələn düşməni  görüm, ayıq olum. Sənin ətrafınsa  genişdir, darıxma, hər şey  yaxşı olar. Dərin  fikrə  getmiş Vurğunu  anasının səsi  oyatdı:

- Nə tez durmusan, oğlum? Həyət-bacanı  yığışdırmaq  üçünmü, - deyə sevincinin həddi –hüdudu olmayan Gülzar  oğluna yaxınlaşıb  onu  qucaqladı.
- Bəli,  ana, həyətdə qarışıqlıqdır. Düşündüm ki, vaxtında qaydasına salmaq lazımdır. Bu gün  mən  Səlimə üçün  nə iş  görürəmsə , sabah da o, mənim  üçün görər.
İçəridən, - qardaşımın toyunda  bax belə  suzərəm, - deyib oynaya-oynaya çıxan Səlimə və Səlmiyyə  Vurğunu qucaqlayıb öpdülər...

Vurğun hələ də  fikirdən  ayıla  bilmirdi. O, Səliməni  kənara  çəkib vurulduğu  qız  barədə bəzi şeylər öyrəndi. Adı Nigar idi. Özü də Tibb Universitetini bitirmişdi. Vurğun Səlimədən onu Nigarla görüşdürməyini xahiş etdi. Elə həmin gün də görüşdülər. İlk görüşləri beləcə baş tutdu. Əlində, bu görüş Nigarın da ürəyincə idi. O da axşam səhərə qədər yata bilməmişdi... 

***

Artıq Vurğun universiteti bitirmişdi, ali təhsilli idi. Nişanlanıb hərbi  xidmətə  getmək istəyirdi. Ürəyindəki  sirləri  bacısı  Səlmiyyəyə  danışdı. Valideynlərini Nigara elçi getmək üçün razı sala bildi. Tez Nigara zəng elədi. Nigar da etiraz etmədi. Amma Vurğun o evə, o həyətə  getməyə  çəkinirdi. Çunki  bir neçə  dəfə  Nigarla görüşə  getmişdi. Bilirdi ki, bu  cür var-dövləti olan bir ailə onları  bəyənməyəcək. Çox götür-qoydan sonra  baqcısı  Səlmiyyəni  və  ata-anasını götürüb  qızmar bir yay günü Bakıya  yola  düşdülər. Bakıda onları Vurğunun dayısı Səməd kişi qarşıladı. Birbaşa Nigargilə getdilər. Həyətə girəndə  isə Nigarı  görə bilmədilər. Onları Nigarın anası Sərfinaz  xanım  qarşıladı. Nigarın atası  Məmmədağa kişi isə çox zəhmli və əsəbi  görünürdü. Nazirlikdə böyük vəzifə  tuturdu. Sufrəyə  çay  gətirdilər. Vurğunun  dayısı  Səməd kişi gəlişlərinin  səbəbini  açıqladı. Stolun bir tərəfində  kunc tərəfdə  oturan Vurğunun  rəngi  qaçmışdı. Ağıllı, düşüncəli, savadlı  və  böyük  dünyagörüşlü bu  gəncin  keçirtdiyi bütün istirab və əziyyətlər üzündən oxunurdu. Məsələnin onsuz da  belə  olacağını qabaqcadan  fikirləşmişdi.

Səməd kişi  ortadakı  sükutu  qaldırması  üçün  söhbətə  başladı:

- Məmmədağa  müəllim, bilirik ki, bu,  çox  çətin məsələdir, amma  belə  bir  deyim  var: "Xeyri Allah  verir”. Oğlumuz  qızınıza  vurulub, onlar  bir-birini sevirlər. Biz  qızınıza  elçi  gəlmişik.

Məmmədağa  kişi  elə  bil  yuxudan ayıldı:
- Sən nə danışırsan, mənim qızım elə olub ki,  mənim xəbərim olmadan kimisə  sevir? Yox, bu  mümkün deyil. Sizə  verəsi  qızım  yoxdur. Üzbəüz  otağın aralı  qalmış  qapısından görünən Nigar isə hönkür-hönkür  ağlıyırdı. O, atasının necə davranacağını əvvlcədən bilirdi. Ona görə Vurğuna  mesaj  yazdı: "Darıxma Vurğun, darıxma,  hər  şey  yaxşı  olar”.

