Son dərviş

Son dərviş

16-08-2020 12:55 / Bu xəbər 4378 dəfə oxundu

Ənnağı Hacıbəyli 
 
Sufilik

Dərvişlər sufilərin (sufiliyin) balalarıdır.

İlkə getsək, su­fizm, əslində, or­to­dok­sal is­la­mın eh­ti­yat­lı in­ka­rı, in­sa­nı ka­mil­li­yə ça­ğı­ran fəl­sə­fi cə­rə­yan olub. Su­fiz­mə gö­rə, mis­tik özü­nü­ka­mil­ləş­dir­mə yo­lun­da ilk mər­hə­lə şə­ri­ət, son mər­hə­lə hə­qi­qət­dir. Şə­ri­ət­dən hə­qi­qə­tə mə­nə­vi ge­diş yo­lu­na tə­ri­qət, bu yo­lun nəfəsdərmələrinə mə­qam de­yi­lir. Hə­qi­qə­tə çat­maq üçün şə­ri­ə­tə əməl et­mək va­cib de­yil, əqi­də sər­bəst­li­yi hər şey­dən üs­tün­dür. "Şəriət könlünü Tanrıya vermişlər üçün deyil”. Tə­ri­qət hal­lar və mə­qam­lar sil­si­lə­si­nin vəh­də­ti­dir. Məqam su­fi­nin çat­maq is­tə­di­yi ka­mil­lik mər­tə­bə­si­dir, hal yol­çu­sunu haq­qa qo­vuş­du­ran ila­hi ver­gi­dir. Tə­səv­vüf yol­çu­su­nun son məq­sə­di haq­qa qo­vuş­maq­dır.
 
Sufizm – yaxşı hər şeyə sevgi deməkdir. Sufini son məqsədinə çatdıran yeganə yol sevgidir: dünyaya sevgi, insana sevgi, həyata sevgi, Tanrı sandığın gerçək və ya ilahi varlığa sevgi. Eşq.

Eşq Ruhdur – Tanrının qəbul elədiyi Ruh. Sən Uca Tanrıya ancaq onu apara bilərsən, kamil insan olaraq. Belə deyilsə, ömrünü hədər yaşamısan. Get bu dünyadan və taleyini gözlə. O, onsuz da əzəldən Tanrının hökmündə idi...
 
"Təsəvvüf İslamın təqdim etdiyi Allahın sifətlərinə əlavə edilən Türk ruhudur. Təsəvvüf Allahı dərk etmək üçün insanın yüksəlişidir, Allah xofu deyil”.
 
Təsəvvüf yolçusunun yolu Mütləq həqiqətədir. Mütləq həqiqət Tanrının özüdür. Mütləq həqiqət kamil insanda da var. Mütləq həqiqət eşqdir – Mütləq eşq.

"Eşqdir mehrabı uca göylərin” (Nizami).

Dünyada ən ülvi məşğuliyyət ibadətdirsə, eşq onun qibləsidir. Eşq uca göylərin mehrabı, o uca göylərin fövqündə olan ilahi bir nəsnədir.

"Ey Füzuli, qılmazam tərki-təriqi-eşq kim,
Bu fəzilət daxili-əhli-kəmal eylər məni”.

Eşq – fəzilətdir. Fəzilət bilirsinizmi nədir? Fəzilət – ləyaqətdir, mərifətdir, hünərdir, talantdır, kamillikdir, gözəl əxlaq, alicənablıq, səxavətdir. Onu necə tərk eləmək olar? Axı o, səni bütün bu keyfiyyətlərin zirvəsinə - kamilliyə ucaldır. Bu zirvənin ətəyində küllənib Füzulini qınamaq, sadəcə, cahillikdir. Füzuli üçün eşq uca, əlçatmaz, əbədi canatım zirvəsidir. Daxilən kamal əhli olmayanlar, ola bilməyənlər üçün eşq mövzu ola bilməz.

 "Bieşq kimsə anlamayıb sirri-xilqətin” (Seyid Əzim).

"Eşq olmasaydı, olmaz idi...” Heç nə ola bilməzdi. Eşq hər şeyin əzəlisi və əbədisidir. İnsanlığın sirrini eşqsiz anlamaq mümkünsüz.
 
