Sevinc Vaqifqızına...
12-12-2023 12:18 / Bu xəbər 2839 dəfə oxundu
Yalçın İmanov
Özəl olaraq "Arqument.az" üçün
(Birinci məktub)
Açığı, heç vaxt ağlıma, yatsam, yuxuma belə gətirə bilməzdim ki, nə vaxtsa çöldən "içəri”, azadlıqdan zindana məktub yazacağam. Deyəsən, axı həmişə əksinə olub!
Hərçənd bu azadlıq indiki zamanlarda çox şərti xarakter daşıyır. Sənin həbs yerində yaşayış sahənin norması vur-tut dörd kvadrat metr ola bilər. Amma, güman ki bundan xeyli azdır. Bizimki isə dörd kvadrat metrdən bir qədər çox və ya bir xeyli çoxdur.
Sənin gündəlik gəzinti hüququn cəmi iki saatdır. Bizimki limitsiz. Limitsiz deyirəm, hərgah indi qeyri-məhdud gəzib dolaşmağın da dadı-duzu qaçıb, soyuq havanın təsirindən elə bil şəhər parkları da büzüşüb balacalaşıblar, kimsəsizləşib, adamsızlaşıblar...
Hər şeyi hörmətə, urvata mindirən adamlarmış. Qəribədir: adam olmayan yerdə, insan nəfəsi dəyməyən yerdə sakit, adamı yüngülcə yırğalayan hüzn olur. Amma səndən fərqli olaraq, bizim saxlanma rejimində münasib vaxtda qəlbin isinən kimləsə zəngləşib, bir çay içib, dərdləşmək, dedi-qodu eləmək də olur. Bir sözlə, sənin saxlandığın yerlə bizim saxlanma yerinin rejimi belə götürəndə aşkar fərqlidir, səninkinin adı-sanı var - istintaq təcridxanası, bizimkinin isə yox, hər halda hüquq elminə məlum deyil...
Bəlkə də, ümumi rejimlə məntəqə tipli rejiminin qarışığı kimi bir şeydir: hibrid açıq səma rejimi. Təxminən belə. Nə bilim.
Həmişə düşünmüşəm, görəsən, azadlığa qoyulan məhdudiyyət, azadlığın özünə, bu hissin ilkin və əsas mənasına münasibəti hansı formada və istiqamətdə dəyişir Azadlıq, onun ən əhəmiyyətsiz komponentləri belə kəskin dəyər kəsb edir, yoxsa zorən əhatə olunduğun mikromühit ona yanaşmanın yeni fokusunu və yaxud kriteriyalarını müəyyən edir?
Yəqin ki, indi bu və digər oxşar suallar yavaş-yavaş öyrəşdiyin yeni həyat tərzinin rutinində ən məhrəm və zövqlü daxili mükalimələrindən birinə çevrilib. Bilirəm ki, düşdüyün yeni mühitlərə tez uyğunlaşmağı bacarırsan və bu, qaranlıq dövrlərdə ən vacib fərdi keyfiyyətlərdən biridir. Uyğunlaşmayanda, başına gələnləri və yaxud da gətirilənləri qəbul etməyəndə çətin olur, ağır olur, deyərdim ki, hətta çəkilməz olur. Qəbul eləmək qəbul etdiyinin fərqinə varmaq, fövqünə qalxmaqdır, yəni qəbul elədiyin səndən aşağıda, düşüncələrinin yamacında qalır...
Anlamayanda qəbul eləmək olmur, qəbul eləməyəndə anlamaq. Bir-biri ilə üzvü əlaqədə olan iki fərqli şey yəni.
Qəbullanmaq, fərqindəlikdir.
Zalım və üstəlik, alçaq rejimlərin uzağa gedən əsas niyyəti, motivi fərqindəliyi və anlamağı birdəfəlik və kökündən ləğv eləməkdir.
