Seymur Həzi azadlığa çıxıb

Seymur Həzi azadlığa çıxıb

16-11-2019 16:36 / Bu xəbər 1547 dəfə oxundu

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini, jurnalist Seymur Həziyə verilən 30 sutkalıq həbs cəzası bitib. 

Məlumatı həyat yoldaşı Nigar Həzi yayıb.

O bildirib ki, Seymur Həzi bu gün azadlığa çıxıb.

Seymur Həzi oktyabrın 17-də həbs olunmuşdu. 

İddia olunur ki, o, metronun "Əhmədli" stansiyasının yaxınlığında telefonla yüksək səslə danışarkən söyüş söyüb. 

Bu zaman polis əməkdaşları ona irad bildirib, intizama dəvət etsələr də, S.Həzi onların göstərişinə əməl etməyib, müqavimət göstərib.

S.Həzi isə bildirir ki, o, həyat yoldaşını gözləyərkən mülki geyimli üç nəfər onu tutub, 34-cü polis bölməsinə, oradan da Xətai Rayon Məhkəməsinə aparıb. 

Xətai Rayon Məhkəməsinin 17 oktyabrda çıxardığı qərarla əvvəlcə 15 sutkalığa həbs olunub. Lakin Xətai Rayon Polis İdarəsinin rəisi İlqar Məmmədov sözügedən qərardan apelyasiya şikayəti verib və S.Həzinin cəzasının sərtləşdirilməsini istəyib. Həmin apelyasiya şikayətinə oktyabrın 29-da Bakı Apelyasiya Məhkəməsində baxılıb. 

Hakim Faiq Qasımovun sədrliyilə keçirilən prosesdə S.Həzinin həbs müddəti 30 sutkaya qaldırılıb.

AXCP sədri Əli Kərimli isə bu iddiaları rədd edib. O, Seymur Həzi və digər fəalların saxlanılmasını Milli Şuranın 19 oktyabr aksiyası ilə əlaqələndirib. 

Oktyabrın 19-da Demokratik Qüvvələrin Milli Şurası Bakıda razılaşdırılmamış aksiya keçirib. Aksiya zamanı AXCP sədri Əli Kərimli, Müsavat üzvü Tofiq Yaqublu, AXCP fəalları - Seymur Həzi və çoxsaylı iştirakçı saxlanılaraq, işgəncələrə məruz qalıb.