Son bir həftədə ən az 6 fəal həbs edilib

Son bir həftədə ən az 6 fəal həbs edilib

25-09-2023 15:50 / Bu xəbər 688 dəfə oxundu

Son bir həftədə 6 nəfər tənqidçi ictimai fəal və dindar fəalın həbs edilməsi ilə bağlı məlumatımız var. 

Onların sayı çoxdur, bir çoxunun ailələri həbsin ictimailləşdirilməsinin əleyhinə olduğundan ictimai qaydada məlumat yaymırıq. 

Bu barədə "Turan"-a hüquq müdafiəçisi Zəfər Əhmədov bildirib.

Onun sözlərinə görə, son bir həftədə ictimai fəallar Ruslan Vahabov, Mövsüm Məmmədov, Cavid Əliyev, jurnalist Nurlan Libre, dindar fəallar Elvin Sadıqov, İsfəndiyar Məmmədov (Müsəlman Birliyi Hərəkatı) həbs edilib. 

Elvin Sadıqov, İsfəndiyar Məmmədov Ruslan Vahabov barəsində narkotik ittihamı irəli sürülüb, Mövsüm Məmmədov, Cavid Əliyev, Nurlan Libre isə inzibati qaydada müxtəlif müddətlərə həbsə məhkum edilib.

Rəsmi qurumlar bu həbslərlə bağlı hələ məlumat yaymayıb.

"Müdafiə Xətti" hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov "Turan"a deyib ki, reinteqrasiya siyasətindən bəhs olunduğu zamanda ölkənin daxilində insan hüquq və azadlıqlarəna hörmət ruhunda iş aparmaq lazımdır.  

"Alternativ fikrə, müstəqil düşüncəyə, tənqidçi əhval-ruhiyyəyə dözümlü yanaşmaq lazımdır. Amma, biz görürük ki, hər gün Azərbaycanda siyasi yüklü təqib baş verir. Son aylar ərzində elə bir gün yoxdur ki, təqib olmasın. Son dövrlər isə müharibə əleyhdarı olan şəxslər həbs edilir, onların aralarında jurnalist, bloger, ictimai fəal, siyasi tənqidçilər də var. Hesab edirəm ki, aparılan xüsusi repressiv tədbirlər, belə həssas və məsuliyyətli məqamda Azərbaycan diplomatiyasının və hərbiyəsinin əlini zəif edir", - deyə o qeyd edib.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi mərkəzinin rəhbəri Anar Məmmədli "Facebook" səhifəsində yazıb ki, son iki gün ərzində 4 nəfər ictimai fəalın anti-terror əməliyyatına tənqidi yanaşdığı üçün saxlanması, siyasi motivlərlə azadlıqdan məhrum edilməsi sülh və reinterqasiya bəyanatlarının səmərəsini azaldır.

"Siz bu cür həbslərlə heç kimi inandıra bilməzsiniz ki, Qarabağ münaqişəsi konstruktiv şəkildə həll olunacaq. Çünki istənilən sülh sazişi o zaman legitimlik qazanır ki, onu tənqid edənləri siyasi təqib gözləmir. Legitimlik qazanmayan sazişlər isə müvəqqəti olur", - deyə o qeyd edib.