Səməd  kişi Məmmədağa  müəllimin cavabından   bir  o qədər  narazı  qalmasa da, davranış  və  baxışından çox əsəbləşdi.Əsəblərini  boğdu və üzünü  ona tutub dedi: 
- Məmmədağa  müəllim, insan maddi  cəhətdən  kasıb ola  bilər, bu,  təbiidir. İnsan  mənəvi  cəhətdən  kasıb olmamalıdır. 

Səməd bunu deyib ayağa durdu. Vurğungil də ayağa qalxdılar. Məmmədağa onları qapıya qədər belə ötürmədi. Elçilər kor-peşman həyəti tərk etdilər.
Kəndə qayıdan kimi Vurğun  hərbi  xidmətə hazırlaşdı. Artıq dost-tanış onu yola salmağa yığışmışdı. Yenə heyva   ağacının  altında  samavar  və  qazanlar  qaynayırdı. Vurğun isə arada kənara  çəkilib kiminləsə telefonla  danışır  və yenidən məclisə qayıdırdı.

Yola  düşəndə  atasının ona dediyi  bir  söz  yadına  düşdü: ”Mən istəmirəm ki, sənin  avtomatın olsun, kimisə  onunla  vurasan. Mən istəyirəm ki,  savadın, biliyin olsun. Ən kəsərli silah elmdir”.

Vaxtilə  deyilmiş, o sözlər Vurğunun gözü önündən kino lenti kimi gəlib keçdi. Atasını qucaqlayıb: "Ata, darıxma, biliyim var, iki gündən sonra  isə  avtomatım, tankım-topum  da olar. Ata, yadındadırmı  hələ mən uşaq ikən erməni  dığalarının  xalqımızın başına gətirdiyi  oyunlar - Xocalıda  törədilmiş qırğınlar, Dağlıq Qarabağ və Qarabağ ətrafı  rayonlar? Bax həmin vaxtdan 23 il  ötüb. Mən bu  günü  gözləyirdim. Tezliklə  o  torpaqları geri alıb,  onların ayaq izlərini oradan  siləcəyik”, - deyib yola düşdü.

Vurğun "N” saylı  hərbi  hissənin artleriya bölüyündə xidmət edirdi. Qısa bir  vaxtda  davranış və savadı ilə  zabit və əsgər  heyətinin  hörmətini qazana bilmişdi. Hər dəfə  evdəkilərlə  əlaqə   saxlayanda mütləq idi ki, ordumuzun qüdrətindən danışsın. Amma Nigarı  da yaddan  çıxarmır, onunla maraqlanmağı tapşırırdı. Özü də fürsət tapan kimi Nigarla  danışar, təsəlli verərdi. Xahiş edərdi ki, Məmmədağa müəllimdən  razılıq alsın.

Məmmədağa  müəllimin də  bircə  qızı var idi. Çox  istəyirdi onu. Heç bir sözündən çıxmazdı. 
Bir gün Nigarı yanına  çağırıb son  günlərdə  qəmli  görünməsinin səbəbini  soruşdu. Nigar  təmkində  anasına  oxşuyurdu. Vaxtilə  anasının da sevdiyi oğlana  verilmədiyindən xəbərdar idi. Atası  məmur  oğlu  olduğundan  anasını  ona  babası  Səlim kişi  vermişdi. Ona  görə də  onlar  bir-biri  ilə  uzun  müddət  yola  getməmişdilər. Yaş  ötəndən sonra Sərfinaz  xanım  hər şey  artıq  gecdir deyə heç nəyə   əhəmiyyət  vermirdi.

Atasının  sualına  cavab  vermək  istəmədi. Ata  bir  daha  soruşdu:
- Qızım, sualıma niyə  cavab  vermirsən? Sənə nə olub  belə? 
Nigar   atasını  bir  daha təpədən  dırnaqacan  süzdü və  cavab  verdi
- Ata , desəm də  xeyri  olmayacaq. Bəlkə,  heç  deməyim?
Atası  onu  deməyə  məcbur  etdi. De, qızım de,  bir  də   məni  yoxla. Nigarın  qara  bəbəkləri  həyacanda par-par  parıldayır. Qəlbi Vurğunun eşqi ilə  çırpına-çırpına dedi: 
- Ata, guya  bilmirsən  niyə?
- Xeyir, qızım, bilmirəm.
- Ata,  məhəbbətin  nə olduğunu  bilirsən?

