Sevinc Vaqifqızının təbəssümü

Sevinc Vaqifqızının təbəssümü

08-07-2024 12:16 / Bu xəbər 1287 dəfə oxundu

Çingiz Sultansoy

İyulun 5-də Sevinc Vaqifqızının 35 yaşı tamam oldu. 
"Abzas Media"nın təsisçisi və rəhbəri Ülvi Həsənlidən başlayan növbəti həbs dalğasından sonra "Abzas Media", "Kanal 13", "Toplum TV"-nin saxlanılan əməkdaşlarının şəkilləri yayıldı, hamısını tanıdıq. Bəzilərini çoxdan və daha yaxşı tanıyırdım, bəzilərin az ya heç tanımırdım. 

Sevinc Vaqifqızını və Ülvini daha çox tanıyırdım, o cümlədən, real həyatdan...

2013-15-ci illərin arası, Sevincin MeydanTV-də reportyor işlədiyi dövr. Videosüjetlərini  maraqla izləyidim, artıq özünü də stənd-aplarda görmüşdüm, ona görə "Sahil” metrosunun yuxarı aparan eskalatorunda rastlaşanda dərhal tanıdım. Tək deyildi, yanında ucaboy bir gənc vardı. Salamlaşdıq, süjetlərini gördüyümü, bəyəndiyimi dedim, elə ordaca soruşdum: 
- Sizi tənqid eləmək olar? 
- Əlbəttə.

AzTV-dən sonra "İnternews International" təşkilatında işləmişəm, odur ki, hazırladığı videosüjetlərin beynəlxalq standartla uyğunluğunu görür, yaxşı hazırlıq keçdiyini anlayırdım, bir kiçik çatışmazlığını da tutmuşdum. Konkret nə olduğunu indi unutduğum o çatışmazlığı, - ola bilsin, geniş yayılanlardan biri olan iri planlardan ya intersəsdən az istifadə idi, ya başqa belə bir şey,  -  dedim. 

Telejurnalistikaya gələndən sonra geniş tanınmağa başlayan adamlarda, özəlliklə gənclərdə ulduz xəstəliyi, onun əlamətləri kimi tənqidə dözümsüzlük, özündənrazılıq  yaranır, bu xəstəlik yüngül formada olsa da, televiziyada işlədiyim 1992-1996-cı illərdə məndən də yan keçməmişdi. 

Sevinc Vaqifqızı isə tənqidi çox hörmətlə və diqqətlə qarşıladı. Bu xoşuma gəldi: "İstedadlı və ağıllı-savadlı qızdır, öyrənməyə, peşəkarlığını artırmağa meyllidirşBöyük gələcəyi var", - düşündüm. 

Eskalator bizi yer üzünə çıxardı, sağollaşıb ayrıldıq. 
Yanılmamışdım.

S.Vaqifqızıyla ikinci qısa, bu dəfə virtal söhbətimiz 2018-in avqustunda, REAL partiyasının sədri İlqar Məmmədov azad olunandan sonra keçirdiyi mətbuat konfransıyla bağlı oldu. İlqar Məmmədovun indi hamıya bəlli mövqeyinin zəif əlamətləri artıq o konfranda dediklərindən göründü, Sevinc xanım bunu sezərək "Facebook" səhfəsində yazmışdı. Müxalifətə müxalifətçilik eləməyə başlayandan Məmmədovu həmişə tənqid edən mən bu dəfə etiraz etmiş: "5 il yarım həbsdə yatan adam nə danışıdığını əməlli bilmir. Hələ tənqid etməyək”, - deyə yazmışdım. 

Həbsdən çıxan adamın düşüncəsinin məhdudlaşdığını, "kütləşdiyini” və bir müddət, özünə gələnə kimi belə qaldığını mənə siyasi məhbus, kapitan Canmirzə Mirzəyev hələ 20 il öncə demişdi. 

Sevinc Vaqifqızı sözümü yerə salmadı, sağ olsun, amma sonrakı olaylar göstərdi ki, haqlı mən yox,  o idi...

