Sevinc Vaqifqızı: “COP həftəsi nəfəsliklər bağlandı, havasızlıqdan məhbus özünü doğramaq istədi…”

Sevinc Vaqifqızı: “COP həftəsi nəfəsliklər bağlandı, havasızlıqdan məhbus özünü doğramaq istədi…”

19-11-2024 20:38 / Bu xəbər 109 dəfə oxundu

"Rəis müavini nəvəsliyin bağlanmasına etiraz edən məhbusa: "Özünü doğra, arxasında duraram”, – dedi”

 "AbzasMedia”nın hazırda həbsdə olan və Bakı İstintaq Təcridxanasında saxlanılan baş redaktoru Sevinc Vaqifqızı ictimaiyyətə müraciət edib.

O bildirib ki, Azərbaycanın hazırda BMT-nin İqlim sammitinə ev sahibliyi etdiyi bir vaxtda Bakı İstintaq Təcridxanasında vəziyyət dözülməzdir: "Azərbaycan rəsmiləri təmiz hava almaq üçün COP29-da ekoloji problemlərin həllindən danışarkən Bakı İstintaq Təcridxanasında saxlanılan qadınların yeganə nəfəsliyi bağlanıb. 14 noyabr saat 18:00-da nəzarətçi gəzinti yerinin qapısını bağlayarkən adəti üzrə otağın qapısının nəfəsliyini açmadı. Dedi ki, rəisin göstərişidir, bundan sonra nəfəsliklər bağlı qalacaq. Kamera deyilən otağın iki qapısı var. Səhər saat 10-da gəzinti yerinin qapısı açılır və axşam 18:00-a qədər təcridxanada saxlanılan şəxslər hava üzü görürlər. Otaqda yalnız bir pəncərə açılır və havalandırma sistemi yoxdur. Hava axını kamera qapısının nəfəsliyi açıq qalanda dövr edə bilir, amma noyabrın 14-də o nəfəslik də qapandı. Qapılar yavaş-yavaş döyülməyə başladı. Kameraların birində hamilə qadın, o birində azyaşlı uşağı ilə saxlanılan, üzbəüz kamerada ürəyində stend olan, öz otağımda isə epilepsiya xəstəsi və klostrofobiyadan əziyyət çəkən qadınlar var. Nəzarətçiyə şikayətləndik ki, nəfəs ala bilmirik, amma o, rəisin tapşırığı olduğunu, heç nə edə bilməyəcəyini dedi”.

"Kamera yoldaşım Günel Cabbarova qapımıza yaxınlaşan rəis müavini Arif adlı şəxsə nəfəs ala bilmədiyini, nəfəsliyi açmasını istədi, amma o, nəfəsliyi açmayacağını dedi”, – jurnalist qeyd edib.

Sevinc Vaqifqızı yazır ki, bundan sonra kamera yoldaşı Günel Cabbarova özünə xəsarət yetirib: "Günel Cabbarovanın: "Özümü doğrasam, arxasında duracaqsan”, – sözünə rəis müavini: "Özünü doğra, arxasında duracağam”, – deyə cavab verdi. Bundan sonra o, əlinə xəsarət yetirib. Otaq yoldaşları üstünə düşüb kəsici aləti əlindən alıblar”.

"Rəis müavini Arif daha sonra məni psixoloqun otağına çağırıb təhqir etdi. O, başımı şkafa vurub partladacağını deyib üstümə şığıdı. Rejim rəisi Vahid müəllim, psixoloq Təranə Quliyeva onu otaqdan çıxardı”, – deyə məhbus Günel Cabbarova hadisədən sonra başına gələnləri Vaqifqızına danışıb.

Jurnalist qeyd edir ki, nəfəsliyin bağlanmasına etiraz edən qadınlardan birinin əli qandallanıb və bu şəkildə rəis müavini Ceyhun Hacıyevin qəbuluna aparılıb: "Otaq yoldaşlarımı qəbul edən rejim rəisi Vahid adlı şəxs əlində dubinka yellədə-yellədə, stolunun üstündə də qandal olmaqla onlara psixoloji təzyiq edib. 14 noyabr saat 20:30-da qadın korpusunun bütün qapıları döyülürdü. 170 nəfər qadın rəis Elnur İsmayılovun bu göstərişinə etiraz edirdilər. Kişi korpusunun əməkdaşları qadın korpusuna göndərildi. Təkidlərdən sonra nəfəsliklər açıldı. Növbəti gün səhər sayımını rəis müavini Əhəd Abdiyev və digər rütbəlilər etdilər. Onlar şikayətlərimizi öyrənib getdilər. Amma yenə də nəfəsliklər qapı bağlanan kimi açılmır, saat yarım sonra açılır. Məhkumlar yenə də hava çatışmazlığından şikayətlənib nəfəsliyin daha tez açılmasını istəyirlər. Amma nəzarətçilər rəisin zəngini gözləyirlər”.

