Sirrlər açılır: “Moskva” kreyseri batıbmı, vurulubmu?

Sirrlər açılır: “Moskva” kreyseri batıbmı, vurulubmu?

18-04-2022 12:38 / Bu xəbər 1887 dəfə oxundu

"Moskva” kreyseri üzərindən "müəmmalar dumanı” çəkilir. 

Ukrayna raketləri ilə vurulan kreyserdə ölən, yaralanan və itkin düşənlər var.

Aprelin 13-də axşam saatlarında Rusiya Federasiyası Qara Dəniz Donanmasının bayraqdarı olan "Moskva" raket kreyserində yanğın baş verməsi barədə məlumat yayıldı. 

Ukrayna tərəfi - ilk olaraq ukraynalı jurnalist Serg Marco (Aleksandr Karpyuk) öz facebook səhifəsində "Moskva” kreyserinin gəmi əleyhinə "Neptun” raket kompleksi ilə vurulduğuna dair status paylaşıb. Daha sonra Odessa vilayətinin başçısı Maksim Marçenko və Ukrayna Silahlı Qüvvələrinin "Cənub” Əməliyyat Komandanlığının sözçüsü Vladislav Nazarov bu xəbəri təsdiqləyiblər. 

Bundan bir neçə saat sonra Rusiya xəbər agentlikləri Rusiya Federasiyasının Müdafiə Nazirliyinə istinadən xəbər verdilər ki, yanğın nəticəsində kreyserdə sursat partlayıb, ekipaj "tamamilə təxliyə edilib. Yanğının səbəbi hələlik məlum deyil. 

Ertəsi gün agentliklər "Moskva”nın fırtına zamanı yedəyə alınarkən batdığını bildirib və ekipajın təxliyəsi ilə bağlı məlumatı təkrarlayıb. Rusiya hərbçiləri gəmidə neçə ekipaj üzvünün olduğunu, onlar arasında ölən və ya yaralananların olub-olmadığını dəqiqləşdirməyib. 

Rusiya rəsmilərinin kreyserin batması səbəbi və ekipajın "tam tərkibdə” təxliyyə edilməsi xəbərinə nəinki dünyada, hətta Rusiyanın özündə də skeptik yanaşıldı. 

Aprelin 15-də Rusiya mediasında Sevastopol şəhərində Qara Dəniz Donanmasının veteranları və şəhər sakinlərinin kreyserlə vida mərasimi keçirmələrinə dair məlumatlar paylaşıldı. Məlumatlarda əks olunan fotoşəkildəki əkliklərdən görünür ki, sakinlər həm də ölən dənizçilərlə vidalaşırlar.
  
15 apreldə Ukrayna mətbuatı "Naval News”a istinadən xəbər verdi ki, mütəxəssislər infraqırmızı filtrli bir sıra peykləri təhlil edərək gəmidə partlayışın aprelin 13-də saat 18:52-də (Kiyev vaxtı ilə) baş verdiyini görüblər.

Həmin vaxt gəmi Zmeinı adasının şərqində, Odessadan 80 və Ukrayna sahillərindən 50 dəniz mili aralığında olub. Rusiya kreyseri 45°10’43,39″N, 30°55’30,54″E koordinatlarda olan zaman ona raket zərbələri endirilib.

Mütəxəssislər qeyd ediblər ki, həmin an "Moskva”nın yaxınlığında daha bir neçə Rusiya hərbi gəmisi olub. Gəminin yeri aprelin 12-də gəminin peyk görüntüləri ilə üst-üstə düşür.
  
Ekspertlər vurğulayıblar ki, bu, Ukrayna tərəfinin  versiyasını təsdiqləyir, çünki gəmi Ukrayna raketlərinin uçuş məsafəsinə uyğun gələn məsafədə olub.

Dərhal sonra Reuters, Washington Post və CNN Pentaqonun anonim mənbələrinə istinadə edərək rus kreyserinin Ukraynanın gəmi əleyhinə raketlərlə vurulduğunu təsdiqləyiblər.