Məmmədağa  müəllim   heç  vaxt  eşitmədiyi və  könlündən  belə   keçirtmədiyi   bir  sözü  eşidəndə   təəccüblə  qızına  baxıb  soruşdu:
- Qızım bu nə  sualdır?
- Ata,  çünki sən  onu  yaşamamısan. Səninçun  vəzifə, var-dövlət  həmişə  önəmli  olub. Ona  görə  də  məni  başa  düşmədin.

Məmmədağa  müəllim  hər  şeyi  anladı. Bir  qədər  fikrə   gedəndən  sonra,  - Yox,  qızım yox,  onlar  bizim  tayımız deyil. Buna  görə  məndən  inciməyə  dəyməz. Axı  sən  mənim  ağıllı qızımsan, - deyib  evdən  çıxıb harasa  getdi. 

***

Bir gecə atəşkəs yenə də qəfil pozuldu. Düşmən növbəti təxribata əl atmışdı. Gecə başlanan qəfil hücum zamanı bir neçə əsgərimiz şəhid olmuşdu. Amma ordumuz xain düşmənə layiqli cavab verir, onun bütün atəş nöqtələrini darmadağın edirdi. Vurğunun xidmət  etdiyi  hərbi  hissə  lap  öndə idi. Onun olduğu artleriya bölüyü isə düşmənin bir neçə hərbi obyektini sıradan çıxarmışdı. Düşmən müqavimət göstərə-göstərə geri çəkilirdi. 

Vurğun  atəşin  kəsildiyi  qısa bir  vaxtdan  istifadə  edib komandirin telefonunu  alıb Nigara  zəng etməyi  xahiş  etdi:

- Darıxma, Nigar! Hər  şey  yaxşıdır,  özündən  müğayat ol, - deyib  telefonu  komandirə  verdi  və gözləri  doldu. 
- Sağ ol komandir, indi  daha  yaxşı  döyüşə  bilərəm, - dedi. 

Saçı  gicgahlardan  ağaran  orta  yaşlı  komandir  Vurğunu  bağrına  basıb  sakit  bir  səslə  soruşdu:
- Kiminlə danışdın, əsgər?

Utancaq  Vurğunun  soyuqdan qızarmış yanaqları  daha da  qızardı  və  başını  aşağı  salıb  dinmədi.

Komandir: 
- Narahat  olma  əsgər , hər  şey yaxşı  olar, amma gərək qızı narahat etməyəydin. 

Bu zaman  təqribən 25 metr  uzaqlıqda  düşən  mərmi  bir  neçə  əsgərin həyatına  son  qoydu. Komandir və  Vurğun  özlərini  yaralılara   çatdırdı. 3 ay  öncə  gələn Seymur  adlı  əsgərin  vəziyyəti  çox  ağır idi. Bir ayağını dizdən  aşağı itirmişdi. Onu  çəkib  həkimə  çatdırmaq  lazım idi. Düşmən  güllələri  yağış kimi  yağdırırdı. Komandir  10-15 dəqiqə  əvvəl  lap  öndə  vuruşmağa  söz  verən  Vurğun  özünü  səngərdən  Seymurun  üstünə  atdı. Səngərə  yarım metr  qalmış  vəhşi  düşmən  Vurğunun   qolundan  yaraladı. Lakin Seymurun  yarası  isti  olduğundan  ağrını  az  hiss  etdi  və  Seymuru  səngərə  çəkdi.

Vurğunun  yarası yüngül  olduğundan  bir  müddətdən  sonra  yenə  düşmənlə üz-üzə   durmağa  ön  xəttə  getdi. Yaralı  olan  anda belə  ata-anasına,  bacılarına  və Nigara  hər şey  yaxşıdır, nisbi  sakitçilikdir - deyərdi...

