Siyasi şərhçi: "“Əfqan Muxtarlı işi” Azərbaycana da sıçrayacaq"

Siyasi şərhçi:

27-07-2022 12:20 / Bu xəbər 1070 dəfə oxundu

Hüquqşünas: "Baş Prokurorluq dərhal araşdırmalara başlamalıdır"

"Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçmiş rəis müavini Soso Qoqaşvili azərbaycanlı müxalif jurnalist Əfqan Muxtarlının milyarder Bidzina İvanişvilinin göstərişi ilə oğurlandığını həbsdə olduğu yerdən bir məktubla etiraf edib". 

Bunu hüquqşünas Ələsgər Məmmədli Soso Qoqaşvilinin bəyanatını şərh edərkən deyib. 

Onun sözlərinə görə, cəmiyyətdə Əfqan Muxtarlının ittiahımının saxta olduğuna və həbsin iki ölkənin təhlükəsizlik və sərhəd xidmətlərinin birgə qanunsuz fəaliyyəti ilə baş verdiyinə şübhə yox idi: "Lakin indi etirafın gəlməsi ilə sübut ortaya qoyuldu. Gürcüstan tərəfinin, o cümlədən şəxsən İvanaşvilinin bir bədəl ödəməsi məsələsini qoyuram kənara, o Gürcüstanın məsələsidir. Bizi Azərbycan tərəfindən bu qanunsuz adam oğurlama cinayətini həyata keçirən, saxta yaxalama aktı, saxta ittiham aktı tərtib edən, saxta qərar çıxaran və ən önəmlisi bu qanunsuz adam oğurluğu cinayətinə göstəriş verənlərin bədəl ödəməli olmasıdır". 

Ələsgər Məmmədli 

Hüquqşünas deyir ki, Baş Prokurorluq dərhal araşdırmalara başlamalıdır: "Baş Prokurorluq dərhal bu faktla bağlı araşdırma başlatmalı, cinayətkar şəbəkənin ifşa olunması və hüquq qarşısında cavab verməsi üçün hərəkətə keçməlidir. Dövlətin çətiri altında  səlahiyyətlərindən sui-istifadə edərək jurnalistə, qarabağ qazisi Azərbaycan vətəndaşına qarşı bu cinayətin törədilməsi, sonrasında ölkədən "sürgün" edilircəsinə çıxarılması ciddi konstitusiyon pozuntudur. Bunun siyasi və hüquqi nəticələri olmalıdır".

Siyasi ekspert Xəqani Cəfərli hesab edir ki, bu etiraf Gürcüstan hakimiyyəti üçün ciddi problemə çevrilə bilər.
 

Xaqani Cəfərli

"Qoqaşvilinin Facebook səhifəsində dərc olunan məktubunda İvanişvilinin qanunsuz əmrinin icra edilməsində Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili və daxili işlər naziri Vaxtanq Qomelaurinin adlarını çəkir. Soso Qoqaşvilinin bu etirafından sonra Bidzina İvanişvilinin "boynundakı kəndir”, sanksiya ilməyi sona kimi çəkiləcək.
"Əfqan Muxtarlı işi”, heç şübhəsiz ki, Azərbaycana da sıçrayacaq”, – deyə Xəqani Cəfərli qeyd edib.

"Azərbaycanlı jurnalist Əfqan Muxtarlı hakim Gürcü Arzusu Partiyasının yaradıcısı Bidzina İvanişvilinin əmri ilə Tbilisidən oğurlanıb”. 

Bunu Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəis müavini Soso Qoqaşvili bildirir. 

İyulun ortalarında dövlət sirrini yaymaq itiihamı ilə həbs olunan Qoqaşvili iyulun 26-da Rusitavi həbsxanasından məktub yazıb. 

Həmin məktubda beş il əvvəl Tbilisidə oğurlanan jurnalist Əfqan Muxtarlı barədə də yazılır. 

Qoqaşvili deyir ki, bu iş üzrə bütün sübutları DTX-nin Əməliyyat-Texniki Departamenti məhv edib.

Oturum izni ilə Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-da "yoxa” çıxıb və səhəri gün Azərbaycanda həbs edilib.

Dediyinə görə, Tbilisidə saxlanıb, işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. 

Azərbaycan sərhədində jurnalistin cibinə 10 min avro pul qoyulub.

Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edirdi.

Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülmüşdü.

Həmin ittihamlarla, o, 6 il azadlıqdan məhrum edilib.

Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyıb.

2020-ci il martın 17-də jurnalist gözlənilmədən həbsdən azad edilmiş və dərhal Almaniyaya göndərilmişdi. Ona Azərbaycanda doğmaları ilə vidalaşmağa belə imkan verməmişdilər. Həmin vaxt açıqlamalarında Əfqan Muxtarlı bildirmişdi ki, hakimiyyət, sadəcə, onun qətimkan tədbirini dəyişib – həbsxananı ölkədən sürgünlə əvəzləyib.