O, həmkarı Nərgiz Absalamovanın da eyni problemlə üzləşdiyini deyib: "Nərgiz Absalamova nəfəsliyinin bağlanmasına etiraz edərkən baş nəzarətçi Əzizə Məmmədova nəfəsliyi çəkib və onun əli zədələnib. Nərgizin əlində hələ də qançır izləri qalır. Nəfəslik bağlanmasın deyə irəli atdığım sağ qolumda və barmaqlarımda qançır izləri var. Hər ikimiz həkimə müraciət etmişik və xəsarətlər qeydə alınıb. Mən burada həyatımın təhlükəsizlikdə olduğunu hiss etmirəm. Həmin gecə yata bilməmişəm, qıcolmam tutub. Bütün baş verənlərdən sonra qadınların şikayətini həll etmək əvəzinə rəis Elnur İsmayılov Nərgiz Absalamovanın, Elnarə Qasımovanın və mənim otağımın qapısının üstünə kamera yerləşdirib”.

"Qeyd etmək istəyirəm ki, bizim otaqlarda qanunsuz işlər görülmür. Elnur İsmayılov qadın korpusundakı problemləri öyrənmək istəyirsə, tövsiyə edərdim ki, bizim qapılarımıza qoyduğu kameraları götürüb, əməkdaşı psixoloq mayor Təranə Quliyevanın otağına yerləşdirsin. O zaman görünəcək ki, bu otaqda bütün qadınlardan rüşvət alınır. Qadınların nəfəsini həm korrupsiya, həm də havasızlıq kəsir”, – deyə Sevinc Vaqifqızı müraciətini tamamlayıb.

Hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalistlər Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımovaya qarşı zorakılıq olub. 


Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova. 
Foto-kollaj: Meydan TV

Noyabrın 16-da Sevinc Vaqifqızı ilə görüşə gedən ailə üzvləri onun qolunda zorakılığın izlərini görüblər: "Biləyinin iç tərəfi yumurta boyda göyərib. Həmin əlinin baş barmağının iç damarı partlayıb və orta barmağı da partlayıb. Göy zədə Nərgizin də əlində var. Onun da ələ yaxın hissəsində təxminən yumurta boyda göyərmə var. Həmin zədə Elnarədə də var. Deməli, üç qızın üçünə də xəsarət yetirilib”.

Xəsarətin necə yetirilməsinə gəlincə, Sevinc Vaqifqızı ailəsinə deyib ki, hadisə cümə axşamı günü axşam baş verib. 

Jurnalist Nərgiz Absalamova və Elnarə Qasımova da nəfəsliyin bağlanmasına etiraz ediklərinə görə zorakılıqla üzləşiblər. 

"AbzasMedia” işi…

Azərbaycanda dövlət rəhbərliyi ətrafında korrupsiya araşdırmaları edən "AbzasMedia”nın 6 əməkdaşı – baş direktor Ülvi Həsənli, müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı həbs edilib.

2023-cü ilin noyabrından etibarən sıra ilə həbs olunmağa başlayan jurnalistlərə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb.

2024-cü il mayın 31-də isə "Azadlıq” radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə saxlanılıb, evində axtarış aparılıb. İyunun 1-də ona qarşı "AbzasMedia işi” üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Xətai rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Elə həmin gün "AbzasMedia” bəyanat yayaraq Fərid Mehralızadənin bu media qurumu ilə heç bir əməkdaşlığının və əlaqəsinin olmadığını bildirib.

Daha sonra bu iş üzrə həbs edilənlərin hər birinə qarşı maliyyə məsələlərilə bağlı əlavə 7 ağır maddə üzrə ittiham irəli sürülüb.

Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20- yə yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. 

Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu təqibləri siyasi motivli hesab edir və həbs olunanların azad edilməsinə, onlara qarşı ittihamların geri götürülməsinə çağırırlar.