Sovet pionerlərinin ABŞ səfirinə Troya hədiyyəsi

Sovet pionerlərinin ABŞ səfirinə Troya hədiyyəsi

08-10-2021 19:35 / Bu xəbər 622 dəfə oxundu

Yadigar Sadıqlı
 
Amerikalılar səfirin kabinetində dinləyici qurğu tapdiqlarını 8 il ictimailəşdirmədilər

Bu hadisə SSRİ daxili işlər xalq komissarı (naziri) Lavrenti Beriyanın Stalinə məruzəsi ilə başladı. Beriya bildirirdi ki, ixtiraçılar unikal dinləmə qurğusu yaradıblar. Həmin qurğunun özəlliyi onda idi ki, heç bir qida mənbəyinə ehtiyacı yox idi və buna görə də istənilən yerdə istənilən qədər işləyə bilərdi. O, kənardan buraxılan şüa ilə işə salınırdı və siqnalı da kənar qəbulediciyə ötürürdü.

O dövr üçün analoqsuz olan bu qurğunu istedadlı ixtiraçı, elektromexanik Lev Termen hazırlamışdı. O, 1939-cu ildə həbs edilmişdi və işgəncələr altında sovet liderlərindən Kirovu öldürməyi planlaşdırdığını etiraf etmişdi. Həbsi, xoşbəxtlikdən, bir-iki il gec baş tutduğundan səkkiz il həbslə canını qurtarmışdı. 1937-ci ildə daha yüngül etirafa görə güllələyirdilər.

SSRİ-də hökm sürən kütləvi repressiyalar nəticəsində həbsxanalarda xeyli sayda yüksək ixtisaslı alimlər və mütəxəssislər var idi. Onların ağlından və zəhmətindən istifadə etmək üçün Xüsusi Konstruktor Büroları yaradılmışdı. Danışıq dilində "şaraşka” adlanan bu büroların fəaliyyəti Aleksandr Soljenitsının "Birinci dairədə” romanında təsvir olunur.

Şaraşkalardan bir çox tanınmış sovet mütəxəssisi keçib. Onların arasında sonralar kosmosun fəthində əsas rol oynayacaq Sergey Korolyovun və aviakonstruktor Andrey Tupolevin adını çəkmək kifayətdir. Lev Termen də belə məhbuslardan biri idi və öz qurğusunu şaraşkada düzəltmişdi.

***

Stalin "Zlatoust” (ağzından dürr tökülən) adlandırılan bu ecazkar qurğunu Moskvadakı ABŞ səfirliyində, özü də səfirin otağında yerləşdirilməsini istədi. Bu isə heç də asan tapşırıq deyildi. Aydın məsələdir ki, amerikalılar öz səfirliklərini ciddi mühafizə edirdilər və kənar şəxslər yalnız birinci mərtəbəyə daxil ola bilirdilər.

Sovet xüsusi xidmət orqanlarının əməkdaşları bir dəfə hətta yanğın bəhanəsi ilə yanğınsöndürən kimi səfirliyə girməyə çalışmışdılar, amma yenə də birinci mərtəbədən yuxarı qalxa bilməmişdilər. Onların qarşısını kəsən dəniz piyadaları bildirdilər ki, səfirlik yana bilər, amma heç kəs yuxarı qalxmayacaq.

Belə olduqda, dinləyici qurğunu müəyyən bir suvenirin içində yerləşdirmək və səfirliyə hədiyyə etmək qərara alındı. Amma bu zaman da iki məsələnin öhdəsindən gəlmək lazım idi. Birincisi, suvenir elə bir şey olmalı idi, səfirin otağında qalsın, başqa otaqlarda yerləşdirilməsin, ya da, daha pisi, anbara atılmasın. İkincisi, hədiyyəni amerikalılarda şübhə doğurmayacaq şəkildə təqdim etmək lazım idi.

Bir neçə ay ərzində müxtəlif suvenirlər gözdən keçirildi. Amma heç biri qaneedici sayılmadı. ABŞ səfiri Averel Harrimanın nadir ağac növlərindən hazırlanan əşyalardan kolleksiya toplamaq kimi hobbisinin olduğu məlum idi. Uzun götür-qoydan bir neçə nadir ağac növündən ABŞ-ın Böyük möhürünün təsvirini düzəltmək qərara alındı. Bir neçə nümunə hazırlandı və ən yaxşısı seçildi. Sınaqlar möhürdə əks olunan qartalın burun dəlikləri vasitəsilə mexanizmin normal işlədiyini təsdiq etdi.

İndi qarşıda duran növbəti məsələ bu Troya hədiyyəsini səfirə necə vermək idi. Yenə bir müddət müxtəlif ssenarilərin hazırlanmasına və inandırıcı olmadıqlarına görə rədd edilməsinə getdi. Nəhayət, bu mərhələnin həyata keçirilməsində uşaqlardan istifadə olunması fikrinə gəlindi.

