Şoyqu: "İlham Əliyevlə Qərbin Qafqaza fəal müdaxilə cəhdlərini müzakirə etdik"
06-08-2024 18:37 / Bu xəbər 711 dəfə oxundu
Sergey Şoyqu avqustun 6-da İlham Əliyevlə görüşdə Qərbin Cənubi Qafqazda təhlükəsizliyin yaradılması prosesinə müdaxilə cəhdlərini müzakirə etdiyini bildirib.
Bu barədə avqustun 6-da Bakıda olan Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu rusiyalı jurnalistlərə Azərbaycana səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, İlham Əliyevlə məsələlərin ən geniş spektri müzakirə edilib: "Bu, ilk növbədə, əlbəttə ki, Cənubi Qafqazda təhlükəsizlik məsələsidir. Bu, 10-cu redaktəsi Yerevana verilən Ermənistanla sülh razılaşmasıdır. Bunlar, təbii ki, Qərbin prosesə çox fəal müdaxilə cəhdləridir”.
Şoyqu əlavə edib ki, nəqliyyat layihələri, xüsusilə Şimal-Cənub dəhlizi də müzakirə edilib.
"Əlbəttə ki, İlham Əliyevin "3+3” formatında danışıqlar ideyasını dəstəkləyirik və biz bu mövzunu müzakirə etdik. Xüsusən də "3+3 "Formul təkcə bu konkret hal üçün deyil, həm də təbii ki, gələcəkdə burada, ümumiyyətlə, Cənubi Qafqazda vəziyyəti sabitləşdirmək üçün uyğundur”, - Rusiya Təhlükəsizlik Şurasının katibi söyləyib.
Cənubi Qafqazda altıtərəfli əməkdaşlıq formatı təşəbbüsü 2020-ci ilin sonunda Azərbaycan və Türkiyə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb.
Rusiya və İran bu ideyanı dəstəkləyib, Ermənistan da bu formata qoşulub. Lakin Gürcüstan bu təşəbbüsdə iştirak etməyi planlaşdırmadığını bəyan edib.
2021-ci il dekabrın 10-da Moskvada beş ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində məsləhətçi regional platformanın ilk iclası keçirilib.
Gürcüstan 2021-ci ildə keçirilən görüşdən və xarici işlər nazirləri səviyyəsində hazırkı görüşdən bitərəf qalıb.
Avqustun 5-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian və briqada generalı Məhəmməd Baqiri ilə görüşən Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bu gün Azərbaycana gəlib.
"President.az"nın yazdığına görə, İlham Əliyev Sergey Şoyquya iki ölkənin siyasi rəhbərliyi arasında qəbul olunmuş qərarların, məhz "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin müddəalarının uğurla həyata keçirilməsini məmnunluqla qeyd edib.
Azərbaycan-Rusiya münasibətlərinin bəzi qonşu dövlətlər üçün də nümunə olduğunu deyən Əliyev bunu Cənubi Qafqazda və daha geniş məkanda mühüm təhlükəsizlik faktoru kimi dəyərləndirib.