Siyasi şərhçi: "Azərbaycan yenidən Moskvanın orbitinə qayıdır"

Siyasi şərhçi:

07-07-2021 18:04 / Bu xəbər 2596 dəfə oxundu

Elxan Şahinoğlu: "Azərbaycan rəsmiləri məsələyə aydınlıq gətirməlidir"

Artıq Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (ODKB) iştirakı gündəmə gəlib.

Bu haqda siyasi şərhçi Şahin Cəfərli deyib.

O bildirib ki, KTMT-nin üzv ölkələrinin iyulun 1-də Düşənbədə keçirilən Parlament Assambleyası Şurasının iclasında "tərəfdaş ölkə” institutunun yaradılması haqda təklif verilib.

Təklifi isə Rusiya Dövlət Dumasının Avrasiya inteqrasiyası üzrə Komitəsinin sədri Leonid Kalaşnikov səsləndirib: "Rusiya Dövlət Dumasının Avrasiya inteqrasiyası üzrə Komitəsinin sədri Leonid Kalaşnikov toplantıda deyib ki, bu formata ("tərəfdaş ölkə” institutu) ən çox maraq göstərən ölkələr Azərbaycan və Pakistandır. Rusiya xarici işlər nazirini müavini Rudenko da Azərbaycanın KTMT-yə qoşulması məsələsini bir qədər əvvəl gündəmə gətirmişdi. Prinsipcə, qeyri-adi heç nə baş vermir. 10 noyabr bəyanatının imzalandığı gün yazmışdıq ki, Rusiya Azərbaycanın Avrasiya İqtisadi İttifaqı və ODKB-yə qoşulması məsələsini qaldıracaq. Bu sənəd, eləcə də onun davamı olan 11 yanvar 2021-ci il tarixli razılaşma həm də Azərbaycanın Avrasiya inteqrasiya layihələrinə qoşulmasının bir növ yol xəritəsidir. Təbii ki, tamhüquqlu üzvlük ilk mərhələdə qeyri-mümkündür, çünki hələlik Ermənisanla probemlər çözülməyib, ona görə də "müşahidəçi”, "tərəfdaş” kimi aralıq statuslar gündəmə gətirilir. Kommunikasiyalar açıldıqdan, nəqliyyat əlaqələri bərpa edildikdən (Zəngəzur yolu da daxil olmaqla), sərhəd ixtilafı çözüldükdən və iki ölkə arasında diplomatik münasibətlər qurulduqdan sonra Ermənistanla eyni hərbi ittifaqda, vahid iqtisadi məkanda təmsil olunmağın önündəki əngəllər qalxmış olacaq”.

Şahin Cəfərli: "Moskva ümidlidir ki, Türkiyə də bu inteqrativ proseslərə qoşula bilər"

Cəfərlinin sözlərinə görə, hazırkı proses Rusiya prezident Putinin 2016-cı ildə irəli sürdüyü Böyük Avrasiya Tərəfdaşlığı təşəbbüsünün tərkib hissəsidir: "Rusiyanın 2020-ci ildə Azərbaycanın öz torpaqlarını azad etməsinə mane olmamasının təməl səbəbi də budur. Moskva konflikti dondurulmuş, bölgəni inteqrasiyaya qapalı "boz ərazi” statusunda saxlamağın artıq onun maraqlarına zərər verməyə başladığının fərqinə vararaq böyük düşünməyə başladı və konflikt yaradıb donduran "oyun pozucu” rolundan "oyun qurucu” roluna keçid etdi. İndi Avrasiya İqtisadi İttifaqının bazasında təkcə postsovet məkanını əhatə etməyən daha geniş inteqrasiya modeli formalaşdırılmasına start verilib. İranın, Pakistanın, Çinin, Hindistanın da burada iştirakı nəzərdə tutulur. Moskva ümidlidir ki, Türkiyə də bu inteqrativ proseslərə qoşula bilər, Ankaranın Qarabağ məsələsinin həllinə qismən cəlb olunması da bununla əlaqədardır”.

O, başlanan prosesin Azərbaycan üçün müsbət və mənfi tərəflərinə də toxunub: "Müsbət tərəfi odur ki, Rusiya işğaldakı ərazilərin böyük hissəsini geri qaytarmağımıza şərait yaratdı. Xankəndi və çevrəsini isə girov kimi əlində saxlayır ki, birdən tərəflərdən biri cızılan çərçivənin xaricinə çıxmaq istəsə, ona qarşı istifadə etsin. İstisna deyil ki, dünənki atəşkəs pozuntusu siyasi xarakter daşıyır və Bakıya xəbərdarlıq, yaxud xatırlatma məqsədli siqnaldır. Prosesin mənfi tərəfi isə odur ki, Azərbaycan yenidən Moskvanın orbitinə qayıdır. Bunu neqativ qiymətləndirməyim subyektiv qənaətimdir, çünki ölkəmizdə Rusiya ilə dərin inteqrasiyanı dəstəkləyənlər də var. Çin totalitarizmi və Rusiya avtokratiya modelinin hegemon olduğu Avrasiya coğrafiyası və dəyərlər sisteminə inteqrasiya o deməkdir ki, nə vaxtsa ölkəmizdə hüquq və azadlıqlara əsaslanan demokratik sistem qurmaq əvvəlkindən daha çətin bir vəzifəyə çevrilə bilər”.

Elxan Şahinoğlu: "Rusiya Azərbaycana atılan "İsgəndər-M” raketləri ilə bağlı suallara cavab verməyib"

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu iyulun 6-da Ağdamda atəşkəsin pozulmasının ardınca Azərbaycanın Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müşahidəçi statusunda qatılacağı xəbərinin yayılmasınəı təsadüfü saymır.

