Sevinc Vaqifqızı: “Azərbaycanda jurnalistika cinayət hesab olunur…”
11-01-2024 12:14 / Bu xəbər 964 dəfə oxundu
Məhkəmə jurnalistləri ev dustaqlığına buraxmadı
Yanvarın 10-da Xətai Rayon Məhkəməsində "AbzasMedia” ilə bağlı cinayət işi üzrə həbs olunan jurnalistlərdən üçünün – Sevinc Abbasova (Vaqifqızı), Ülvi Həsənli və Hafiz Babalının ev dustaqlığına buraxılması üçün verilmiş vəsatətlərə baxılıb.
Xəbəri Meydan TV yayıb.
Məhkəmə prosesləri ayrı-ayrılıqda keçirilsə də, hər üçünə hakim Sülhanə Hacıyeva sədrlik edib.
O, jurnalistləri ev dustaqlığına buraxmaqdan imtina edib.
Məhkəmədə jurnalistlərin vəkilləri bildiriblər ki, onların həbsdə saxlanmasına əsas yoxdur.
Hüquqlarını müdafiə etdikləri şəxslərə qarşı irəli sürülmüş qaçaqmalçılıq ittihamının əsassız olduğunu vurğulayan vəkillər deyirlər ki, onları həbsdə saxlamadan da istintaqı aparmaq olar. Çünki onlar istintaqdan qaçıb gizlənmək niyyətində deyil, yenidən cinayət törətmək ehtimalları yoxdur, yaşadıqları yer məlumdur və s.
Ülvi Həsənlinin vəkili Zibeydə Sadıqova bildirib ki, müvəkkilinin təkcə azadlıq hüququ yox, həm də şəxsi həyata hörmət hüququ pozulur. Onun, hətta 1 yaşlı övladıyla belə, ünsiyyətinə imkan verilmir.
Elə Ülvi Həsənlinin özü də deyib ki, onun nəinki ailə üzvlərilə görüşünə və telefonla danışmasına, hətta vəkillərinə, Ombudsman Aparatına da zənglərinə qadağa qoyulub.
Sevinc Vaqifqızı çıxışında deyib ki, hakim Sülhanə Hacıyevadan heç bir ədalətli qərar gözləmir.
Fikrini də belə əsaslandırıb ki, Azərbaycanda hakimlər qanunlar əsasında qərar vermir, sadəcə, onlara verilən sifarişi icra edir.
O, jurnalist kimi, korrupsiya araşdırmalarına görə həbs olunduğunu vurğulayıb.
"Azərbaycanda jurnalistika cinayət hesab olunur. Mən də jurnalist olaraq, buna görə həbsdəyəm”, – Sevinc Vaqifqızı bildirib.
Hafiz Babalı da peşə fəaliyyətinə, konkret olaraq, korrupsiyanı ifşa edən araşdırmalarına görə cəzalandırıldığını vurğulayıb.
Jurnalistlərin özlərinin və müdafiəçilərinin arqumentlərinə baxmayaraq, onların ev dustaqlığına buraxılmasıyla bağlı vəsatətlər təmin edilməyib.
Vəkillər Xətai Rayon Məhkəməsinin hər üç jurnalistlə bağlı qərarından apelyasiya şikayəti verəcək.
Bundan başqa, vəkillər Penitensiar Xidmətə də şikayət etmək niyyətindədir. Çünki məhkəmədə vəkillər hüquqlarını müdafiə etdikləri şəxslərlə konfidensial şəkildə işlə bağlı məsələləri müzakirə etmək istəsələr də, Penitensiar Xidmətin əməkdaşları – konvoylar onlara mane olub.
Vəkillə müvəkkilinin konfidensial qaydada söhbətləşmək hüququ olduğu onların nəzərinə çatdırılsa da, nəticə dəyişməyib. Bu üzdən vəkillər konvoyların davranışı, müdafiə hüququnun pozuntusuyla əlaqədar şikayət edəcəklərini bildiriblər.
Məhkəmədən sonra jurnalist Sevinc Vaqifqızının anası Ofelya Məhərrəmova bildirib ki, ədalətli qərar gözləntisi yox idi. Fikrini də belə əsaslandırıb ki, Azərbaycanda məhkəmələr və hakimlərin hansı durumda olduğuna bələddir: "Mənim qızım heç bir cinayət törətməyib, sadəcə, jurnalist kimi işini görüb, araşdırmalar aparıb və buna görə cəzalandırılıb. Mənim övladım həbsdə olmasına baxmayaraq, bunlardan daha azaddır. Sevinc bunlar kimi sifarişlə işləməyib. Əksinə, o, ölkədə qanunların işləməsini istəyirdi, hakimlərin sifarişə boyun əyən bədbəxtlər olmasını istəmirdi…”.
Korrupsiya araşdırmalarıyla tanınan "AbzasMedia” nəşrilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və Nərgiz Absalamova həbs olunub.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.
Noyabrın 20-də "AbzasMedia”nın ofisində axtarış aparılıb.
Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.
Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.
Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, "AbzasMedia”da prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.