Hadisənin tarixi barədə fikir ayrılıqları mövcuddur, amma yerinin Krımda yerləşən "Artek” pioner düşərgəsi olduğu məlumdur. Daha çox yayılan və daha ağlabatan versiyaya görə, əməliyyat "Böyük üçlüyün” (ABŞ, Böyük Britaniya və SSRİ rəhbərlərinin) Yalta konfransı günlərində həyata keçirilir. Biz də bu versiyanın üzərində dayanacağıq.

1945-ci il fevralın 9-da düşərgənin 20 illiyinə həsr olunmuş təntənəli tədbir təyin olundu. Bir gün əvvəl SSRİ-nin xarici işlər xalq komissarı Vyaçeslav Molotov həm ABŞ prezidenti Ruzveltə, həm də Britaniyanın baş naziri Çörçillə bu tədbirdə iştirak etmək üçün dəvətnamə təqdim etdi.

Konfrans zamanı yetərincə məşğul olan liderlərin bu tədbirdə iştirak edə bilməyəcəkləri məlum idi. Amma öz əvəzlərinə səfirləri göndərəcəklərinə ümid edilirdi. Belə də oldu. Fevralın 9-da "Artek”ə gələn qonaqlara ABŞ səfiri Averel Harriman və Britaniya səfiri Arçibald Kerr rəhbərlik edirdilər.

Uşaqların mahnıları, rəqsləri, şeirləri ilə keçən bədii hissədən sonra Arçibald Kerr öz hökuməti adından düşərgəyə hədiyyə olunan 5 min funt-sterlinqlik çeki "Artek”in direktoruna təqdim etdi. Çörçillin xanımı Klimentina Çörçill düşərgəyə 15 ədəd 40 yerlik çadır bağışladı. Averel Harriman isə ABŞ hökuməti adından düşərgəyə 10 min dollarlıq çek hədiyyə etdi.

Mənbələr pionerlərin Britaniya səfirinə və xanım Çörçillə nə bağışladıqları barədə məlumat vermirlər, amma yəqin ki, onlara da nəsə hədiyyə verilib, yoxsa etik alınmazdı. Amerika səfirinə isə ölkəsinin himninin səsləndirilməsindən və bayrağının qaldırılmasından sonra dörd pioner Böyük möhürün əks olunduğu suveniri təqdim etdilər.

SSRİ Ali sovetinin sədri Mixail Kalinin tərəfindən imzalanan və düşərgə direktoru tərəfindən səfirə təqdim edilən sertifikatda möhürün şümşad, səndəl, dəmirağacı, sekvoya, qara-qırmızı ağac, qara qızılağac və digər (cəmi 20) qiymətli ağac növlərindən hazırlandığı, özü də pionerlər tərəfindən hazırlandığı yazılırdı.

Hədiyyəni olduqca bəyənən Harriman "Necə də gözəldir! Mən onu haradan asım?” deyir. NKVD tərəfindən təlimatlandırılmış tərcüməçi "Öz kabinetinizdə asın. İngilislər paxıllıqdan öləcəklər”. Təklif Harrimanın xoşuna gəlir və "Troya qartalı” kabinetində arxasındakı divardan asılır. Bununla da 7 il davam edən "Tövbə” (rusca: Исповедь) adlı dinləmə əməliyyatı başladı.

Dinləyici qurğu səfirin kabinetinə yerləşdiriləndən sonra qonşu binanın sakinləri Dövlət Təhlükəsizlik Nazirliyinin işçiləri ilə əvəz olundular. Həmin binadan səfirin kabinetinə fasiləsiz radiosiqnal göndərilirdi. Kabinetdə kimsə danışanda dinləyici qurguğunun membranındakı nazik plyonka səs dalğaları sayəsində titrəməyə başlayırdı. Bu titrəyiş əks-radiosiqnal modulyasiya edirdi və həmin binadakı qəbuledici bu siqnalı tuturdu.

Averell Harriman 1946-cı ildə Moskvadan Londona səfir getdi. Ondan sonra gələn üç səfir kabinetdə çox şeyi dəyişdilər, amma Böyük möhür təsviri yerində qaldı. Bu illər ərzində səfirin kabineti dəfələrlə dinləyici qurğu axtarışına məruz qaldı, amma zlatoust tapılmadı.

***

1947-ci ildə prezident Trumenin imzaladı "Milli təhlükəsizlik haqqında qanun” əsasında Mərkəzi Kəşfiyyat İdarəsi (Central Intelligence Agency, CIA) yaradıldı. Təşkilat kəşfiyyat və əks-kəşiyyatla məşğul olmalı, xarici təşkilarlat və vətəndaşlar haqqında məlumat toplamalı idi. Məhz CİA-nın 1950-ci illərin əvvəllərində Avstriyadan əldə etdiyi məlumatda ABŞ-ın Moskvadakı səfirliyindən informasiya sızıntısının olması deyilirdi.