Zindan həyatını yüngülləşdirmək üçün mütləq şəkildə zorən ömrünə biçilən bütöv həbsxana dövrünü anlayışla qarşılamalısan. Belə olanda duruşun nisibətən sabitləşir, rəvan və toxtaq olur. Sabitqədəm və əmin-arxayın olursan. Həbsxana ömrü də öyrənə biləcəyin qiymətli bir mərhələyə çevrilir. Əks halda ağırdır, çəkilməzdir, zəhərdir-zəqqutundur, hay-haraydır, "qoyma öldümdür” və s.
Həbsxanaya könüllü gedənin onun yaratdığı sərt gerçəklikləri qəbul etməmək şansı yoxdur. Sən özünlə zindana bir işıq aparmısan. Bu işıqdan əminəm ki, ən çox od alanlar da elə kamera yoldaşların - qadın məhbuslar olacaq.
Yuxarıda məktub yazmaqdan söhbət açmışdım, yadımnan çıxmamış deyim ki, heç zaman belə şeylərə o qədər də həvəsli olmamışam. Çünki məktub anlayışı, onun yazılması, göndərilməsi, qəbulu və hətta deyərdim ki, oxunması belə, həmişə gizəmli təsir bağışlayıb mənə. Ritual kimi dəqiq, ardıcıl və nizamlı hərəkətlərlə müşayiət olunan mərasim kimi.
Məktublarda bir gözlənilməzlik, sirr-sehr var. Qorunmağa layiqlik var. Gizlin tutmağa dəyər məzmun var və ya olmalıdır. Əks halda o heç məktub olmaz ki. Amma indi sənə yazmaq elə bil qaçılmaz, təxirəsalınmaz bir şeyə, vazkeçilməz ehtiyaca oxşayır. Üstəlik, orası da var ki, epistolyar irs qaranlıq zamanların ən çox informasiya verən, ağır mühitini ən dəqiq əks etdirən etibarlı məxəzlərindən biri olub tarix boyu. İndi də o zamanlardır. Amma daha qatı, daha sıx qaranlıq.
Bizdə yeri gəlmişkən, bir çox şeylər kimi epistolyar irs də alınmadı, baş tutmadı. Sənin həbs olunacağını bilə-bilə, ölkəyə dönüşün xeyli müddətdir ki, pərt və gəvəzə durumda olan ictimai-siyasi ovqatı əməlli-başlı təsirləndirdi, müşahidə etdiyim qədərincə, onun qırışığını açıb, sızım-sızım sızıldayan ağrılarının üstünə su səpdi, hovunu bir balaca aldı.
Bilirsən, uzun on illərdir ki, ölkəmizdə ictimai fikir və siyasi mübarizə əhval-ruhiyyəsi vaxtaşırı ağır pərtlik və aşkar biveclik dövrünə qədəm qoyur və bir müddət beləcə durğun vəziyyətdə qalır, sanki o dərin quyudan çıxmaq müşkülə, əzaba çevrilir. Sonra necəsə hansısa xırda möcüzəvi hadisələr baş verir, hardasa bir işıq adam közərir və bu közərmiş işığın - adamın yanıb-sönən şölələri yerdə qalan cəmi insanları yenidən başına toplanmağa, toparlanmağa haraylayır, onlara təzətər, yepyeni ümidlər verir, yenilənmək, yenidən davam etmək, hər şeyi başdan başlamaq hissi aşılayır.
Sənin həbsə gəlişin də mənə belə təsir elədi. Xətrinə dəyməsin, ilk dəfəydi ki, məsum bir həbsə, yaxın bir dostumun zindana getməsinə bir damcı da olsun kədərlənmədim, sarsılmadım. Əksinə bir az fərqli oldu, içim qürurlandı, köksüm doldu.
Təzaddır, eləmi? Amma bilmirəm, hər halda mənə elə gəldi ki, sənin özündə də beləydi. Sən həbsə qaça-qaça, sözün əsl və məcazi mənasında uça-uça gəldin. Həbsə alınan dostunu xilas edə bilməzdin, bunu özün də bilirdin, mən də bilirdim, bu ölkədə hamı da bilirdi, bu, sənin, mənim və başqalarının ixtiyarında olan, həll edəcəyi, yoluna qoyacağı bir məsələ deyildi. Amma bununla belə həbsə göndərilən dostunun yanında olmağa, cərgəsində durmağa, onunla eyni zindanın fərqli divarlarını bölüşməyə tələsdin.
