Siyasi fəalın atası sərbəst buraxılıb

Siyasi fəalın atası sərbəst buraxılıb

19-02-2018 15:29 / Bu xəbər 2002 dəfə oxundu

Almaniyada mühacirətdə olan siyasi fəal Tural Sadıqlının atası Əlövsət Sadıqlı fevralın 19-da azad edilib. 

Bu barədə Turan-a Əlövsət Sadıqlı bildirib. 

Ə. Sadıqlının sözlərinə görə, fevralın 18-də axşam saatlarında Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

"Saxlanmağımın səbəbi mühacirətdə olan oğlum Tural Sadıqlının tənqidi çıxışları, statusları, video yayımları ilə bağlı idi. Həm 12-ci polis bölməsində, həm də Sabunçu Rayon Polis İdarəsində oğlumun fəaliyyətinin dövlətin əleyhinə olduğunu dedilər. Mən isə dedim ki, hökumətin əleyhinə, idarəçilik mexanizmi ilə bağlı tənqidi çıxışları ola bilər, amma dövlətin əleyhinə heç zaman çıxış edə bilməz. Dövləti biz qurmuşuq, qurduğunuz dövlətə qarşı çıxa bilmərik", - Ə. Sadıqlı qeyd edib.

Ə.Sadıqlı qonşusunun da saxlanıldığını və sonradan azad buraxıldığını bildirib.

Tural Sadıqlının qardaşı və atası 2015-ci ildə də saxlanılmışdı. O, ailəsinə qarşı təzyiqlərin siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.

"2015-ci il yanvarın 21-də İlham Əliyevlə Almaniya kansleri Angela Merkelin görüşü zamanı bizim etiraz aksiyamızdan bir neçə həftə sonra fevralın 13-də atam və qardaşım Elgiz həbs edildi. Qardaşıma verilmiş iki il həbs cəzası sonradan apellyasiya məhkəməsinin qərarı ilə şərti cəza hesab edildi və o, azadlığa buraxıldı. Ondan sonra ailə üzvlərimizə ara-sıra təzyiqlər, təhdidlər olurdu. İndi isə mühacirətdə olan digər siyasi fəalların ailə üzvlərinə qarşı edilən repressiya dalğası mənim ailə üzvlərimə qarşı da yönəlib", - T.Sadıqlı Turan-a bildirib.

Rəsmi qurumlar siyasi fəalın atasının saxlanılmasının səbəbləri ilə bağlı hələ hər hansı məlumat verməyiblər.///