Şikayətçi: "Gömrükdə sistemsizlik və nəzarətsizlik hökm sürür"

Şikayətçi:

09-02-2021 16:06 / Bu xəbər 1108 dəfə oxundu

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt Göndərişləri şöbəsində problemlərin yaşandığı bildirilir. 

Şikayətçi Afaq Vasifqızı "Toplum TV”-yə deyib ki, vətəndaşlar limiti aşan məbləğə görə rüsumun ödənilməsi zamanı çətinliklərlə qarşılaşırlar. Həmçinin poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə fiziki şəxsin adına ümumi dəyəri 300 ABŞ dollarından artıq mal gətirilirsə, limiti aşan məbləğin ödənilməsi ilə yanaşı, bağlamanın əldə edilməsi də uzun prosedur tələb edir. 

"Düşünürdüm ki, "ASAN" Xidmətə bənzər xidmət göstəriləcək"

O, onlayn sifarişlər zamanı limiti (300 ABŞ dolları) aşdığına görə bürokratik əngəllərlə üzləşdiyini deyib: "Nəbadə, limiti aşasınız. Məndə sifarişlərin ümumi məbləği 320 dollar idi. Məni düşündürür ki, dünyanın hər yerində onlayn ödəmə sistemi var. Biz Amerikadan Azərbaycana sifariş veririk və onlayn ödəyiriksə, niyə Bakıda qanuni ödənişi etmək üçün Hava Limanına getməliyik? Baxın, bu işin qüsurlu tərəfidir və həll olunmalıdır. Mən Hava Limanına getməzdən əvvəl, düşünürdüm ki, "ASAN" Xidmətə bənzər xidmət göstəriləcək. Normal qaydada, ödənişi ödəyib, sənədi göstərib bağlamamı təhvil alacağam. Amma elə olmadı". 

Afaq Vasifqızı (Foto: Sosial Media)

"İnsanlarla çox kobud, həddindən artıq qaba rəftar edirdilər"

A. Vaqifqızı gömrükdəki mənzərəni belə təsvir edir: "Bir pəncərədən sənədinə baxır və içəri keçməyə icazə verirlər. Amma o pəncərəyə çatmaq üçün azı 50 nəfərlik növbəyə  dumalısınız. İnsanlar pandemiya dövründə, maskasız, burun-buruna növbə gözləyirlər. Heç bir nəzarət yoxdur. Gömrük, "Silkvey" işçiləri ordan bura, burdan ora gedirlər. Biri də növbələrdəki insanlara demir ki, qaydalara əməl edin, ara məsafəni gözləyin. Qəti söylənilmir. Hardasa 40 dəqiqə həmin növbədə gözlədim. Pəncərədə xidmət çox ləng işləyir. Qapıdakı işçilər də bilmirəm hansı quruma aiddir, insanlarla çox kobud, həddindən artıq qaba rəftar edirdilər. Növbəni də keçəndən sonra adamları stadion kimi yerə yönəldirlər və burada növbəti növbə ilə qarşılaşırsan. Orada kompüterə baxıb sizin bağlamanızın gəlib-gəlmədiyini deməlidirlər. Halbuki sizin telefonunuzda bağlamanızın daxil olması ilə bağlı mesaj var. Bu süni məhdudiyyəti yaradıb, insanları daha bir növbəyə salmaq, ümumiyyətlə, artıq bir prosedur, vaxt və əsəb itkisidir". 

"Təsəvvür etmirdim ki, XXI  əsrdə bu cür sistemsizlik olar"

Şikayətçinin sözlərinə görə, gömrük məntəqəsində sistemsizlik və nəzarətsizlik hökm sürür: "Ən maraqlısı da ikinci növbədən sonra başlayır. Amerikadan, Türkiyədən, Çindən gələn bağlamalar çeşidlənməyib. Hamısı bir yerdədir. Heç bir sistem yoxdur. Mən XXI  əsrdə bu cür sistemsizliyin ola biləyəcini təsəvvür etməzdim. Elə bil qaydaların olmadığı bir ölkədir. Vətəndaşa deyirlər, get malını tap və fotosunu çək. Dedim ki, minlərlə bağlamanın arasında hardan bilim mənim bağlamam hansıdır?  Burada çalışanlar 18-25 yaş arası gənc insanlardır. İşin məsuliyyətindən qətiyyən xəbərləri yoxdur. İnsanlarla məzələnirlər. Əllərində kağız o yana, bu yana gedirlər. Bağlama və insan seli həddindən artıq çox idi. İnanın ki, gələn bütün malları "kaşa” kimi töküblər bir-birinin üstünə, təpə kimi yığıblar. Sonra deyirlər, buyur malını tap. Şəxsən mən 3 saat ərzində əlimdə kağız, bir bağlama üçün ordakı oğlanların arxasınca düşüb xahiş etmişəm ki, mənə kömək edin".

