Sevinc Vaqifqızı: "Qadınları işgəncə ilə təhdid edirlər ki, sakit durmasanız, saçınızdan tutub sürüyərik"

Sevinc Vaqifqızı:

10-06-2024 15:14 / Bu xəbər 508 dəfə oxundu

İyunun 7-də 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan bir neçə qadın əsassız olaraq cərimə kamerasına salınıb və təhdid olunub.

"Abzas Media"nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı (Abbasova) bu barədə ailəsilə telefon danışığı zamanı məlumat verib.

Sevinc Vaqifqızı özü də bu müəssisədə saxlanılır. 

O, telefonla ailəsinə məlumat verən zaman danışıq kəsilib.

"Bakı İstintaq Təcridxanasında 7 iyunda 2 nəfər məhbus qadın qanunsuz olaraq karsa salınıb. Onlardan biri 3 saat qandallı şəkildə karsda saxlanılıb. Bunları edən isə rəis müavinləri Ceyhun Hacıyev və Əhəd Abdiyevdir.

Qadınları işgəncə ilə təhdid edirlər ki, sakit durmasanız sizi, saçlarınızdan tutub sürüyərik. Təcridxanadakı Mahir adlı nəzarətçi də qadınları zorakılıqla hədələyir” - jurnalist sözlərini bitirməmiş telefon əlaqəsi kəsilib.

Məsələ ictimailəşdirilsə də, hələlik nə Penitensiar Xidmət, nə də Ombudsman Aparatı bir açıqlama yayıb.