***
Nigar  Hərbi  Hospitala  yaxın  bir  özəl  klinikada  həkim  işləyirdi. Rəfiqəsi Hərbi  Hospitalda  işlədiyi  üçün  orada  yatan  əsgər  və  zabitlərin  vəziyyətindən  hali  idi. Gecə-gündüz  Vurğun  onun  gözlərinin  önündə  idi. Hərdən  Səlmiyyə  ona  zəng  edəndə  telefona  xəbər  gözləyən  kimi  həyacanlı  cavab  verərdi.  Atasının  "yox”  cavabı  da  onu  çox  narahat  edirdi. Amma  təsəlli  verirdi ki,  Vurğunun  gəlməyinə lap  az  qalıb,  cəmi 87, 86, 85... gün . Ay  sözünü  dilinə  gətirmirdi.  Çünki ay  sözü  ona  ağır  gəlirdi. İş  otağında  rəqəmləri  böyük  və  qırmızı  rəngləri  kəsib  divardakı   təqvimə  yapışdırırdı. Hər gün  isə  gələn kimi  təcili  olaraq  rəqəmləri dəyişirdi.

Zahid  kişi  və  Gülzar  isə   hər  gün   televizorun qabağında  oturub  son  xəbərlərə  qulaq  asır, mart  ayını  səbirsizliklə  gözləyirdilər. Axı  Vurğun aprel  ayının  2-də  hərbi  xidmətə  yola  salınmışdı.

Cəbhədə  isə  bir neçə gün idi ki, qızğın  döyüşlər  davam edirdi. Heç kəs artıq atəşkəsin bərpa olunacağını gözləmirdi. Düşmən də kəndləri bir-bir boşaldıb qaçırdı. Çoxsaylı texnikasını qoyub qaçan düşmən ordusu xeyli də insan itkisi vermişdi. 

Vurğun isə döyüşdə göstərdiyi rəşadətə görə artıq  bölük  komandirinin  müavini idi. 

***

Soyuq  yanvar  ayının  ilk  günləri idi. Düşmən iriçaplı  silahlarla  yenidən hücuma  keçərək, aldığı ağır zərbənin və məğlubiyyətin qisasını almaq, itirdiyi əraziləri geri almaq istəyirdi. Ordumuz  isə  1991-1992-ci  ilin  ordusu  deyil. Artıq düşmənə  ağır  zərbələr  endirirdi. 

Ali  Baş  Komandan  və  müdafiə naziri  də tez-tez  cəbhə  bölgəsində baş çəkir, əsgər  və  zabitlərlə  maraqlanır və  onları  ruhlandırırdılar. Vurğun  isə  verdiyi bir vədə  əməl   etmək  istəyirdi; axı evdən  çıxanda  atasına  söz  vermişdi ki,  tezliklə  düşmənləri  torpaqlarımızdan  təmizləyəcək  və  Xocalının qanı  yerdə  qalmayacaq.

Maraqlı  bir   faktı  bütün  əsgər  və  zabit   heyəti   gözləri  ilə   demək  olar ki,  hər  gün  görsələr də,  ona   heç  bir  reaksiya   verməyiblər. Çoban  ordumuzun  yerləşdiyi  sahədə  hər  gün  qoyun  otarırdı, lakin  heç  kəsin  ağlına  belə   gəlmirdi ki, Azərbaycan  xalqının  öz  oğullarından  biri  ona  xəyanət  edə bilər.

Ermənilər  yenə  artleriyadan atəş açırdılar. Gecə  saat  400-dan  atəş  səsləri   daha  da  artdı. Ordumuz  əks  hücuma  keçdi. Səhər saat  930a  kimi   qızğın  döyüşlər  davam  etdi. Birdən düşmənin atdığı mərmilərdən biri Vurğunun idarə  etdiyi  özüyeriyən topun  yerləşdiyi  yerə düşdü. Bir  neçə  əsgər  və  zabitimiz şəhid oldu. Vurğun  ölümcül  yaralandı. Hamı onu ölü bildi deyə öluxanaya  apardılar.  Ara  sakitləşəndən  sonra  hərbi  hissə  komandiri  yenidən  darmadağın  olan  yerə  baş   çəkdi. Çobanın  yenə  həmin  yerdə  qoyun otardığını  görüb  onun  necə sağ-salamat  qalmasından  şübhələndi. Komandir çobanı  yanına   çağırıb  üstünü  yoxladı. Cibindən  lap  bir  bahalı  telefon  tapdı. Telefonda  isə  ermənilərə  ötürülmüş   məlumatlar...