"Meydan TV", özəlliklə, "Abzas Media"da çalışanda Sevinc Vaqifqızı fəal  bir jurnalist və redaktor kimi Azərbaycanda korrupsiyanı işıqlandıran jurnalistlərin ön sıralarında idi, indi dirənişin, insan ləyaqəti uğrunda vətəndaş mübarizəsinin, - az qala "müharibəsinin" yazmışdım, - ön sıralarına çıxıb. 

Əslində "müharibə" sözü çağdaş durumu daha dəqiq göstərir,  proseslər siyasi mübarizədən daha çox elə də şiddətli olmayan, süst, qansız ya az qanla başlayaraq get-gedə şiddətlənən müharibəni  xatırladır. Belə müharibələr tarixdən yaxşı məlumdur, onları "gibrid müharibə”, daha əvvəl "qəribə müharibə” adlandırıblar. Belə hibrid müharibələr zamanı hücum edən tərəf həyata keçirdiyi hərbi, informasion-təbliğat və məxfi əməliyyatlarını danaraq, işini görür, hətta tədricən artırır. 

Misal üçün, 2014-cü ildə Rusiyanın Krımı tutması, 1979-cu ildə SSRİ-nin Əfqanistana qoşun yeritməsinin ilk mərhələsi, 1939-da başlayan İkinci Dünya müharibəsinin qərb, alman-fransız cəbhəsində 1940-cı ilin mayına qədər  olan vəziyyət. 

Uzağa niyə gedirəm, ermənilərin 1988-cilərin axırında Birinci (İkinci) Qarabağ müharibəsiylə sonuclanan, Azərbaybizə qarşı aparılan geniş siyasi, informasion, psixoloji, açıq və gizli əməliyyat və tədbirlər planını həyata keçirməsi...  

İndi də hakimiyyətin jurnalistlərə, bütün demokratik kəsimə qarşı repressiaları, zülmü o həddə çatıb ki, bu mübarizəyə bir qədər mübaliğəylə "vətəndaş müharibəsi" demək olar. Həbs, yəni əsir götürülən, yaralanan, əlil qalan, öldürülən, mühacirət və intihar edənlər var, yetim qalan uşaqlar var, fiziki və mənəvi travma alıb həyatdan qopan, sönənlər var. Bundan artıq nə olmalıdır ki, daha?  Cəbhəsini dəyişən, xəyanət edənlərin sayına görə bu mübarizə heç bir müharibədən geri qalmaz, o qədər çoxdu... 

Azərbaycanda demokratiaya qarşı bu müharibədə Sevinc Vaqifqızı və bütün həbs olunan gənclər nəinki azadlıqda, elə həbsdə də mübarizənin ön sıralarında, ön səngərdədirlər.

Kimsə soruşsa, "Sevinc Vaqifqızı, Ələsgər Məmmədli ya, məsələn, Tofiq Yaqubli  həbsdə yatıb nə edir? Nə edə bilər ki?". 
Cavabı - həbsdə yatıb sınmamaq, əyilməmək, sadəcə olduğu kimi qalmaq dirənişin, mübarizənin ən böyüyüdür! 
İstənilən həbs çəkmiş adamdan soruşun, anlatsın. 

Sevinc artıq edib, edir - bizlərə cəsarət və ləyaqət örnəyi göstərir. Ülvi Həsənli həbs olunandan sonra xaricdə qalmayıb, mühacirətə getməyərək Bakıya dönməsi, dönməmişdən öncə kiminləsə, görünür, onu dilə tutan, Baklya qayıtmamağı tövsiyə edən telefonla danışanda: "Mən Ülvini içəridə qoyub özüm rahat həyat yaşaya bilmərəm!... Başa düşürsən?” - dedi və həbs olunacağını yaxşı bilə-bilə Azərbaycana qayıtdı!..
Sevinc Vaqifqızı belə cəsarət və ləyaqət sahibidir!..