İlahi Eşq ruhun qidasıdır. O, insanın içində daha gözəldir.

"Eşq – dünyanın tək varlığa endirilməsi və tək varlığın Tanrı dərgahına ucaldılmasıdır (Balzak).
 
Eşq dünyanın hər yerində eşqdir. Sadəcə, onu anlamaq, onun qatlarını görmək, duymaq, yaşamaq hər insanın işi deyil. Neyləmək olar, görünür, eşq seçilmişlərin ilahi mükafatıdır.

Nəsimini bir örnəyə sığdırmaq isə mümkünsüz – o, başdan-başa eşq və fəzilətdir. Təsəvvüf Tanrısı varsa, o, elə Nəsiminin özüdür. 
 
Həzrət İnayət Xana görə sufizm nə dindir, nə fəlsəfə. O, nə deizm, nə də ateizmdir. O, bunların arasında dayanaraq bu aradakı boşluğu doldurur.
 
Dindarlar hesab edir ki, sufilər həddən artıq azadfikirlidirlər, soyuq başlı filosoflar isə onlara çox dindar adamlar kimi baxırlar, çünki sufilər ruhu yüksəltmək üçün materialist məntiqdən daha yüksək prinsipləri rəhbər tuturlar.
 
Sufizm insanın fiziki, intellektual, əqli, mənəvi, ruhi kamilliyidir. Şəriət, təriqət, mərifət və həqiqəti öyrənmədən həyatın harmoniyasını tapmaq mümkünsüzdür.
 
Şəriət Allahın hökmü, təriqət insanın seçimidir. Qəbul etdirilmiş həqiqət dərk edilmiş həqiqət deyil, ehkamdır, xof nişanəsidir, doğal deyil.
 
Sufizm heç bir dinlə bağlı deyil. Onun bütün dinlərdən üstünlüyü Uca Tanrıya – kamilliyə və Mütləq həqiqətə vasitəsiz çatımdır. Sufi – Tanrı yolunda rəsula, araçıya, vasitəçiyə yer yoxdur. O, Tanrı xofu yaymaq üçün deyil, Tanrı eşqini yaymaq üçün çalışır. Qılıncsız və savaşsız.
 
Sufizm Mürşidə sonsuz inam deməkdir. Çünki mürşidlik zirvəsinə çatmış insan heç vaxt müridinə tərki-dünya həyat tərzi aşılamır, onu dünya nemətlərindən və həzzindən imtina edib tənhalığa çağırmır, müridinin qəlbinə daha çox işıq və həyat aşılamağa çalışır. Müridlər də mürşidlərindən başqa kimsəyə xidmət etməzlər. Tanrıya canatma fani dünyanın xidmətlərini sufinin gözündən salar. Onun könül dünyası özgəsinə xidmətə qədər enən bir nəsnə deyil. Özgəsinə xidmət ucalığa göz dikmiş adamın ayaqları altında olar.
 
Sufi hər şeyə xeyir-şər prizmasından yanaşır.

Sufinin düşüncəsinə görə insan ruhu üzərində heç bir hakimiyyətə yol verməməlidir.
 
Dərvişlik

Deməli, sufilər həddən artıq azadfikirlidirlər. Azad fikirin və azadfikirliyin həddi varmı? O həddi kim və kimlər üçün müəyyən edir? Bu həddi kim və necə qoruyur? Onun aşılmasının cəzası nədir? Həddi olan şeyə azadlıq demək olarmı? Hüdudsuzluq ölçüsüzlük və ifrat deyilmi?

Fəlsəfənin və insan düşüncəsinin baş gicəlləndirmək şakəri də var. Çalışın dayaq nöqtəsinə möhkəm söykənin. Çox vaxt insanın bu nöqtəni itirməsi təkcə başın deyil, həm də ləyaqətin itirilməsi ilə sonuclanır. Ölkə sərgərdan eks-sufilərlə doludur.
 
Bir neçə gündür ki, Qənimət Zahidin "Son dərviş”  kitabını oxuyuram. Dərvişliyi, sufizmi, tarixi, bir sözlə, qədim-çağdaş insanlıq fəlsəfəsini varaqlayıram. Bəşər tarixi nə qədər uzun olsa da, onu bir ana, bir kitaba sığdırmaq olur. Yetər ki, bu tarixi özün yaşayasan.

