Şirəliyevə bağlı olduğu deyilən şirkətlə 1.4 milyonluq müqavilə

Şirəliyevə bağlı olduğu deyilən şirkətlə 1.4 milyonluq müqavilə

13-09-2023 00:58 / Bu xəbər 1373 dəfə oxundu

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Rinara Pharma” MMC ilə maliyyə dəyəri 1 400 034,54 AZN təşkil edən satınalma müqaviləsi imzalayacaq. 

"Qaynarinfo" xəbər verir ki, şirkət qurumun xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramının icrası məqsədilə dərman vasitələrinin və sərfiyyat mallarının satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi olub. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə "Rinara Pharma” MMC 19 fevral 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 40-42/60, ev 1, mənzil 88-də yerləşir. MMC-nin qanuni təmsilçisi Orucov Elnur Cəfər oğludur. 

Elnur Orucov barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur. 

"Rinara Pharma”ya gəlincə,  MMC-nin veb-səhifəsində qeyd edilib ki, şirkət 2003-2010-cu illərdə "Keşəli” MMC, 2010-2015-ci illərdə isə "Certus Pharma” MMC adı altında fəaliyyət göstərib. 

Araşdırma matertiallarında "Certus Pharma” MMC keçmiş səhiyyə naziri Oqtay Şirəliyevin şirkəti kimi təqdim edilir. Bu fakt təkzib olunmayıb. 

"Rinara Pharma” MMC-nin veb-səhifəsində şirkətin rəhbərliyi və sahibi barəsində heç bir məlumat yoxdur. Bu, şirkətin hansı "VİP persona”ya məxsus olduğuna şübhələri artırır.