Sistemə qarşı sistemdənkənar...

Sistemə qarşı sistemdənkənar...

17-02-2018 17:11 / Bu xəbər 3736 dəfə oxundu

Elman Fəttah 

Avtoritar ölkələrdə hakimiyyət dəyişikliyinin səbəbləri adətən obyektiv şərtlərlə — zülm, yoxsulluq, dözülməz həddə çatan haqsızlıq və sairlə əlaqələndirilir. Bu şərtlər onlarla ölkədə var. 

Dəyişiklik isə avtomatik hamısında baş vermir. O ölkədə baş verir ki, o cəmiyyət zülmü və haqsızlığı dərk edir, üstəlik, bu gedişatın təbii olmamasına inanır. Bir sözlə, dəyişiklik o vaxt baş verir ki, cəmiyyət bunun zəruriliyinə bütün komponentləri ilə sahiblənir. 

Belə ölkələrdə dəyişikliyin katalizatoru rolunda təcrübə (təəssüf ki) çıxış etmir. Təcrübə başlayan prosesləri siyasi, dəyişikliyin qaçılmazlığını şərtləndirən məcraya yönəltməkdə mühüm resurs rolunu oynayır. 

Prosesi isə qeyd etdiyimiz əsasların mövcudluğunda, qeyri-müəyyən zamanda qeyri-müəyyən hadisə törədir. Əgər təcrübə prosesə müdaxil olarsa, nəticə dəyişikliklə, müdaxil olmazsa, lokal üsyanla yekunlaşır.

Bizim ölkədə əksəriyyət ciddi şəkildə narazıdır. Bu total narazılıq etirazçılığa çevriləndə dəyişiklik prosesinin başlanğıc şərtləri mövcud olmuş olacaq. İstənilən halda zaman göstərəcək ki, biz atoritarizmdə yaşayan onlarla ölkədən hansına aid olacağıq? 

Dəyişikliyə nail olana, yoxsa heç cəhd etməyən onlarla digərinə? Nəhayət, avtoritarizmdə dəyişiklik sonralar izahına qalaq qalaq kitablar yazılan hadisədir. Öncədən proqnozlaşdırıla bilən hadisə yox...

Bu izahı istənilən klassik avtoritarizmə yoxlama testi kimi şamil edə bilərik: 

1.Əgər hələ də davam edirsə, deməli toplum dəyişikliyin zəruriliyi qənaətinə gələ bilməyib.
2. Dəyişiklik harda baş veribsə mütləq anidən baş verib.

Bəs yeni avtoritarizmdə, hansında kı biz yaşayırıq, bu test keçərlidirmi? Deyil! 

Yeni avtoritar rejimlər klassiklərindən fərqli olaraq «öz müstəqil siyasətləri»ni (hansı ki, onları ayaqda tutmalıdır) şərtləndirən resurslara tam sahiblənə bilmirlər. Məsələn, "müstəqillik" üçün zəruri olan izolyanist siyasət yeridə bilmirlər. Xüsisilə də bu resurs yetərsizliyi yeni avtoritarizmi (bizi) öz klassiklərindən (Ş.Koreya) fərqləndirən ən mühüm elementdir. 

Biz, avtoritarizmə qarşı mübarizə aparanlar, rejimin bu resurs yetərsizliyini dəyişiklik müstəvisinə, əslində məhz sistemdən kənara daşımaqda gecikdikcə, rejim də öz avtoritarizmini klassikaya yaxınlaşdırır. Bu gedişat rejiməmi, yoxsa bizəmi daha çox ziyandır? 

Qəti olan odur ki, cəmiyyətimizin gələcəyi üçün ziyandır... 

Nə zamansa yuxarıdakı testə uyğun dəyişiklik cəhdi olarsa, o zaman o dəyişikliyi siyasi məcrada tutacaq təcrübə mövcud olacaqmı? Cavabı çətin sual budur.

Dəyişikliyə nail ola bilmiriksə, gələcəyin "təcrübə" resursu haqda düşünmək lazımdır...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.