Bəzən xilas edə bilməyəndə, sadəcə, bölüşmək, eləcə eyni acını, məhrumiyyəti paylaşmaq kifayət edir, bəs edirmiş kimi gəlir. Səninki həbsdən daha çox, həbsi bölüşməyə, paylaşmağa tələsmək idi. Sənin həbsin yaxın dostunun, yol yoldaşının həbsinə həmdəm olmaq, arxa-dayaq durmaq, ürək-dirək vermək idi. Sənin həbsin dostunun həbsiylə həmrəy olmaq idi.
Elə bil azadlıqda qalmaq əzabından, "çöl”də qalmaq qorxusundan, reallığından qaçırdın. Bir ömürlük əzabla, zamanla limitli məhrumiyyətin seçimində, birincinin əleyhinə, ikincinin isə lehinə nəcib seçim. Ürəklə ağlın savaşında birincinin qələbəsi, ikincinin məğlubiyyəti. Ancaq kim deyir ki, ağıl həmişə doğru və ən faydalı çıxış yolunu təşviq edir?
Nə vaxtsa hardasa oxumuşam, bütün fikirlər ağıldan yox, ürəkdən gəlir. Qoy, bu da sənin özünəxas əyləminin əlavə bir dəstək arqumenti olsun. Bu, əyləmin yeganə izn sahibi də elə sən özünüydün. Halbuki getdiyin ölkədə qalmağın, göz görə-görə həbsə gəlməməyin ən legitim gözləntiydi və buna görə heç bir Allah bəndəsi səni qınaya, gizli və yaxud da aşkar tənə vura bilməzdi. Əksinə, yəqin ki, "çox ağıllı, zirək davrandı”, deyib tez də söhbətin üstündən keçər, mövzunu dəyişərdilər.
Bizim cəmiyyətə bölüşməyin, paylaşmağın yaratdığı təsirli mənəvi güc nümunələri, qaynaqları lazımdır. Sən o nümunələrdən brini yaratdın və yaxud da yaradılmış o nümunələrin sırasına öz əvəzedilməz məxsusi əlavəni elədin. Başqa bir tərəfdən, bu dönüş, sənin özünə, daşıdığın dəyərlərə sadiqliyinin təsdiqiydi. Sən, ətrafında baş verən cəmi hadisələri öz içindən, qəlbindən keçirib, sonra ona münasibət bildirən, profil quran, qiymət verənlərdənsən. Hər halda mən səni belə tanıyıram.
Sən, getdiyin yolu, məşğul olduğun işi, çörək kəsdiyin adamları öz həyatının mənasına çevirənlərdənsən. Sənin kimi adamlarla ünsiyyət zarafat deyil, yarımçıqlıq, nala-mıxa vurmaq sənlik deyil, xarakterinlə daban-dabana ziddir. Bəzən xırdaçılıq, hətta yorucu dərəcəyə çatan həddə olsa belə...
Elə son dərəcə kədərli və ölümcül məzlum ölkəmizdə ("qalib xalq” filan diskursunun çılpaq, başdan-ayağa yalan olduğunu indi kim bilmir ki!) çatışmayan, həmişə defist olan da elə bu deyilmi?
Son otuz ilin nimdaş ictimai-siyasi tarixi bizə bunu aşılamırmı, fasiləsiz təsdiq etmirmi? Bol vaxtın var, əgər uyğun kitabları tapa bilməsən və yaxud BİT-də sənə belə kitabları verməsələr, bundan məhrum etsələr, eybi yox, dərindən nəfəs al və yaddaşını yenilə, beynində vərəqlə...
Əsasən çirkin mənzərə: Böyük şərlə ən fərqli platformalarda – siyasi, hüquqi, yaradıcı və s. - kütləvi mazaqlaşmalar, ideya göz vurmaları və əqidə flörtləri. İdeya və müqəddəs yol adı altında və üstündə həris karyera qurmaq planları, bitib-tükənməyən, əbədi, ancaq bəsit, primitiv arvad-uşaq dolandırmaq bəhanələri və s. və i.a.