Elxan Şahinoğlu deyir ki, Azərbaycan rəsmiləri məsələyə aydınlıq gətirməlidir: "Həqiqətənmi rəsmi Bakı Azərbaycanın KTMT-də müşahidəçi statusu almasını istəyir və bununla əlaqədar olaraq təşkilata müraciət edib? Əgər belə bir müraciət olubsa, bunun hansı zərurətdən yarandığı izah edilməlidir. Şəxsən mən Azərbaycanın KTMT-yə müşahidəçi statusunda qatılmasının əleyhinəyəm. KTMT Rusiyanın yaratdığı amorf bir qurumdur. Bəli, KTMT Azərbaycanla Ermənistan arasındakı müharibəyə qarışmadı, qarışa da, bilməzdi, çünki müharibə Azərbaycan ərazisində gedirdi, təşkilatın Ermənistanı müdafiə etməsi üçün heç bir əsası yox idi. Digər tərəfdən, Rusiyanı və Ermənistanı çıxmaq şərtilə təşkilatın digər üzvləri birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa önəm verirlər”.

O, Rusiyanın Azərbaycan ərazisinə atılan "İsgəndər-M” raketləri ilə bağlı suallara da cavab vermədiyini qeyd edib: "Bütün bunlar varkən Bakı təşkilata müşahidəçi statusuyla niyə qatılsın? Türkiyə ilə imzalanan "Şuşa bəyannaməsi” də Azərbaycanın KTMT-dən məsafə saxlamasını diqtə edir. Azərbaycanın KTMT-yə müşahidəçi statusunda qatılması sadəcə, Rusiyaya lazımdır ki, bizi öz orbiti ətrafında saxlaya bilsin. Bizə bu lazımdırmı?”.

Amma Şahinoğlu Azərbaycan hakimiyyəti içərisində KTMT-yə yaxınlaşmaq siyasətini dəstəkləyənlərin olduğunu istisna etməyib: "Həmin şəxslərdən biri ilə iki il əvvəl həftələrcə qiyabi polemika apardım. O dayanmadan deyirdi ki, "Azərbaycan KTMT-yə üzv ola bilər”, mən isə əksini əsaslandırırdım. Bundan bir neçə ay sonra aramızdakı polemikaya prezident İlham Əliyev beynəlxalq tədbirlərdən birində rusiyalı jurnalistin mövzuyla bağlı sualına cavab verərkən nöqtə qoydu: "Azərbaycanın hərbi bloklara qoşulmaq planı yoxdur”. İnanmaq istərdim ki, bu plan dəyişməyib”.

Fazil Mustafa: "Azərbaycan mütləq mənada hansısa hərbi bloka qoşulmur"

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa hesab edir ki, bu məsələ Azərbaycanın arzusunu ifadə etməsi və Rusiya Dövlət Duması üzvünün dilindən səsləndirilməsilə həllini tapmır: "Azərbaycanın rəsmi qurumları var, onlar fikir bildirə bilərlər”.

Fazil Mustafanın sözlərinə görə, Azərbaycan manevr etmək üçün bir sıra qurumlarda müşahidəçi kimi çıxış etməsi normal qarşılanmalıdır: "Çünki Azərbaycan mütləq mənada hansısa hərbi bloka qoşulmur, belə bir niyyətimiz də yoxdur. Şəxsən mən Azərbaycanın hansısa hərbi bloka qoşulmasının tərəfdarı deyiləm. Amma hardasa müşahiəçi, əməkdaşlıq statusunun olmasında bir təhlükə görmürəm. Hər hansı bir öhdəlik qoyulmursa, bütün hallarda əməkdaşlıq, normal münasibətlər saxlanılması üçün bunun ziyanı olacağını düşünmürəm. Bir daha deyirəm, üzvlüyün əleyhinəyəm. Açığı indiki şərtlərdə Azərbaycanın NATO üzvü kimi də hansısa öhdəliyin altında olmasını doğru saymıram. Çünki NATO-ya üzv olmaq istəyən ölkələrin hansı aqibət yaşadığını görürük, Ukrayna və Gürcüstanın timsalında bunu misal çəkmək olar. Ona görə də NATO və KTMT daxil indiki mərhələdə Azərbaycanın hansısa hərbi bloka qoşulmasını doğru saymıram. Amma müşahidəçi və yaxud hansısa əməkdaşlıq formatında münasibətlərin qurulmasında təhlükə görmürəm”.

İyulun 1-də Düşənbədə KTMT üzvü olan ölkələrin Parlament Assambleyası Şurasının iclası keçirilib.

Toplantıda təşkilata tərəfdaş ölkələr institutunun təsis edilməsi qərara alınıb. Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin sözlərinə görə, KTMT-yə tərəfdaş ölkələr onun strukturlarında həlledici səsə malik olmayacaqlar, amma sənədlərin hazırlanmasında və kollektiv qərarların işlənilməsində iştirak edəcəklər.

O, ad çəkməsə də KTMT ilə əməkdaşlıq üçün bir sıra dövlətlərin maraq göstərdiyini bildirib, ancaq Dövlət Dumasının Avrasiya inteqrasiya məsələləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov konkret iki ölkənin adını çəkib: Azərbaycan və Pakistan.

Leonid Kalaşnikovun sözlərinə görə, Azərbaycan və Pakistan KTMT yanında müşahidəçi statusu almaq üçün çoxdan öz arzularını ifadə ediblər.///Meydan TV