“Siyavuş Novruzovun Nəcməddin Sadıkovla Rövşən Əkbərovu müdafiə etməsi xeyli suallar doğurur”

“Siyavuş Novruzovun Nəcməddin Sadıkovla Rövşən Əkbərovu müdafiə etməsi xeyli suallar doğurur”

09-04-2021 16:46 / Bu xəbər 2346 dəfə oxundu

Ərəstun Oruclu: "Rusiyameylli qanad əks-hücuma keçir”

Uzun illər hakim Yeni Azərbaycan Partiyasının (YAP) media simalarından olan millət vəkili Siyavuş Novruzov açıqlamaları ilə yenidən gündəmə gəlib. Partiyada tutduğu vəzifələrini itirdikdən sonra ilk dəfə Siyavuş Novruzov daxili siyasətdə müzakirələrə səbəb olan bəyanatlar verib. 

2020-ci ilin avqustunda Siyavuş Novruzov karantin qaydalarına zidd olaraq Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirakla bağlı yaranan qalmaqaldan sonra partiyada icra katibinin müavini vəzifəsindən istefa verib. YAP-ın 2021-ci ilin martında baş tutan qurultayında isə, o, İdarə Heyətinin üzvlüyünə seçilməyib.

"Müsavat TV”-də Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ilə debat zamanı Siyavuş Novruzov hakimiyyətin qəzəbinə tuş gələn generallar – Baş Qərargahın rəisi Nəcməddin Sadıkov və keçmiş korpus komandiri Rövşən Əkbərovu tənqid edənlərə irad tutub, onlardan fakt tələb edib və faktiki olaraq generalları müdafiə edib.

Nəcməddin Sadıkovun 44 günlük müharibə başlayan kimi işindən kənarlaşdırılması barədə cəmiyyətdə söhbətlər gəzsə də, rəsmi dairələr bunu təsdiq etmədi. Döyüşlər bitəndən bir neçə ay sonra onun adı Müdafiə Nazirliyinin saytından çıxarıldı və bir çoxu bunu faktiki olaraq təsdiq kimi qəbul etdi. Bir sıra media orqanları və sosial şəbəkə istifadəçiləri onu Rusiyanın agenti kimi təqdim edirlər.

Rövşən Əkbərov isə döyüşlərdən dərhal sonra mətbuata müsahibə verərək, müharibənin ilk günlərindən geri çağırıldığını və hərbi əməliyyatlarda iştirak etmədiyini bildirdi. 2021-ci ilin martında Baş Prokurorluq onun həbsi ilə bağlı rəsmi məlumat yaydı. Cəmiyyət arasında bu həbs birmənalı qarşılanmadı və bir çoxu bunu Nəcməddin Sadıkovla əlaqələndirdi.

Cəmiyyət arasında Siyavuş Novruzov hakimiyyətin təqib etdiyi insanları faktsız, sübut və dəlilsiz sərt tənqid, təhqir edən YAP funksioneri kimi imic qazanıb. Məhz elə buna görə də, onun Nəcməddin Sadıkovla bağlı "xain” və "agent” deyən adamlardan sübut tələb etməsi və Rövşən Əkbərovu döyüş dostu adlandırıb, onun Milli Qəhrəman olduğunu yada salması (Rövşən Əkbərova Milli Qəhrəman adı 1995-ci ildə OMON iğtişaşını yatırdığına görə verilib – red.) siyasi ekspertlər arasında bir sıra versiyaların yaranmasına səbəb oldu.

Ekspertlər uzun illər "Rusiyanın adamı” imicini qazanmış Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin sözçülərindən biri sayılan Siyavuş Novruzovun belə mövqe tutmasını "eyni siyasi xətdə” olanları müdafiə etmək cəhdi kimi qiymətləndirdilər. Digər tərəfdən belə mövqe vəzifələrini itirən şəxslərin hakim komanda daxilində narazıların alyansı kimi də qəbul edildi.

"Azərbaycanda hakimiyyətdaxili qrupların mübarizəsi öz kulminasiya nöqtəsinə çatmaqdadır”

Qeyd olunan məsələləri Meydan TV-yə şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu da hesab edir ki, adıçəkilən debatda Siyavuş Novruzovun Nəcməddin Sadıkovu və keçmiş korpus komandiri Rövşən Əkbərovu müdafiə etməsi xeyli suallar doğurur. 

Onun fikrincə, debatda Mirmahmud Mirəlioğlunun indiki məqamda "gənc” adlandırılan nazirlərə diqqəti çəkdiyi zaman Siyavuş Novruzovun köhnə komanda üzvü olan nazirlərin üzərində dayanması maraq doğurmaya bilməzdi, xüsusən də Ramiz Mehdiyev qanadına.

Ərəstun Oruclu
Mənbə: Meydan TV

"Görünür ki, Azərbaycanda hakimiyyətdaxili qrupların mübarizəsi öz kulminasiya nöqtəsinə çatmaqdadır. Məsələn, AMEA ilə bağlı cinayət işinin açılması, guya mənimsəmə faktlarının üzə çıxarılması göstərir ki, hakimiyyətdaxili mübarizə getdikcə kəskinləşir və bu prosesdə də son vaxtlar daha çox basqıya məruz qalan Rusiyameylli qanad əks hücuma keçir. Yəni həmin qanada daxil olan cənab Novruzovun bir sıra fikirlərindən belə görünür”, - Ərəstun Oruclu deyib.