Bu məlumatı alandan sonra səfirlikdə yenə dinləyici qurğu axtarıldı, amma tapılmadı. Səfirlik işçilərinin yalan detektorunda yoxlamalara məruz qalması da faydasız oldu. Bununla belə 1952-ci ilin iyulunda Zlatoust aşkar edildi. Onun necə tapılması barədə də bir neçə versiya mövcuddur.

Bunlardan biri SSRİ-nin Baş Kəşfiyyat İdarəsinin (QRU) Vyanada fəaliyyət göstərən zabiti Pyotr Popovun amerikalılara məlumat verməsidir. Amma sonralar ifşa edilən və 1960-cı ildə güllələnən Popovun 1953-1954-cü illərdən CİA ilə əlaqə qurduğu deyilir. Bununla belə, nəzərə almaq lazımdır ki, Popov haqqında məlumatlar azdır və göstərilən tarix yanlış ola bilər. Hər halda Popov 1951-ci ildən Vyanada işləyirdi.

İkinci versiyaya görə, cihaz təsadüfən aşkar olunub. Möhürün hazırlandığı taxta quruyub, çat yaranıb və dinləyici qurğu üzə çıxıb. Üçüncü versiyaya görə, səfirin kabinetini xüsusi cihazlarla yoxlayan amerikalılar kənardan göndərilən siqnal aşkar ediblər və onun Böyük möhürə yönəldiyini anlayıblar.

Nəhayət, dördüncü versiyaya görə, yaxınlıqda yerləşən Britaniya səfirliyinin radisti sovet radiodalğalarını tutmağa çalışakən təsadüfən efirdə öz attaşelərnin səsini eşidir. Amma Bitaniya səfirliyində axtarışlar bir nəticə vermir.

Bir müddət sonra amerikalılar efirdə öz səfirlərinin səsini eşidirlər. Moskvaya Con Ford və Cozef Bezcian adlı adlı təhlükəsizlik mütəxəssisləri göndərildilər. Onlar səfirin guya öz katibəsinə məxfi sənədi diktə etməsi zamanı siqnalı tutmağa və onun haradan ötürüldüyünü müəyyən etməyə çalışırlar. Nəhayət, siqnalın "Troya qartalı"ndan ötürüldüyü məlum olur və dinləyici qurğu aşkar edilir.

Əlavə edək ki, bu versiya ilə Popov versiyası üst-üstə düşə də bilər. Çünki Popovun səfirlikdən informasiya sızması haqqında məlumatı olsa da, çətin ki, zlatoust haqqında bir şey biləydi. Mümkündür ki, Popovdan informasiya alan amerikalılar Ford və Bezcianı Moskvaya göndəriblər, onlar da qurğunu tapıblar.

***

Vaşinqtona aparılan və burada "Əşya” (The Thing) adlandırılan qurğu amerikalıları mat qoydu. Onlar cihazın necə işləməsini müəyyən edə bilmirdilər. Axırda kömək üçün "Markoni” radiotexnika firmasının aparıcı mütəxəssisi, Britaniya Mİ-5 əks-kəşfiyyat idarəsinin məsləhətçisi Piter Rayta müraciət edildi. Rayt qurğunun işləmə mexanizmini çözdü və onun analoqunu yaratdı.

Amerikalılar səfirin kabinetində dinləyici qurğu tapdiqlarını 8 il içtimailəşdirmədilər. 1960-cı ildə sovet ərazisinə daxil olaraq kəşfiyyat uçuşu həyata keçirən U-2 təyyarəsinin vurulmasından sonra sovet rəhbərliyi qaldırdığı ajiotaja cavab olaraq amerikalılar Böyük möhür təsvirini BMT Təhlükəsizlik Şurasının iclasında nümayiş etdirərək SSRİ-nin də casusluqla məşğul olduğunu və vəziyyəti dramatikləşdirməyə ehtiyac olmadığını söylədilər. "Troya qartalı” və dinləyici qurğu hazırda CİA-nın Lenqlidəki muzeyində saxlanılır.

Öz dövrü üçün inqilabi yenilik olan endovibratorun yaradıcısı Lev Termen 1946-cı ildə azadlığa çıxdı, bir il sonra bəraət aldı. Onun "Buran” adlı başqa bir dinləyici qurğusu infraqırmızı şüa ilə pəncərə şüşələrinin titrəməsi sayəsində otağı dinləməyə imkan verirdi. Buna görə o, I dərəcəli Stalin mükafatına layiq görüldü. Lev Termen kəşfiyyatına ciddi töhfələr verdiyi SSRİ-dən çox yaşadı və 1993-cü ildə 97 yaşında vəfat etdi.

Mənbə: Meydan TV