"Rəhbərliyə də dedim, nəticə olmadı" 

Afaq Vasifqızı bildirir ki, problemlə bağlı rəhbərliyə müraciət etsə də, nəticəsi olmayıb: "Soruşdum, bəs problemlə bağlı kimə müraciət etməliyəm. Dedilər ki, buranın rəhbəri Fəqan müəllimdir. Gedib həmin müəllimdən də xahiş etdim ki, bəs mən işə gecikirəm, televiziya işçisiyəm, xahiş edirəm mənə kömək edin. Heç bir köməklik etmədi. Düzü, bilmirəm onlar hansı prinsiplə işləyirlər. Mən tövbə edirəm, bir də o limiti 5 dollar da aşan hər hansı bir şey sifariş etməyəcəyəm. Əlbəttə, bu başqa məsələdir ki, 300 dollarlıq limit doğru deyil, vətəndaşın haqqına girməkdir. Tutaq ki, mən qiyməti 800 dollar olan çantanı necə sifariş edim? Bir çanta üçün günlərlə Hava Limanına getməliyəm? Heç olmasa limit 1000 dollar olmalıdır. Nəzərə alaq ki, bu gün Azərbaycan vətəndaşının xaricdən sifarişlə mal gətirməyə imkanı çatır, amma 300 dollar gülməli rəqəmdir. Təklif edirəm ki, limiti aşan məbləği onlayn daşıma xidmətlərinə ödəyək. Növbəti proseduru həmin şirkətlər həll etsinlər".

"Vətəndaş olaraq, rüsumu ödəməkdən boyun qaçırmıram, amma həmin məhsulu əldə etmək üçün keçdiyim prosedurları icra etməyə məcbur deyiləm. Mənim istehlakçı kimi hüquqlarım var. Daşıma şirkəti bu öhdəliyi özü götürməlidir. Gömrüklə daşıma şirkətləri bu məsələni öz aralarında həll etməlidirlər.  Bu şəkildə işləmək olmaz. Bu insanları ələ salmaqdır, əsəbləri ilə oynamaqdır", - o belə deyir. 

Rəşad Həsənov: "Keyfiyyətsiz xidmətlərin səviyyəsi daha da aşağı düşür"

İqtisadçı Rəşad Həsənov gömrük xidmətlərinin əlçatanlığının təmin edilməsini zəruri hesab edir: "Son illərdə müəyyən istiqamətlərdə addımlar atılıb. Amma Azərbaycanda gömrük xidmətlərinin əlçatanlığının təmin edilməsi, keyfiyyətin artırılması, operativliyin təmin edilməsi istiqamətində ciddi dəyişikliklər və nəticələr əldə olunmur. Xüsusilə də nəzərə alsaq ki, pandemiya da bitməyib, bu kimi xidmətlərin onlayn şəkildə təşkil edilməsi, operativliyin təmin edilməsi ön planda dayanmalıdır. İndi Dövlət Gömrük Komitəsi "Smart Custom” tətbiqini vətəndaşlara təklif etmək istəyir, amma bu xidməti də normal şəkildə təqdim edə bilməyiblər. Bir neçə dəfə xidmət təklif edilsə də, uğursuz olub. Bu xidmət istifadəyə verilsə belə,  bəyannamələrin verilməsi və s. imkanı yaradılsa da, təəssüf ki, müvafiq rüsumların ödənilməsi, vergilərin ödənilməsi imkanları yaradılmır. Bu imkanların yaradılmasına ehtiyac var ki, vətəndaş hansısa formada gömrük xidməti orqanlarının qapısında dayanmasın. Məsələ ondan ibarətdir ki, sentyabr ayından sonra limit də azaldılıb. Birdən-birə qeyd edilən xidmətlərə tələb kəskin şəkildə artıb. Başqa bir məqamlardan biri isə insanlar kənardan məhsulları idxal etməyə üstünlük verirlər. Çünki qiymətlərdə əhəmiyyətli səviyyədə qənaət edə bilirlər".


