...siyasi partiyada dərzi ştatı olmalıdır
15-09-2022 18:18 / Bu xəbər 1944 dəfə oxundu
Ənnağı Hacıbəyli
Hesab edirəm ki, qanun layihəsi dövlətimizin indiki inkişaf səviyyəsinə tam uyğun gələn demokratik bir qanunun qəbuluna imkan verəcək.
Ölkədə yaşayan 6 milyon nəfər əhalinin 60 siyasi partiyada təmsil olunması analoqu olmayan göstəricidir və dünya dövlətlərinin hətta həsəd belə apara bilməyəcəyi bir nailiyyətdir.
Bu qanun qəbul edilərsə, ölkədə siyasi partiyalarla bağlı bütün problemlər uğurlu həllini tapacaq, "avtobus müxalifəti”, "cib müxalifəti”, "müxalifət partiyası”, "radikal müxalifət” kimi sözlər arxaizmə çevriləcək.
Bütün bunlarla yanaşı qeyd edilməlidir ki, qanun layihəsinin bəzi xırda əlavələrə ehtiyacı var.
Məsələn, 5.1-ci maddəyə əsasən siyasi partiyanı ölkə ərazisində son 20 il daimi yaşayan tam fəaliyyət qabiliyyətli azı 200 vətəndaş təsis edə bilər. Siyasi partiyanın icra orqanının rəhbərliyində yalnız ölkə ərazisində son 20 il daimi yaşayan partiyanın üzvü təmsil oluna bilər (15.5).
Siyasi partiyanın sədri və sədr müavinləri də ölkə ərazisindən son 20 ildə qırağa çıxmamış üzvlərdən seçilə bilər (m. 16.5). Təklif edirəm ki, "20 il” müddəti "ömürlük” sözü ilə əvəz edilsin. Bu söz bütün partiyaların bərqərar olduğu yerin müddətini də çox dəqiq ifadə edir.
6.1-ci maddədə ("Dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10.000 üzvü olmalıdır”) "10.000 üzvü” sözləri 100.000 rəqəmi ilə əvəz edilsin (6.000000 : 60 = 100.000). Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanunununa əsasən, qanunun hər bir norması əsaslandırılmalı, konkret meyara söykənməlidir. Qeydiyyat normasını söykədiyim, türkün məsəli, şeyi gördüyünüz kimi çox dəqiq hesablamışam.
9.3.4-cü maddədən ("Milli Məclisin deputatlarının, Prezidentin və ya bələdiyyələrin seçkilərində ardıcıl olaraq 2 dəfə iştirak (qeydə alınmış namizədin seçkilərdə bilavasitə iştirakı formasında) etmədikdə siyasi partiya ləğv edilsin”) "2 dəfə” sözü çıxarılsın. Onsuz da siyasi partiyanın namizədi qeydə alınmasa o, seçkilərdə iştirak etməmiş sayılacaq. Məsələni bu qədər uzatmağa ehtiyac varmı?
10.7-ci maddəyə ("Dövlət Bayrağı siyasi partiyanın bayrağı ilə birgə qaldırılırsa (asılırsa), siyasi partiyanın bayrağının ölçüsü Dövlət Bayrağının ölçüsündən böyük ola bilməz”) bu cümlələr əlavə edilsin: "Dövlət Bayrağı dedikdə, Bayraq Meydanında qaldırılmış Bayraq nəzərdə tutulur. Bu qaydaya əməl edilməsinə nəzarət məqsədi ilə siyasi partiyada dərzi ştatı olmalıdır”.
12.3.8-ci maddəyə ("Keçirdiyi mərasimlər və digər təntənəli tədbirlər zamanı Dövlət Bayrağını qaldırarkən və ya asarkən Dövlət Himninin ifa edilməsini təmin etmək”) belə bir cümlə əlavə edilsin: "Bu məqsədlə siyasi partiyada bariton səsli üzvlərdən ibarət hər biri 100 nəfərlik iki xor yaradılmalıdır. Birinci dramatik bariton səsli xor bayraq qaldırılanda, ikinci lirik-bariton səsli xor isə bayraq endiriləndə himn oxuyur”.
23.3-cü maddə ("Üzvün siyasi partiyaya il ərzində ödədiyi üzvlük haqlarının yuxarı həddi 10.000 manatdan artıq ola bilməz.
Üzvlük haqqının məbləğindən artıq ödənişlər ianə hesab edilir”) çox xoşuma gəldi.
Mən dövlətimizin nəzir qutularına ikili yanaşmasını (ikili standart yox!) bəyənir və dəstəkləyirəm. Allah yolunda verilən nəzirlə əqidə yolunda verilən nəzir fərqləndirilməlidir. Birincinin məbləğini ianəçi, ikincinin məbləğini isə dövlət müəyyən edir.
27.7-ci maddədən ("Maliyyə hesabatı müvafiq qaydada təqdim edilmədikdə siyasi partiyaya həmin ilin qalan rübləri üzrə dövlət maliyyə yardımı ödənilmir.
Qeyd edilən pozuntu növbəti ildə təkrarlandığı halda siyasi partiyaya həmin ilin qalan rübləri üzrə, həmçinin növbəti 3 il ərzində dövlət maliyyə yardımı ödənilmir”) "həmin ilin qalan rübləri üzrə, həmçinin növbəti 3 il ərzində” sözləri çıxarılsın.
Qanunu belə mənasız müddəalarla yükləməyə ehtiyac yoxdur, onsuz da onların verdiyi hesabat, lazım olanda, "müvafiq qaydaya” uyğun sayılmayacaq.
30.1-ci maddəyə əsasən "Qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyasi partiya 90 gün müddətində üzvlərinin sayını min nəfərə çatdırmalı və üzvlərinin reyestrini tərtib edərək icra hakimiyyəti orqanının müəyyən etdiyi icra hakimiyyəti orqanına (quruma) təqdim etməlidir”.
Bu maddədəki "90 gün” sözləri "9 gün” sözü ilə əvəz edilməlidir, çünki qeydiyyatı olan partiyaların həyəcanla verdiyi xəbərə görə ən az üzvü olan partiyanın 17 min üzvü var. Belədə 90 günə nə ehtiyac var?!
Siyasi partiyalara inandığım qədər inanıram ki, bu qanun siyasi sistemimizin, siyasi partiyaların, seçki sistemimizin və ümumiyyətlə hər şeyimizin inkişafında bir mərhələyə çevriləcək.