Əsərin başlanğıcında, zindan səhnəsində təsvir olunan şairlər - keçmişin şahının dərviş-şairi və NKVD dustağı məhz xeyirlə şərin əbədi çarpışmasının personajlarıdır. Bu gün də yaşayan, müxalif düşüncəsinə görə "demokratik hüquq dövləti”nin qurbanlarına çevrilmiş personajlar...
 
Dərvişliyi mütrüblükdən ayıra bilməyənlər üçün deyil bu kitab.
 
Böyük ideallar və şəxsiyyətlər zamanın fövqündə olurlar. Onların baxışları zamanın qalın pərdəsini deşib keçərək yüzillər sonraya boylanır.

Dərvişlər hər yerdə var, olub, olacaq. Onlar mağarada da, vətəndə də, qürbətdə də dərvişlərdir. Bir az sonra onlar xristian dünyasının ehkamlarına üsyan edəcəklər. Daha sonra onlar Qross qiyafəsində Avropa Şurasında peyda olacaq, həqiqəti insanlığa asi olmuş demokratiya alverçilərinin üzünə çırpacaqlar.
 
Tarixə uzun zaman sonra - tarixin aydınlığında baxmaq çətin iş deyil, amma gərək ona baxmaq üçün yüksəyə qalxmağı bacarasan. Tarix barədə aydın təsəvvürlərin, zəngin mütaliən, fəhmin, talantın və bir də mənəvi haqqın olsun gərək. Dərvişlik əsrləri yenib gələn ən günahsız, ən iddiasız, ən ülvi, ən dərin dünya görüşü, əqidə, mənəviyyat olduğundan ona bir günün prizmasından baxmaq olmaz. Ona məhz əsrlərin çağdaşlıq işığında baxıla bilər.
 
Bu kitab tarix deyil, heç adi roman da deyil. Onun bir roman olduğu da heç yerdə yazılmayıb. Bu kitab tarix, yaşam və insanlıq hekayəsidir.
 
"Son Dərviş” Azərbaycan ədəbiyyatını ölkə sərhədlərindən kənara çıxaran uğurdur.
 
"Dünyanın bir şahının dünyanın bütün şəhərlərini xarabaya çevirəcək qədər günahları var. Bu dövran lənətlənmiş dövran idi. İndi bütün barmaqlar şərin hökmündə qatlanır və ya dikəlir”.
 
Şahın Günəş Dədənin – adi bir sufi filosofunun hüzuruna tövbəyə gətirilməsi azğın hökmdarlara sadəlövh məsləhət və ya ucuz didaktika deyil. Bu, insanlıq dərsidir. Vay sinifdə qalanın halına!
 
"Cisminiz sizə ona görə verilib ki, bu dünyanın ölçülərində ruhunuzu ağlınızla birləşdirib Allahı dərk edəsiniz”.
 
Fikir verirsinizmi, şahların əlini öpdüyü, qarşısında diz çökdüyü "təsəvvüf kişisi” Günəş Dədənin bu nəsihətində də Tanrı ilə insan arasında kimsə yoxdur. Kamilləşmə yolu kənar kimsənin soxula biləcəyi yol deyil. Onun o başında Tanrı, bu başında isə İnsan var.
 
"Din bəkçiləri Ali ruhun dərk edilməsində insan hürriyyətini boğur, cilovlayır, Allaha deyil, özünü Allahla insan arasında vasitəçi qat elan edənlərin təntənəsi üçün işlədilir”.
 
Dünya dəyişir, gəlişir, yerində sayır. Din də eləcə. Sufilik özünü tarixən siyasətin əlində alət olan din qədər nüfuzdan salmayıb. Onun idarəsi, möhürü və kimsə qarşısında öhdəliyi olmadığından dəyərlərinin qutsallığını daha çox qoruya bilib. "Qutsal haqq uğrunda qılınc çalanlar özlərini qutsal haqq uğrunda başından keçənlər qədər haqlı sayarlar”. Sufilər qutsal haqq uğrunda canlarından keçənlərdir. Hər qılınc çalan isə qutsal haqq yolçusu deyil...
 
"İnsan faili-muxtardır, asilik də, ibadət də dərk edilmiş qərardır”.
 
