Siyasi blogerin bacısı: "Özümü öldürmək həddinə çatmışam"

Siyasi blogerin bacısı:

14-03-2021 13:07 / Bu xəbər 3334 dəfə oxundu

"Videogörüntülərin yayılmasından sonra evimizə hücumlar edilir”

"Başa düşmürəm, mənim şəxsi həyatım insanlara niyə maraqlı olmalıdır? Bəyəm adamın sevgilisi, əri olmur? Mən indi ərim ilə yatmamalıyam ki, məni çəkəcəklər?”

Bu sözləri Meydan TV-yə kibercinayətkarlığın qurbanlarından biri deyir. 

O, hakimiyyəti tənqid edən bloger qardaşına görə hədəfə gəldiyini düşünür.

"Yayılan videolarda ərimin üzü gizlədilib”

37 yaşlı qadın deyir ki, bu, ailələrinə qarşı edilən ilk təzyiq deyil: "3 il əvvəl atamla anamı basdılar bir maşına, aparıb təhdid etdilər. Dedilər ki, oğlunuz blogerlik fəaliyyətini dayandırmasa, onda biz qızınızı ifşa edəcəyik. Bir müddətdir vətəndaş nikahı ilə yaşadığım adam var. İndi onunla intim videogörüntüm yayılıb. Bu video hazırda mühacirətdə olan qardaşıma, siyasi faəallara, dost-tanışa göndərilib”.

Ailənin qənaətinə görə, bu işdə qadının birgə yaşadığı şəxsin də əli var: "Bizim başqa şübələndiyimiz adam yoxdur. Rayon yeridir, o evə başqa heç kim girib-çıxmır. Yayılan videolarda ərimin üzü gizlədilib. Həm də bu hadisədən sonra o ailəsinin yanına Kazana gedəcəyini dedi, məni tək qoyub aradan çıxdı. İndi o inkar edir etdiyini, bəzən də telefonlarımıza cavab vermir”.

"Evimizin şüşələrini qırırlar”

Qadının sözlərinə görə, problem yalnız videogörüntünün yayılması ilə bağlı deyil. Həmin görüntülərin yayılmasından sonra da təzyiqlərlə üzləşib: "Martın 9-da üç nəfər idmançı görünüşlü kişi evimizə hücum edib. Daha bezmişik həyatımızdan, özümü öldürmək həddinə çatmışam. Heç kim bizim problemimiz ilə maraqlanmır, gedirik polisə polis vecinə almır. Gəlirlər evimizə hücum edirlər, təhdid olunuruq. Qorxuruq çölə çıxmağa. Necə yaşayaq bu ölkədə? Mənim nə günahım var? Telefonlarımıza xarici nömrələrdən edilən gizli zənglərdə də deyirlər ki, sizinlə işimiz yoxdur, qardaşınızladır. Onun heyifini bizdən alırlar. Evimizin şüşələrini qırırlar, atamı təhdid edirlər. Nə isəyirlər bizdən? Öz ölkəmizdə yaşamayaq? Yayda da evimizin önünə qaz qumbarası atdılar, Pəncərələrimiz qırıldı. Polis isə araşdırmaq yerinə yola verir. Təsəvvür edin, polis gəlib bizi ələ salır, rusca "necəsən” soruşur”.

Martın 9-da ailəyə edilən hücumdan sonra blogerin digər bacısı intihara cəhd edib. Lakin vaxtında edilən müdaxilə nəticəsində istəyi baş tutmayıb. Həkimlər hazırda onun vəziyyətinin yaxşı olduğunu, ancaq psixoloji sarsıntı keçirdiyini bildirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Meydan TV-yə deyilib ki, daxil olan bütün şikayətlər üzrə araşdırmalar aparılır. Lakin nəticə əldə edilməyənə qədər araşdırmanın detalları haqda mətbuata və şikayətçiyə məlumat verilmir.