“SOCAR-AQŞ”-nin keçmiş rəhbəri 16 milyonluq yeyinti ittihamı ilə məhkəmə qarşısına çıxır

“SOCAR-AQŞ”-nin keçmiş rəhbəri 16 milyonluq yeyinti ittihamı ilə məhkəmə qarşısına çıxır

30-05-2024 19:21 / Bu xəbər 750 dəfə oxundu

"SOCAR-AQŞ”  MMC-nin keçmiş baş direktoru, 16 milyonluq mənimsəmədə ittiham olunan Ramin İsayev yaxın günlərdə məhkəmə qarşısına çıxarılacaq.

Korrupsiyaya Qarşı Mübarizə İdarəsində onun işi üzrə 10 ay davam edən istintaq yekunlaşıb.

1972-ci il təvəllüdlü Ramin İsayev 2023-cü ilin iyununda həbs olunanda ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsilə ittiham irəli sürülmüşdü.

İstintaqın sonunda bununla yanaşı, həm də 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) maddəsilə əlavə ittiham verilib.

Bu müddələrin sanksiyasında 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bir ilə yaxındır ki, həbsdə olan Ramin İsayevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

O, ittihamları qəbul etmir, özünü təqsirli bilmir.

Quyu-qazma işlərinin həyata keçirilməsilə məşğul olan "SOCAR -AQŞ” MMC 2007-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə yanaşı, həm də "Nobel Energy” və "Abşeron Qazma Şirkəti” MMC (AQŞ) tərəfindən təsis edilib.

Harvard Universitetinin məzunu olan Ramin İsayev 2009-2020-ci illərdə "SOCAR-AQŞ” MMC-nin baş direktoru vəzifəsində çalışıb.