Siyavuş Novruzov: "Əli Kərimlinin evinin qarşısındakı aksiyalara YAP-ın aidiyyatı yoxdur"

Siyavuş Novruzov:

10-03-2018 10:49 / Bu xəbər 3217 dəfə oxundu

''Təhqir hakimiyyətdən başlamayıb''

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzovun "Yeni Müsavat" qəzetində müraciəti yayılıb. 

Müraciətin doğurduğu sualları nəzərə alaraq YAP-çı deputatla əlaqə saxladıq. 

 - Siyavuş müəllim, sizin məlum müraciətiniz bir sıra media orqanlarda və sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib. Bunlardan xəbərdarsınızmı?

- (gülür) Oxuyuram.

- Müraciətinizə müxalifətçilərin reaksiyası belədir ki, təhqir və şantajları hakimiyyət başlayıb. Onlar Əhəd Abıyevin Milli Məclisdəki çıxışlarını və Hafiz Hacıyevin açıqlamalarını xatırladırlar.

- Hər bir deputat istənilən çıxışı edə bilər. Bunun hakimiyyətə nə aidiyyatı var?!

- Deputat hazırda icra başçısıdır və bunu əsas gətirib onun tapşırığı hakimiyyətdən aldığını iddia edirlər. Bunu əsaslı saymırsınızmı?

- Nə olur, atırlar hakimiyyətin üstünə. Kim kiminlə yola getmirsə, deyir "hakimiyyət edir". Nəyə əsasən?!

- Siz özünüz, ümumiyyətlə, Əhəd Abıyevin dediklərini necə qiymətləndirirsiniz?

- Hər bir şəxs dediyinə cavabdehdir.

- Bəs YAP-çıların AXCP sədri Əli Kərimlinin yaşadığı binanın qarşısındakı aksiya və orda səsləndirilən təhqiramiz şüarları necə şərh edərdiniz?

- Kimsə aksiya edibsə, onun YAP-a nə aidiyyatı var?

- O zaman Vidadi İsgəndərlinin atasının məzarınıın təhqir olunmasını necə izah edərdiniz?

- Əvvəla, onu sübut etsinlər ki, kimsə bunu edib. Ümumiyyətlə, mən elə şeyin əleyhinəyəm. Mən dini baxımdan əsaslandırmışdım ki, belə şeyin əleyhinəyəm.

- Hakimiyyətin tənqidçiləri bildirirlər ki, təhqirlər hakimiyyətdən başlanıb...

- Xeyr, elə deyil, təhqir hakimiyyətdən başlamayıb.

- Məsələn, İlham Əliyev müxalifətçiləri ünsür, həyasız, naftalin iyi verən adlandırıb…

- Özünüzdən elə şeylər düzəltməyin.

- Sizin müraciətin ardınca, müxalifətlə bir masa arxasında təhqirlərə son qoymaqla bağlı müzakirələr aparmaq mümkündürmü?

- İstənilən vaxt istənilən şəxslərlə oturmağa hazırıq.

Meydan.tv