"Sınıq Körpü" gömrük postundan gizli keçirilən maşınlar...

09-11-2017 23:18 / Bu xəbər 333 dəfə oxundu

Bakıda maşınını satmaq istəyən bir xeyli adamı aldadıb, avtomobillərini ölkədən çıxarıblar. 

Razılaşma belə olub ki, maşını almaq istəyən adamlar əmlakın sahibinə beh veriblər. Pulun qalan hissəsi isə bir müddət sonra ödənilməliymiş. Amma vaxt keçir və məlum olur ki, nə pul var, nə də maşın. Maşınlar ümumiyyətlə, ölkədən çıxarılıb. Həm də sahibinin nəinki icazəsi, heç xəbəri olmadan...

Bu haqda cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə qarşısına dörd nəfər çıxarılıb – Anar Əliyev, Faiq Abdurrəhmanov, Rəşad Dadaşov və Arif Rzayev. Onlara CM-nin 206-cı (qaçaqmalçılıq) maddəsinin müxtəlif bəndləri ilə ittiham verilib. A.Rzayev bununla yanaşı, həm də vəzifə səlahiyyətlərindən sui-istifadə (maddə 308) etməkdə təqsirləndirilir. Çünki o, Tovuz Gömrük İdarəsinin «Sərhəddə icazə blanklarının verilməsinə nəzarət» şöbəsinin baş müfəttişi olub. Cinayət işinin materiallarına görə, ölkədən maşınlar məhz onun köməyi ilə çıxarılıb.

SAXTA RƏSMİLƏŞMƏ

İş materiallarında yazılıb ki, avtomobilləri sahiblərindən A.Əliyev alıb. O, gömrükdə işləyən tanışı A.Rzayevdən maşınları ölkədən çıxarmaq üçün kömək istəyib. Amma həmin avtomobillərin başqa adamların olduğunu deməyib, maşınların özünə məxsus olduğunu söyləyib. 

Ondan «Sınıq Körpü» gömrük postundan maşınların sənədləri təqdim olunmadan, rəsmiləşdirilmədən, qısa müddətdə keçirilməsini xahiş edib. Səbəb kimi isə oradakı gömrük postunda maşınların çoxluğunu, uzun növbələrin olmasını deyib.

A.Rzayev də maşınların sənədlərini yoxlamadan, elektron imza kartı ilə Dövlət Gömrük Komitəsinin «Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi»nə həmin məlumatları daxil edib. Maşınlar A.Əliyevin adına «müvəqqəti ixrac» gömrük prosedurunda rəsmiləşdirilib, ona verilmiş qeydiyyat kodu əsasında «Sınıq Körpü»dən keçirilib və Gürcüstana aparılıb.

ŞƏRTİ CƏZA İLƏ RAZILAŞMIRLAR...

Gəncə Ağır Cinayətlər Məhkəməsi bir neçə gün öncə onların dördünü də təqsirli bilib. Hökmə görə, A.Əliyevə 3 il 2 ay, F.Abdurrəhmanov, R.Dadaşov və A.Rzayevin hər birinə isə 5 il cəza verilib. Amma onların hamısına münasibətdə CM-nin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.

Baxmayaraq ki, şərti cəza alıblar, amma yenə də təqsirləndirilən şəxslər hökmdən narazıdır. Onlar apellyasiya şikayəti veriblər.

Elə iş üzrə dövlət ittihamını müdafiə edən prokuror da, maşınları qaçırılmış zərərçəkmişlər də hökmə etiraz edir. Zərərçəkmişlər də apellyasiya şikayəti, prokuror isə protest verib. Onlar cəzaların ağırlaşdırılmasını istəyirlər.

70 MİNLİK AVTOMOBİL ÖLKƏDƏN NECƏ ÇIXARILIB

Zərərçəkmişlərdən Kərim Hüseynovun vəkili Hafiz Ələsgərov deyir ki, hüquqlarını müdafiə etdiyi şəxsin «Lexus» markalı maşını ölkədən çıxarılıb. Maşının dəyərinin 70 min olduğunu deyən müdafiəçinin sözlərinə görə, avtomobil bankda girov olub.

Vəkilin fikrincə, istintaq da, məhkəmə də bu işə səthi yanaşıb, ortada adamların inamından sui-istifadə, dələduzluq olduğu halda, buna əhəmiyyət verilməyib: "Bu işdə adı keçən başqa adamlar da var, amma nədənsə istintaqa cəlb olunmayıb".

///azadliq.org