“Siyasi Partiyalar haqqında” qanun layihəsi barədə fəallar və hüquq müdafiəçiləri bəyanat yaydı

“Siyasi Partiyalar haqqında” qanun layihəsi barədə fəallar və hüquq müdafiəçiləri bəyanat yaydı

29-11-2022 23:13 / Bu xəbər 907 dəfə oxundu

Milli Məclisinin müzakirəsinə çıxarılan "Siyasi Partiyalar haqqında” qanun layihəsi barədə ictimai-siyasi fəallar və insan hüquqları müdafiəçiləri birgə bəyanat verib. 

Bəyanatda qanun layihəsini ölkənin ictimai həyatının idarə olunmasında iştirak etmək hüququ və birləşmək azadlığını məhdudlaşdıran müddəalardan ibarət mürtəce sənəd olduğu və vətəndaşların siyasi iradəsinin boğulmasına yönəldiyi bildirilir.

"Hesab edirik ki, yeni qanun layihəsində siyasi partiyanın təsis edilməsi, qeydiyyata alınması, maliyyələşməsi, fəaliyyətinə nəzarət, fəaliyyətinin dayandırılması və ya xitam verilməsi və s. hallar üzrə müddəaları siyasi fəaliyyət imkanları ildən-ilə məhdudlaşan ölkə üçün qəbul edilməzdir. Eyni zamanda, "Siyasi partiyalar haqqında” qanun layihəsi ölkəmizin üzv olduğu Avropa Şurasının təməl prinsipləri, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsinin tələblərinə cavab vermədiyini bəyan edirik. 

Azərbaycan hakimiyyətinin qanun layihəsinin Avropa standartlarına uyğunluğunu müəyyən etmək üçün Avropa Şurası Qanunçuluq üzrə Demokratiya (Venesiya) Komissiyasının rəyini almaqdan imtina etməsini – demokratiyadan imtina kimi qiymətləndiririk",  - deyə bəyanatda qeyd edilib. 

Birgə bəyanatda həmçinin sözügedən layihə ilə bağlı aşağıdakıların icrasının zəruri olduğu vurğulanıb:  

• Milli Məclisin müzakirəsinə təqdim edilən yeni qanun layihəsi gündəlikdən çıxarılsın; 
• Hazırda qüvvədə olan "Siyasi partiyalar haqqında” qanun Avropa Şurası Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun üzv ölkələrdə siyasi partiyaların nizamlanması üçün tərtib etdiyi qaydalar və tövsiyələri nəzərə alınmaqla təkmilləşdirilsin;
• Avropa Şurasının Baş Katibi, Parlament Assambleyası və digər strukturları Azərbaycan hökümətinin hərəkətsizliyini izləmək yerinə, mövcud layihə üzrə qanunun qəbulundan öncə Venesiya Komossiyasının rəy verməsi üçün səlahiyyətlərini işə salsın.

Birgə bəyanata aşağıdakı şəxslər imza atıb:

1. Akif Qurbanov, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri
2. Aqil Layıc, hüquqşünas
3. Anar Məmmədli, Seçkilərin Monitorinqi və Demokratiyanin Tədrisi Mərkəzinin rəhbəri
4. Azər Qasımlı, Siyasi Menecment İnstitutunun direktoru
5. Bəxtiyar Hacıyev, siyasi fəal
6. Bəşir Süleymanlı, Vətəndaş Hüquqları İnstitutunun rəhbəri
7. Elçin Rəşid, iqtisadçı ekspert
8. Elman Fəttah, siyasi şərhçi
9. Emin İbrahimov, keçmiş diplomat, siyasi fəal
10. Ələsgər Məmmədli, hüquqşünas
11. Ənnağı Hacıbəyli, hüquqşünas
12. Fariz Namazlı, hüquqşünas
13. Xalid Ağalıyev, Media Hüququ Qrupunun rəhbəri
14. İntiqam Əliyev, hüquqşünas
15. Nemət Kərimli, hüquqşünas
16. Rövşən Ağayev, iqtisadçı ekspert
17. Ruslan İzzətli, siyasi fəal
18. Rüfət Səfərov, "Müdafiə Xətti" İnsan Haqları Təşkilatının həmtəsisçisi
19. Samir Kazımlı, "Hüquq Platforması” Təşəbbüs Qrupunun rəhbəri
20. Səməd Rəhimli, hüquqşünas
21. Şahin Cəfərli, siyasi şərhçi
22. Şəhla Hümbətova, hüquqşünas
23. Şəhla İsmayıl, Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin rəhbəri
24. Toğrul İsmaylov, ictimai fəal
25. Toğrul Vəliyev, iqtisadçı ekspert
26. Yadigar Sadıqlı, tarixçi
27. Yalçın İmanov, hüquqşünas
28. Zaur Əkbər, "Müdafiə Xətti" İnsan Haqları Təşkilatının həmtəsisçisi
29. Zibeydə Sadıqova, hüquqşünas