SMDT: "Azərbaycanda ədalətli prezident seçkiləri üçün şərait yoxdur"
12-12-2023 17:09 / Bu xəbər 1055 dəfə oxundu
"Seçkilərin növbədənkənar qaydada keçrilməsi ilə bağlı əsaslı və məntiqli izahat verilməyib”
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) 2024-cü ilin 7 fevral tarixində növbədənkənar Prezident seçkisi təyin edilməsi ilə bağlı bəyanat yayıb.
Mərkəz hesab edir ki, müvafiq sərəncamda tutarlı siyasi ehtiyaclar göstərilməyib və cəmiyyətdə açıq ictimai müzakirələr aparılmayıb: "O cümlədən, seçkinin 15 ay tez keçirilməsi siyasi partiyalar və prezidentliyə namizədlik iddiasında olan şəxslərin iştirakını, vətəndaş cəmiyyəti qurumları və beynəlxalq seçki müşahidə təşkilatlarının hazırlığını çətinləşdirib. Bununla da Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərdə təsbit olunmuş "seçkilərin ağlabatan aralıqda və müddətdə keçirilməsinə dair” müddəalar gözlənilməyib, seçkilərin növbədənkənar qaydada keçrilməsi ilə bağlı əsaslı və məntiqli izahat verilməyib”.
Bəyanatda yada salınıb ki, növbədənkənar seçkinin təyin edilməsi hüququ milli qanunvericliyə 26 sentyabr 2016-cı ildə keçirilmiş referendumdan sonra gətirilib: "Həmin referenduma çıxarılan düzəlişlərlə bağlı Avropa Şurası Venesiya Komissiyasının rəyində dəyişikliklərin motivlərinin aydın olmadığı, referendum aktının müzakirəsinə parlamentin cəlb edilməməsi və konstitusion düzəlişlərin qüvvəyə minməsi qaydası ilə bağlı tənzimləmənin olmaması tənqid edilib”.
SMDT Avropa Şurasına üzv ölkələrin təcrübəsinə istinad edərək növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı yetərincə müstəsna halların olduğunu, habelə bu səlahiyyətdən istifadə hüququnun müstəsna şərtlər çərçivəsində tətbiq edildiyini vurğulayıb: "Ancaq Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin I hissəsində belə müstəsna qaydalar və şərtlər göstərilməyib, bununla da prezidentə konkret və xüsusi əsaslar göstərmədən növbədənkənar seçkilər keçirmək səlahiyyəti verilib. Beləliklə, Konstitusiyanın 101-ci maddəsinin birinci hissəsi növbədənkənar seçkilərin elan edilməsi ilə bağlı müstəsna şərtlər və qaydaları müəyyən etmədiyindən bu səlahiyyətin özü Avropa seçki təcrübəsi ilə ziddiyət təşkil edir”.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi
Mərkəz indiki repressiya şəraitinin seçki prosesində demokratik şəraitin təmin edilməsini çətinləşdirdiyini bildirib: "Təəssüf ki, hazırda jurnalist, ictimai fəal və siyasi partiya təmsilçilərinin olduğu 200 nəfərə yaxın siyasi məhbusun həbsdə saxlanması, ifadə azadlığını məhdudlaşdıran addımlar, o cümlədən yeni "Media haqqında” və "Siyasi partiyalar haqqında” qanunlar, müstəqil internet TV və veb səhifələrin bloklanması, sosial media fəallarının kütləvi şəkildə təqib edilməsi növbədənkənar Prezident seçkisi ərəfəsində vətəndaş iştirakçılığını məhdudlaşdırır, seçki prosesi ilə bağlı demokratik şəraitin təmin olunmasını çətinləşdirir. Bununla yanaşı vətəndaş cəmiyyəti və hüquq müdafiə təşkilatlarına qarşı davam edən hüquqi-siyasi təzyiqlər seçicilərin maarifləndirilməsi, seçki hüquqlarının müdafiəsi və yerli seçki müşahidəçiliyinin təşkili ilə bağlı çalışmaq imkanlarını tükəndirib”.
SMDT həmçinin əvvəlki seçkilərlə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 50-dən artıq tövsiyəsinin, Avropa Şurası Venesiya Komissiyasının iki rəyinin və Avropa İnsan Hüquqları Məhkəməsinin seçki hüquqlarının pozulması üzrə 50-dən artıq qərarının icra olunmadığını qeyd edib: "Növbədənkənar Prezident seçkisi ərəfəsində ölkədə rəqabətli siyasi mühitin yaradılması, ifadə azadlığı, sərbəst toplaşmaq və birləşmək hüququnun təmin olunması, media, siyasi partiyalar və vətəndaş cəmiyyəti institutlarına fəaliyyət imkanlarının yaradılması təmin edilməyib. Seçki ərəfəsində həll edilməsi vacib məsələlərdən biri də seçicilərin qeydiyyatı ilə bağlı bu sahədə mövcud olan mürəkkəb mexanizmin sadələşdirlməsi, seçicilərin sayı ilə bağlı həqiqi və aşkar hesablamaların aparılmasıdır. Ancaq təəssüf ki, SMDT-nin 2009-cu ildən başlayaraq Dövlət Statistika Komitəsinın 18 yaşdan yuxarı əhali ilə MSK-nın açıqladığı seçici siyahıları arasında uyğunsuzluqla bağlı iradlarına diqqət yetirilməyib”.
SMDT 7 fevral növbədənkənar Prezident seçkisinin azad, şəffaf və rəqabətli qaydada keçirilməsi üçün yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının siyasi məhbus hesab etdiyi şəxslərin azad edilməsini vacib sayıb: "Bundan əlavə siyasi partiyalara öz toplantı və yığıncaqlarını, habelə dinc etiraz aksiyalarını keçirmək hüquqları tanınsın; yerli və beynəlxalq QHT-lərin ölkədə sərbəst şəkildə fəaliyyətini əngəlləyən qanunlara demokratik dəyişikliklər edilsin, vətəndaş cəmiyyəti fəallarına qarşı təqiblərə son qoyulsun; jurnalistlər və blogerlərə qarşı təqiblər dayandırılsın, müstəqil və müxalif veb portalların bloklanması tədbirləri aradan qaldırılsın; Azərbaycan hakimiyyəti ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə Avropa Şurası Parlament Assambleyasına müraciət edərək, hər iki qurumun beynəlxalq seçki müşahidə missiyasını ölkəyə dəvət eləsin”.
Ölkə başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
Bu gün hakim Yeni Azərbaycan Partiyası 7 fevral seçkisində hazırkı Prezident İlham Əliyevin namizədliyini irəli sürəcəklərini açıqlayıb.
İlham Əliyev 2003-cü ildən YAP-ın namizədi olaraq Azərbaycan Prezidentidir.
O, 20 ildir ki, bu vəzifəni icra edir.