“Sirab” da Vasif Talıbovla əlaqəsini danır

“Sirab” da Vasif Talıbovla əlaqəsini danır

29-12-2022 22:23 / Bu xəbər 1002 dəfə oxundu

"Son günlər bəzi saytlarda "Sirab”ın guya Vasif Talıbova məxsus olması və "SİRAB” sularının satışının da Vasif Talıbovun "Gəmiqaya” şirkəti tərəfindən həyata keçirildiyinə dair yayılan fikirlərin heç bir əsası yoxdur və cəfəngiyyatdan başqa bir şey deyil”.

Babək "Sirab” ASC-nin İdarə Heyətinin sədri Namiq Novruzov mövzu ilə əlaqədar verdiyi açıqlamasında belə deyib. 

O, "Sirab” haqqında ortaya atılan bu kimi iddiaları reallıqdan uzaq saymaqla yanaşı, ittihamların mediada yer almasından təəssüfləndiyini bildirib. 

Namiq Novruzov qeyd edib ki, zaman-zaman qərəzli şəkildə "Sirab” haqqında bu səpgili yazılar və məlumatlar yayılsa da, həmin xəbərlərin gerçəyi əks etdirmədiyi tez bir zamanda üzə çıxıb: "Cəmiyyətdə süni şəkildə yaradılmış çaşqınlığa son qoyulub. Lakin qeyd etdiyim kimi, bu gün də bizi kimlərəsə bağlamaq, saxta iddialarla suçlamaq cəhdləri müşahidə edilir”.

İdarə Heyətinin sədri Babək "Sirab”ın səhmdarların təsis etdiyi Açıq Səhmdar Cəmiyyət olduğunu və istehsal etdiyi "Sirab” sularının satışının da Cəmiyyətin özünün satış kollektivi tərəfindən həyata keçirildiyini vurğulayıb.

O həmçinin 1950-ci illərdən sənaye məqsədilə istifadəsinə başlanılan və 1968-ci ildə Azərbaycanın ən Böyük mineral sudoldurma zavodu olaraq istifadəyə verilən "Sirab”ın Sovet İttifaqının dağılmasından sonra fəaliyyətini tamamilə dayandırdığını, baxımsızlıqdan istifadəyə yararsız vəziyyətə düşdüyünü xatırladıb. 

Namiq Novruzov bildirib ki, 2003-cü ildə "Sirab” mineral sular zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrildi, növbəti illərdə dövlətin ayırdığı güzəştli kreditlərin və təsisçilərin öz hesabına şirkət daha da inkişaf edib.

Onun sözlərinə görə, səhmdarların və kollektivinin 20 illik fəaliyyəti nəticəsində "Sirab” bu gün ölkənin milli su brendinə çevrilib.

Novruzov onu da qeyd edib ki, "Sirab” çoxsaylı Naxçıvan sakininin əməkhaqqı qazandığı obyektdir.

O, bundan sonra da ASC-nin fəaliyyətini davam etdirəcəyini və  Azərbaycanın adını ölkə hüdudlarından kənarlarda təmsil edəcəyini deyib. 

Uzun illərdir ki, "Sirab” ASC-nin Vasif Talıbovla əlaqələri barədə Azərbaycan və xarici mediada məlumatlar yayılır.