16 apreldə Rusiya Müdafiə  Nazirliyi və "Zvezda” telekanalı Sevastopolda Hərbi Dəniz Qüvvələrinin baş komandanı admiral Nikolay Yevmenov və Qara dəniz donanmasının komandanlığı "Moskva” raket kreyserinin ekipajı ilə görüşü barədə video paylaşıb. 

Videonun məruzə hissəsi səssiz olub. Məruzə zamanı komandir şəxsi heyətin sayı barədə məlumat verməyə, sıralarda neçə nəfərin olduğunu və neçə nəfərin iştirak etmədiyi və iştirak etmədiyinin səbəbləri barədə, o cümlədən yaralanan və ya ölənlər barədə məlumat verməlidir. 

Öz növbəsində, «The Insider» videoda 100-ə yaxın dənizçinin olduğunu yazıb. Nəşr, həmçinin qeyd edib ki, görüşdə Qara Dəniz Donanmasının komandanı admiral  İgor Osipov gözə dəyməyib (Ukrayna kəşfiyyatı onun həbs olunduğunu yazıb). 

Beləliklə, "Moskva” kreyserinin sağ qalan dənizçilərinin sayı ilə bağlı məlumatlar naməlum olaraq qalır. 

Ukrayna mediası ekipajın sayı ilə bağlı müxtəlif məlumatlar verir - 500-700 nəfər. Ukrayna prezidenti ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib ki, gəmidə böyük ehtimalla 510 dənizçi olub. 

Ukrayna sərhəd xidməti iddia edib ki, güclü fırtına ekipajın xilas edilməsinə mane olub. 

"Wikipedia”ya görə, "Moskva" raket kreyserinin də məxsus olduğu 1164 "Atlant Layihəli raket kreyserlərinin ştat üzrə ekipaj sayı 485 nəfərdir, o cümlədən 66 zabit, 64 miçman. 2009-cu ilin məlumatına (kreyserin son modernləşməsinə qədər) görə, "Moskva" kreyserinin ekipajı 416 nəfərdən, o cümlədən 38 zabitdən ibarət olub.  

Rusiya Müdafiə Nazirliyinin gəmi ekipajının tam heyətlə Sevastopol şəhərinə evakuasiya olunmasına dair məlumat paylaşmasına baxmayaraq, 16 apreldə "Azadlıq radiosu”nun Ukrayna bürosunun "Sxemı” layihəsi kreyserdə ölən ilk dənizçinin adını açıqlayıb – Udmurtiyadan olan 41 yaşlı miçman İvan Vaxruşev.  

"Sxemı” jurnalistləri sosial şəbəkələrdə Varvara Vaxruşevanın ərinin "vəzifələrini yerinə yetirərkən” öldüyünü bildirən postunu aşkarlayıb. O, Rusiya Hərbi Dəniz Qüvvələrinin zabit forması geyinmiş, miçman hərbi rütbəli bir kişinin şəklini yayımlayıb.

Jurnalistlərin xahişi ilə "Vkontakte” istifadəçisi Varvara Vaxruşevaya müraciət edib və o, ərinin "Moskva” kreyserinin batması nəticəsində öldüyünü təsdiqləyib.

Qadının sözlərinə görə, "Moskva” ekipajının 27 üzvü itkin düşüb.

Bundan sonra, kreyserdə xidmət edən başqa bir çağırışçının anası "Novaya qazeta Europe" qəzetinə oğlunun başına gələnlər haqqında danışıb.

Qadının və əsgərin adı təhlükəsizlik baxımından açıqlanmayıb. 

Ana qeyd edib ki, oğlu ona ağlaya-ağlaya zəng edib və gəmidə dəhşətli hadisələrin baş verdiyini danışıb. Əsgər, anasına gəminin Ukrayna tərəfdən vurulduğunu təsdiqləyib və söhbətin üç Neptun raketindən getdiyini bildirib. 

Onun sözlərinə görə, kreyserdə 40-a yaxın rusiyalı hərbçi ölüb, çoxlu sayda yaralı var.

"Yaralıların, əsasən əzaları kəsilib" deyə ana bildirib. Oğlu hazırda xəstəxanadadır, xidmət müddəti hələ bitməyib.