"Günahsız adamlar qorxulu adamlardır, onlardan hamı çəkinir. Günah edə bildiyi halda günah etməyənləri kimsə bağışlamaz”. Bu təkcə yüz illər qabaq belə deyildi ki. İndi də belədir. Can ağrısına dözüb ləyaqət ağrısına dözməyən tofiq yaqublular, onlarla günahsızlar var ki, suçları günahsızlıqlarıdır.
 
"Məsumlar üçün yaradılmış cəhənnəm varsa, bunu Allah yaratmayıb”. Hökmdarların verdiyi və bu dünyada ləğv edilməmiş allahsız cəzaların apellyasiyası Tanrı dərgahındadır. Çünki cəzasız günah olmur.
 
Allahın yoxluğunu israr etməkdən vəcdə gələn, Allahı yox etmək üçün dəstə bağlayan bir zümrənin Divan qurduğu bir ölkədə qaçılası bir yer tapammazsan”.
 
Qürbət ağır yoldur, amma getməlisən. Dünya, sadəcə, dörd tərəfdən ibarətdir, insanın seçim imkanı çox məhduddur.
  
"Bu yazılar içində
könlümdə susanı gör.
atəşdə İbrahimi,
çarmıxda İsanı gör...”

Ölkənin baş İmamının (Müftisinin) övladlığa götürdüyü qızı Firəngistandan bidətə görə didərgin düşmüş xristian gəncə vurulmuşdu. Qızın əsl atası bu izdivaca etiraz etmir və qərarı Müftiyə - qızı böyüdüb boya-başa çatdırmış şəxsə buraxır. Ehkamlar əlində əsir olan Müfti isə qan-yaş içində qərarını elan edir: "Gözümün ağı-qarası olan tək övladımı din və şəriət yolunda qurban edirəm”.

İlahi ehkamların təbliğatçısı İlahi eşqin edamına fətva verir. İlahi eşq yer üzünün neməti deyil. Dünyanın son insanlıq dini insanı dinə qurban verirdi...
 
Müsəlman qızına vurulan xristian gənc Qvazimoda deyildi, Qvazimoda kimi daxilən mükəmməl, üstəlik, zahirən də yaraşıqlı, ağıllı bir gəncdir. Amma bütün bunlar insanlıq dini bəkçisinin insanlıq qərarı verməsi üçün yetərli deyildi. Bu qərar nə ağılın, nə də ürəyin qərarı idi. Bu qərar inancı ilə insanlığı arasında əsir qalmış, sonda inancını seçmiş bədbəxtin qərarı idi. Edam səhnəsinə əzabdan daşlaşmış sifəti, sabahkı küt peşmançılıq duyğusu ilə baxan adamı bədbəxt saymamaq mümkühsüzdür. Zombilik əbədi bəladır...  
 
İnsanın dərdi nə qədər böyük olsa da, Tanrı ilə müqayisədə çox kiçikdir. Dərdi dərd eləmək olmaz. İnsanlıq tanrısına tapınan adamın dərdi dərmansız ola bilməz.
 
İnsanlığın yolu bizim bildiyimizə sığmaz. Bəşər tarixi insanlıq tarixindən çox insanlığa sığmayan nəsnələr arxividir. İnsanın insan üzərində hakimiyyəti yaranan gündən insan hakimə və məzluma çevrilib. Bu qəflət və rəzalət nə zaman bitəcək? "İnsanların elmi artdıqca anlayacaqlar ki, hər bir insan İlahi mahiyyətin daşıyıcısıdır, ona əl qaldırmaq İlahi mahiyyətə əl qaldırmaqdır. İnsanlar arasında İlahi düzən olacaq, kimsə varlığını bu gerçək dışında təsəvvür etməyəcək, şahlar hökmün ədalətini ədalətin hökmü kimi anlayacaqlar. Ədalət uğrunda qan yox, elm gərək olduğunu anlayan şahlar qurtaracaq insanlığı”.
 
Əziz oxucu, görürsənmi, sənin layiq olduğun dünya düzəni hələ də ilğımların o tayındadır. Bilirsənmi niyə? Çünki insanlığın taleyi hələ də İNSAN əlində deyil.
 
Son

Sufizm – kamil insanlıq fəlsəfəsidir. Nə qədər ki, insanlıq var sonuncu dərviş olmayacaq.