Siqaret mafiyasının ciblərdən oğurladığı milyardlar

Siqaret mafiyasının ciblərdən oğurladığı milyardlar

17-01-2016 14:22 / Bu xəbər 1716 dəfə oxundu

Manatın ikinci devalvasiyası ən böyük zərbələrdən birini siqaret istifadəçilərinə vurdu. Siqaretlərin qiyməti növündən asılı olaraq 1-2 manat arası qaldırıldı. Hazırda bazarda ən böyük satışı olan siqaretlər 2.50-3 manat arası satılır. 

Azərbaycanda siqaret istifadəçilərinin sayı, aparılan araşdırmalara görə, 3 milyon nəfərdir. 2015-ci ildən bu yana siqaretlərin qiyməti 100 faiz artıb. Orta hesabla 3 milyon siqaret istifadəçisinin gün ərzində bir qutu siqaret çəkdiyini nəzərə alsaq, bu o deməkdir ki, gün ərzində siqaret mafiyası qiymət artımından sonra 3 milyon əlavə vəsait əldə edib. Bu, aya 90 milyon manat deməkdir.

"Siqaret mafiyası günə 4.4 milyon əlavə vəsait əldə etdi”

Əgər qiymət artımı 1.5 manatdan götürülsə, bu, siqaret mafiyasının gün ərzində büdcəsinə əlavə olaraq 4.5 milyon manat gətirməsi deməkdir, aylıq isə bu məbləğ 135 milyon edir. Bu göstəriciləri ilə vursaq, o zaman daha iri məbləğ alınır. Beləliklə, bir manat bahalaşma siqaret mafiyasına ilə 1 milyard 80 milyon, 1.5 manatdan isə 1 milyard 620 milyon əlavə vəsait daxil olması deməkdir.

Azərbaycan əhalisinin illik xərcinin 23-25 milyard manat arasında dəyişdiyini nəzərə alsaq, siqaretə xərclənən vəsaitlərin kifayət qədər iri məbləğ olduğu ortaya çıxır.

Bəs, siqaretin bahalaşmasının iqtisadi əsasları varmı? Apardığımız araşdırma dəhşətli faktları üzə çıxardı. Məlum oldu ki, ölkəmizdə satılan siqaretlərin qiymətini bahalaşdırmamaq da olardı. Siqaret istehsalında əsas xərc aparan komponent tütündür. Hazırda dünya bazarında bir kiloqram tütünün qiyməti 3 dollardır. 1 qutu siqaretin hazırlanmasına 20 qram tütün sərf olunur. Bir kiloqram tütündən 5 blok (50 qutu) siqaret almaq olar. Əgər 1 kiloqram tütündən alınan 50 qutu siqaret 2 manatdan satılarsa, bu 100, 3 manatdan satılarsa, 150 manat deməkdir. Deməli, iki qutu siqaretin satılması ilə 50 qutu siqaretin istehsalı üçün sərf olunan 1 kiloqramlıq tütünün xərci ödənilir.

Azərbaycanda gün ərzində 3 milyon qutu siqaretin satıldığını nəzərə alsaq, bu, gün ərzində 60 ton tütünün istifadə olunması deməkdir.

Azərbaycanın daxildə tütün isteshsalı 2.8 min tondur. Bu miqdarda tütün ölkənin ay yarım təlabatını görür. Yerdə qalan hissə isə idxal hesabına ödənir. Bura həm tütünün xammal kimi, həm də hazır məhsul kimi idxalı daxildir.

Bütün bu sadalanan rəqəmlər nəzərə alınarsa, siqaretin qiymətinin qaldırılmasının iqtisadi əsası olmadığı ortaya çıxır.

Qiyməti bahalaşdıran inhisar və gömrükdəki "nazərətdir”

Ekspert Vahid Məhərrəmov bildirdi ki, il ərzində Azərbaycana 13 milyard ədəd siqaret idxal olunur. Siqaretlərin idxal olunduğu ölkələr sırasında birinci yeri Rusiya tutur. Bu ölkədən idxal olunan siqaret 7 milyard 700 min ədəddir. Ikinci yerdə isə Ukrayna gəlir. Hesablamalara görə, Azərbaycana gətirilən siqaretin bir paçkası 58 sentə başa gəlir: "Yalnız Almaniyadan gətirilən siqaret 73 sentə başa gəlir. Azərbaycana əsasən Rusiyadan, Ukraynadan, Almaniyadan, Hollandiyadan, Birləşmiş Ərəb Əmirliklərindən siqaret gətirilir.
 
Yeni Azərbaycan manatı ilə ölkəmizə idxal olunan siqaretin bir paçkası bir manata yaxındır. Amma aksiz markası da nəzərə alınmalıdır. Belə götürüləndə Azərbaycanda siqaretlərin qiyməti 1 manat 50 qəpikdən başlamalı və ən bahalı siqaret 2-2.50 arası dəyişməlidir. Amma bazarda qiymətlər 2.50-dən başlayır, 5-7 manata qədər davam edir”.
 
Yerli istehsal olunan siqaretlərin qiymətinin artmasına da heç bir əsasın olmadığını deyən V.Məhərrəmov bildirdi ki, Azərbaycan il ərzində 2.8-3 min ton tütün stehsal edir, bir o qədər də ixrac edir. Ölkəyə təxminən 3 min ton həcmində də xaricdən tütün gətirilir. Ölkə daxilində istehsalın çox ucuz başa gəldiyini söyləyən V.Məhərrəmov vurğuladı ki, Azərbaycan həm də ucuz tütün idxal edir: "Qiymətlərin bu dərəcədə qaldırılmasının heç bir iqtisadi əsası yoxdur. Milli valyutanın 2 dəfə dəyərdən düşməsi belə siqaretin qiymətinin artırılmasını şərtləndirmir. Qiymətlərin əvvəlki səviyyədə saxlanılması inhisarçıların maraqlarına uyğun deyil”.(azadliq.info)