Çobanı  sürüyə-sürüyə əsgərlərin   yanına  apardı. Artıq  hər  yerə  xəbər yayıldı ki, Vurğun da  şəhid olub.

Vurğun isə  ölülərin  içində  ağlı  başına   gələndən sonra  zarıldayırdı : Ana, Nigar! Bu anda   əsgərlərdən  biri  səsi   eşidib təcili  tibb   məntəqəsinə  məlumat  verir. Vurğunu  Bakı  şəhərinə  Hərbi  Hospitala   gətirirlər. Həkimlər  onu  müayinədən   keçirəndən  sonra  vəziyyətinin  çox  ağır  olduğunu  bildirirlər. Artıq evlərinə də məlumat verilmişdi. Ata-anası,  bacıları  hospitalda idilər. Lakin  hamının  ümidi  ondan kəsilmişdi. 

Artıq onun  evə  aparılması  tələb  olunurdu. Bu arada onu müalicə  edən  həkim  Vurğunun  bacısı  Səlmiyyəyə  yaxınlaşıb  dedi: 

- Qızım,  xəstənin  yarası  olduqca  ağırdır. Yarasını  sağaltmaq,  bəlkə də,  mümkündür, amma  onun  başqa  bir   dərdi var. Onda  özünəinam  yoxdur. O,  zarıldayanda  "Nigar”  deyə  çağırır. Kimdir, bu Nigar, sənsən?

Səlmiyyə  sanki  yuxudan  ayılmış  kimi, "xeyir,  xeyir” – deyə çığırdı və dəhlizin  küncünə  qısılaraq  kiməsə  zəng  etdi. Aradan  5-10  dəqiqə  keçmədi ki, Nigar  ağlaya-ağlaya içəri  girib "Vurğun, Vurğun”, - deyə hönkürdü. Səlmiyyə, Zahid  kişi  və  Gülzar - hamı  Nigara  yaxınlaşıb onu  qucaqladılar.

Nigar  özünü  Vurğunun  yatdığı palataya  atdı. Onu  qucaqlayanda  nəfəs  aldığını  gördü və  gözləri  bərəldi. Nigarın  göz  yaşları  onun  sayılmış yanaqlarına  töküləndə Vurğun  inildiyə-inildiyə: "Nigar, Nigar”, -  deyə  zarıdı.

Bu anda  Nigar  bərkdən  qışqırdı:
 
- O,  sağdır, o yaşayır, o  danışır, - deyə  havalanmış kimi ətrafa  boylandı.

Bu zaman  Zahid  kişi, ağlaya-ağlaya Nigarın sarımtıl  saçlarını  sığallaya-sığallaya: "Bəli,  qızım,  o,  sağdır”, - dedi.

Nigar  əlini Vurğunun alnına qoydu:
- Burdayam, əzizim. 

Vurğun  gözlərini  açdı. Artıq onun gözlərində ümid parıltısı vardı. 

- Qorxma, Nigar, - deyə gülümsündü. 

Bu anda Nigarın atası ilə anası da içəri girdilər. Onlar Zahid kişiyə yaxınlaşıb dinməzcə yanında durdular. İki ay idi ki, Məmmədağa müəllim də vəzifədən çıxarılmışdı. O, hiss edirdi ki, bu dəli sevdanın seli qarşısında dağ belə tab gətirə bilməz...

Artıq Vurğunun başının üstünü onu bir an belə tərk etməyən həkimi – Nigar almışdı. Bir əli Vurğunun saçlarında, bir əli isə əlində idi... 

Zahid kişi də, Gülzar da, Səlmiyyə də kövrəlmişdilər. Onlar Nigarı qucaqlayıb sevincindən ağlayırdılar... 


15.12.2016