Sadalamaqla bitir ki! Nadir, parlaq istisnalar xaric, zəngin üfunət dolu tarixçə...
Bütün bu arxada qalan, indi də davam edən uğursuzluqların əsas səbəbi həm də o total, amma fərdi məzmunlu özünə xəyanət aktları deyildimi? Ən böyük xəyanət, insanın özünə xəyanəti deyilsə, bəs onda nədir, hansıdır?
Bizim baş tutmayan bütün intifadalar ümumi işə pəl vuran yaramaz insan eyiblərinin, əyər-əskiklərinin, namərdliklərinin və nəfsinin güdazına gedib. Öz də ən bəsit, ən ucuz formada.
Özünə sədaqətin ağır yük kimi qəbul edildiyi, təsəvvür edildiyi və qiymətləndirildiyi bir makromühitdə sənin bu davranış aktın ona görə belə ağılalmaz və normadankənardır.
Səni min kilometrlərlə uzaqdan maqnit kimi çəkib həbsə gətirən və ağır məhrumiyyətlərin içinə atan daxili mükaliməni, tərəddüd və təbəddülatlarını yanındaymış kimi hiss edirəm, sanki içində gedən dialoqları eşidirəm, susdurduğun, üstünə çımxırdığın səsi eşidirəm, tufanı müşahidə edirəm və qəbul etdiyin çətin qərarın fərdi və ictimai motivlərini çox gözəl anlayıram.
Əziz Sevinc!
Adam özünü həsr etməyəndə, həsr etdiyinin uğuru, bərəkəti də gəlmir. Hərçənd heç həsr etmədə nəticə elə bir əhəmiyyət də kəsb eləmir. Həsretmə elə özü nəticə olur. Amma yenə də...
Geridə qalan 30 illik tarixin verdiyi ən böyük dərs, çıxarılası nəticə də elə budur. İllər üst-üstə qalaqlandı, dünənki odlu-alovlu, duru gözlü uşaqlar vaxtsız-vədəsiz qocalıb, beli-buxunu əyilmiş heysiz-huşsuz ixtiyarlara çevrildi. Ancaq vəd edilən ləyaqətli və firavan həyat gəlmədi ki gəlmədi. Bütün milli ayaqlanmalar vecsiz, ucuz məğlubiyyətlərə uğradı.
Uğursuzluğun və bitib-tükənməyən məyusluğun çoxlu, kompleks səbəbləri var. Amma onların ən mühümlərindən biri də yəqin ki gedilən yola inamsızlıq, həsr oluna bilməməyiydi. Tam, bütöv, yüz faiz həsrolunma olmayanda, uğursuzluq və onun təbii nəticəsi məyusluq da qaçılmaz olur.
Özünü itirməyəndə, tapa da bilmirsən. Bu, təkcə fərdlərə aid qayda deyil, kollektiv kimliyə də münasibətdə keçərlidir. Elə yıxılmaq istədik ki, necə deyərlər, heç yerimiz, heç haramız ağrımasın. Beləsə olmur, bu cür getmir, alınmır və alınmayacaq da.
Tanrı səni mükafatlandıracaq, əziz dost! Əminəm! Əsl həyat bu ilin noyabr ayının sonuncu ongünlüyündə sənə toxunub, ən kəskin və qütbləşmiş ağır seçimdə sən daşıdığın dəyərlərin yanında, səfində dayanmağı seçmisən, bacarmısan.
Həyatın, yaşantının əsl dadını, ləzzətini indi daha yaxşı bilirsən. İndi Bakı İstintaq Təcridxanasının qaranlıq kamerasında başının altına yastıq edə biləcəyin ən rahat şey vicdanındır.
Bu, Rubikonun keçilməsidir. Bu, daha heç nəyin əvvəlki kimi olmayacağının, daha fərqli, daha samballı olacağının əlamətidir. Bu, sənin bundan sonrakı qalan həyatının həlledici məqamı, ayırdetmə nöqtəsidir...