"Moskva" kreyserində xidmət edən rusiyalı çağırışçı əsgər Yeqor Şkrebets də itkin düşüb. Bu barədə "The insider” məlumat yayıb. Nəşrin məlumatına görə, əsgərin itkin düşməsilə bağlı məlumatı onun atası Dmitri Şkrebets «Vkontakte» sosial şəbəkəsində dərc edib. O, oğlunun ölən və yaralananlar siyahısında olmadığını deyib.

"Oğlum çağırışçıdır, "Moskva” kreyserinin birbaşa komandirlərinin mənə dediyinə görə, o, ölən və yaralananlar arasında yoxdur və itkin düşənlər siyahısındadır. Döyüş əməliyyatlarında iştirak etməli olmayan çağırışçı itkin düşənlər siyahısındadır. Uşaqlar, açıq dənizdə itkin düşüblər?!!!”, – Şkrebets yazır.

"Moskva” kreyserində xidmət edən və itkin düşən çağırışçı matros Yeqor Şkrebetsin anası "The Insider”ə danışıb ki, o, əri ilə kreyserdən gətirilən yaralıların yerləşdirildiyi hospitalda (Skalistaya buxtası) olub. Orada, onun sözlərinə görə, təxminən 200 yaralı dənizçi var idi. Ümumilikdə, Skrebetsin anasının dediyinə görə, gəmidə 500-dən çox insan olub.

"Biz hər yanmış uşağa baxdıq. Nə qədər çətin olduğunu ifadə edə bilmərəm, amma öz balamı tapmadım. Orada cəmi iki yüz nəfər var idi, kreyserdə isə beş yüzdən çox adam olub. Digərləri haradadır? Krasnodarı axtarmışıq, hər yerdə axtarmışıq, amma tapa bilmirik", - İrina Şkrebets deyib.

Əsgər anasının sözlərinə görə, onlar Donanmaya, FTX-ya və gəmi komandirlərinə müraciətlər etsələr də onlara ölən, yaralanan və itkin düşənlərin siyahısını göstərməyiblər və oğlu barədə dəqiq məlumat verməyiblər.

Daha sonra "Agentstvo” nəşri "Moskva” kreyserindən itkin düşmüş ikinci hərbi dənizçi barədə məlumat paylaşıb.   

Məlumatda qeyd edilir ki, "VKontakte” istifadəçisi Ulyana Tarasova bazar günü oğlu Markın "Moskva” kreyserində itkin düşdüyünü bildirib.

Qadın özü haqqında yazır ki, o, Sankt-Peterburqdandır, 47 yaşı var. Markın öz Instagramı var. Orada dekabrın 15-də hərbi xidmətə çağırılmış dənizçi timsalında olduğu bir fotoşəkil dərc edib.

"Agentstvo" Markın yanında dayanan qızı tapıb. O, dekabrın 15-də matrosun Rusiya Federasiyasının Silahlı Qüvvələrində xidmət etməyə getdiyini təsdiqləyib. 

Açıq mənbələrdən əldə olunan məlumatları ümumiləşdirdikdə ilk olaraq o qənaətə gəlmək olar ki, "Moskva” kreyserinin vurulması Ukrayna tərəfinin versiyası ilə üst-üstə düşür: kreyserin raketlərlə vurulması, ekipajın 500 nəfərdən artıq olması, ölən və yaralananların mövcudluğu.
 
Böyük ehtimalla yaxın günlərdə biz digər matros və zabitlərin yaxınlarının sosail şəbəkələrdə bu qəbildən olan məlumatları ilə rastlaşacağıq və əlbəttə ki, Rusiya Müdafiə Nazirliyi rəsmiləri artıq bu tip xəbərləri gizlədə bilməyəcək. Bu o deməkdir ki, kiminsə "başı” gedəcək, özü də nümayişkaranə şəkildə: döyüş növbəsində olan gəmidə çağırışçıların olması və ümumiyyətlə, kreyserin vurulmasına görə!

Necə deyərlər: Hökmdar səhv etmir. Hökmdar səhvləri bağışlamır!

Nizami Bağırov
Qaynarinfo