Ekspertin fikrincə, ortada iki dövlət (Azərbaycan və Rusiya) arasındakı münasibətlərdə müəyyən ziddiyyətlər var ki, bunlar da siyasi mühitə təsir edir. 

O hesab edir ki, Rusiya İlham Əliyevə qarşı bütün vasitələrdən istifadə etməyə çalışır, o cümlədən, daxili siyasi vasitələrdən.

"Ona görə də Rusiyapərəst qanadın vurulmuş nümayəndələrinin aktivləşəcəyi heç də əsassız və yeni deyil. Həm də bunu qeyd edim ki, "İsgəndər” raketlərilə bağlı qalmaqal davam etdikcə, Rusiya başqa üsullara da əl atacaq”, - Ərəstun Oruclu qeyd edib.

O vurğulayıb ki, özünü daxildən qorumaq üçün hakimiyyət həmin qrupun üzvlərinə qarşı inzibati və hüquqi yollarla təzyiqləri gücləndirəcək, vəzifədə olanların bəziləri çıxarılacaq, vəzifədən çıxarılanlar müxtəlif ittihamlarla həbs olunacaq və s.

"Bu mənada deputatın Sadıkovu və Əkbərovu müdafiə etməsinə də hakimiyyətdaxili mübarizənin kontekstində baxmaq lazımdır. Bəli, Azərbaycan hakimiyyəti bütövlükdə Moskvaya meyllidir. Bunu heç kim inkar etmir, amma şimalın daha çox etibar etdiyi Ramiz Mehdiyev komandası olub: dünən də belə olub, bu gün də olacaq”, - Ərəstun Oruclu deyib.

"Siyavuş Novruzov yuxarıdan gələn sifarişi həyata keçirir”

Politoloq Azər Qasımlı isə Nəcməddin Sadıkovla Rövşən Əkbərov məsələsində ciddi fərqlərin olduğunu deyib.

"İkincini illər əvvəl baş verən cinayət hadisəsinə həbs ediblər. Təbii ki, bu, inandırıcı deyil. Nəcməddin Sadıkov isə həbs olunmayıb və onun xarici ölkələrdə istirahətdə olduğu haqda məlumatlar mediaya sızdı. Həm də Nəcməddin Sadıkovun azad olunması ilə bağlı hər hansı sərəncam yoxdur”, - o bildirib.

Politoloq hesab edir ki, Sadıkov personası problemlidir. Bir tərəfdən Müdafiə Nazirliyinin saytından onun barəsində məlumat silinir, digər tərəfdən də onun işdən azad olunması ilə bağlı sərəncam yoxdur.

Azər Qasımlı
Mənbə: Meydan TV

"Sual olunur - Sadıkov hələ də vəzifədədir, yoxsa yox? Vəzifədədirsə, niyə rəsmi saytdan adı silinir? Əgər adı silinibsə, o zaman iş başında olmamalıdır. İş başında deyilsə, yenə o suala qayıdırıq. Azad olunması haqda sərəncam hardadır?”, - Azər Qasımlı sual edib.

Politoloq qeyd edib ki, Azərbaycan ictimaiyyətində Sadıkovla bağlı müəyyən suallar var. Faktlar da olmasa, şübhələr var ki, araşdırılmalıdır, yaxud cəmiyyətə ətraflı məlumat verilməlidir.

"Hökumət bu həssas məsələyə reaksiya verməlidir. 44 günlük İkinci Qarabağ savaşında da Sadıkovu görmədik. Suallar həddən artıq çoxdur. Hansısa deputatın açıqlamsıyla ictimaiyyət istədiyi cavabı almır. Həm də bu məsələyə deputat yox, daha yüksək səviyyədə münasibət bildirilməlidir. Siyavuş Novruzovun niyə bu barədə danışmasına gəlincə, ümumiyyətlə, mövcud sistemdə heç kim özbaşına hər hansı açıqlama verə bilməz. Deputat Novruzov daxil hamı bir mərkəzdən idarə olunur”, - politoloq qeyd edib.

Azər Qasımlı vurğulayıb ki, ölkə başçısı hər şeyə özü cavabdehdir və adi bələdiyyə seçkisindən başlamış rektoru da, naziri də, müavini də prezident təyin edir: "O zaman belə məntiq çıxır ki, Azərbaycanın ən yüksək siyasi səviyyədə Rusiya ilə bağlantısı var. Bu şəkildə də Rusiyaya qarşı çıxmaq istəmirlər, bacarmırlar, milli maraqlarımızı qoruyub təhlükəsizliyimizin öhdəsindən gələ bilmirlər. Sadəcə, deputat Siyavuş Novruzov yuxarıdan gələn sifarişi həyata keçirir. Güman ki, ictimai rəyi dəyişdirib gələcəkdə hansısa addım üçün hazırlayırlar”.

Politoloq hesab edir ki, Siyavuş Novruzovun dedikləri hakimiyyətin öz mesajıdır: "Güman ki, Nəcməddin Sadıkovun gələcəkdə vəzifədə qaldığını göstərmək məcburiyyətində olacaqlar və ictimai rəyi də ona hazırlayırlar”.///meydan.tv