Azadlıqda olan yekə-yekə kişilər və qadınlar, tanınmış adamlar, ziyalılar, pul və nüfuz sahibləri, cild-cild kitab, dissertasiya, monoqrafiyalar, roman ya pyes-zad yazmış, özünü ziyalı və sıravi vətəndaşdan fərqli sayaraq danışan və yaşayan, çıxışlarında və müsahibələrində Azərbaycan toplumuna, gənclərə ağıl öyrətməyə, dərs keçməyə iddialı  alim, yazıçı, bəstəkar, rənggar, müğənnilər, - daha manısları demirəm, - aktyor, rejissor, teleaparıcı, xalqın qəhrəman, Nəsimi, Babək saydığı, kömək umduğu adamlar susanda, yaşadığı ölkədə və şəhərdə baş verənləri görməyərək, bilməyərək və ya görməzdən gələrək, özünü lal-kar, annamaz gic yerinə qoyaraq yaşayanda, "Bəlkə heç mən ziyalı deyiləm?", "Müxalifətin acığına səs verdim! Əcəb də elədim!" deyib yaxasını qırağa çəkəndə ya şeşələnəndə, haqqın tərəfində yox, hakimiyyətin, gücün tərəfində olanda, güclüyə açıq-aşkar yalmananda-yaltaqlananda həbsə qədər yalnız öz çevrəsində tanınan, nüfuz sahibi sayılmayan və buna heç iddiası da olmayan gənc, çox gənc, həyat və peşəsini təzə-təzə yaşayan və öyrənən, amma yetkin şüurlu vətəndaş olan qızlar və oğlanlar bizə iradə, mərdlik, kişilik, vətəndaşlıq, qeyrət, cəsarət və dəyanət örnəyi göstərir. 

Daha rol oynayan, iyrənc  "müxalif” siyasi və ictimai xadimləri, susan hüquq müdafiəçilərini, mühacirətdə də müdrik əclaflıqla susan ya hakimiyyətə işləyən qələm sahiblərini demirəm... 

Ayın tarixini dəqiq deyə bilməyəcəyəm, unutmuşam, amma cəmi iki ay öncə, mayın əvvəlində növbəti dəfə məhkəməyə gətirilən Sevinc Vaqifqızının şəkli yayılmışdı. Kənardan görünməsin deyə sıraya düzülmüş ucaboy, bazburudlu konvoyun arxasından aparılan Sevinc bizə baxıb gülümsəyirdi. 

Bu suni, saxta olmayan, ürəkdən qələn təbəssüm məni sarsıtdı!.. İnsan özünün haqlı olduğuna,  dəyərlərinə gərək necə əmin olsun, necə əqidəyə malik olsun ki, çətin həbsxana şəraitində, səni əzmək, iradəni sındırmaq istəyən mühitdə belə yaşasın, düşünsün, davransın və gülümsəsin?!  

Ədalətsizlik, qəddarlıqla, yarım il həbsdə saxlamaqla Sevincin təbəssümünü söndürə bilməmişdilər. 
Bilməyəcəklər də İnşallah!
Haqq nazilər, üzülməz!

Azərbaycan xalqının cahil rəiyyət olmayan, ailə-qarın-mədə-bağırsaq dəyərləriylə yox, insanı, bəşəri dəyərlərlə yaşayan kəsiminin gözləri Sevinc Vaqiqızında və onun məsləkdaşlarında, həmkarlarında, "Abzas Media", "Kana l3", "ToplumTV"-nin həbs olunan əməkdaşlarındadır. 

Xalqın özünə inamının, ləyaqətinin önəmli bir hissəsi və dayağı bu mərhələdə sizsizniz, sınmağa siz qoymursunuz, dəyərli və əziz həmkarlarım! 

Sizin həbsxanada soluxmuş üzünüzdə solmayan, sönməyən təbəssüm içi mən qarışızq nə qədər adama ümid və güc verir, əziz Sevinc  xanım!

Bütün dünyada, Azərbaycanda da baş verənləri də görən və hesabını çəkən, iradəsini sonda göstərən böyük Allah sənə kömək olsun, qızım!

Doğum gününüzü təbrik edirəm, dəyərli və əziz Sevinc xanım!

P.S. Bütün siyasi məhbuslar qeydsiz-şərtsiz azad edilməlidir!