Rəşad Həsənov (Foto: Sosial Media)

O hesab edir ki, indiki məqamda pandemiya DGK-nin xidmətlərinə tələbi artırır: "Amma keyfiyyətsiz xidmətlərin səviyyəsi daha da aşağı düşür. Nəzərə almaq lazımdır ki, bu prosesin özü də çevik şəkildə təşkil olunmayıb. Dünya təcrübəsində, adətən, vətəndaşların bundan istifadəsi elektronlaşıb. Bir çox təcrübələrdə də daşıyıcı şirkət və vətəndaş arasında onlayn müqavilələr vasitəsilə razılığın verilməsi kifayət edir ki, bütün prosedurları daşıyıcı şirkət özü həyata keçirsin. Burada nə fərqi var ki? Dövlətin marağı müvafiq sifariş üçün hesablanmış rüsumun əldə edilməsidir. Bunun kim tərəfindən ödənməsinin dövlət üçün maraqlı olması düşünürəm ki, məntiqli deyil. Bunu daşıyıcı şirkətlər də icra edə bilərlər və buna şərait yaradılmalıdır. Qanun pozuntusuna şərait yaratmır. Amma nəzərə almaq lazımdır ki, daşıyıcı şirkətlər kiçik sifarişlər zamanı bu proseduru keçmək istəmirlər. Düşünürəm ki, burada ilk növbədə atılacaq ağıllı addım "Smart Custom”  xidmətinin qısa müddətdə istifadəyə verilməsidir. Eyni zamanda, bu xidmət üzərindən təklif edilən xidmətlərin çeşidlərinin artırılması və vətəndaşların hər hansı bir rüsum və ya digər yığımların ödənməsi üçün Gömrük Komitəsinin adiyyatı qurumlarına müraciəti ilə bağlı proses onlaynlaşdırılmalıdır". 

Rəşad Həsənovun qənatincə, prosedurun çətinləşdirilməsi himayə olunan yerli biznesi qorumaq üçündür: "Bu situasiya nəyə görə yaranıb?  Bilərəkdən, qəsdən yaradılmış vəziyyəti də qeyd etmək lazımdır. Bizdə, adətən, bu kimi qurumlar biznesi daha çox müdafiə edirlər. Xüsusi ilə himayə olunan  biznes olur və insanların fərdi sifarişləri biznesin müəyyən qədər maraqlarına uyğun gəlmir. Ona görə bu süni şəkildə yaradılmış qarışıqlıq, xaos, prosedurların ağırlığı, çətinliyi insanları bezdirmək və fərdi sifarişdən çəkindirmək məqsədi də daşıyır. Yəni burada bir qəsd də var. Bu da artıq inistusional problemdir. Adiyyatı qurumlar öz funksiyalarını icra etmirlər. Bu istiqamətdə yaranmış problemlərin həlli istiqamətində cəzalandırma da yoxdur. Ona görə də belə ciddi problemlərlə üzləşmiş oluruq". 

"Toplum TV”-nin Dövlət Gömrük Komitəsinə göndərdiyi sorğu hələ də cavabsız qalıb. 

DGK rəsmisi: "SmartCustom” xidmətinin fəaliyyətində problem yoxdur"
 

Natiq Axundov (Foto: "Yeni Musavat")

Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsini rəisi Natiq Axundov isə  "Toplum TV”-yə bildirib ki, hazırda "SmartCustom” xidmətinin fəaliyyətində problem yoxdur: "Fiziki şəxslər tərəfindən poçt və ya daşıyıcı şirkətlər vasitəsilə  xaricdən edilən sifarişlərin gömrük rəsmiləşdirilməsi "Smart customs” mobil tətbiqi və "e.customs.gov.az” elektron portalı üzərindən həyata keçirilir. Fevral ayından etibarən xaricdən edilən hər bir sifarişin gömrük orqanına bəyan edilməsi zəruridir. Bütün gömrük əməliyyatları, o cümlədən gömrük ödənişləri onlayn qaydada həyata keçirilir və vətəndaşların gömrük orqanına gəlməsinə ehtiyac yoxdur. "SmartCustoms” mobil tətbiqinin əsas üstünlüklərindən biri də məhz aylıq 300 dollar limiti keçən zaman gömrük ödənişlərinin onlayn qaydada həyata keçirilməsidir ki, bu da vətəndaşların gömrük orqanlarına gəlməsi zərurətini aradan qaldırır. Hazırda bəyanetmə prosesində heç bir problem yoxdur".  

Nuranə Atakişiyeva