Şoyqu Tehrandan Bakıya gəlib
06-08-2024 12:45 / Bu xəbər 542 dəfə oxundu
Dövlət başçısı İlham Əliyev avqustun 6-da Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun başçılıq etdiyi Rusiya nümayəndə heyətini qəbul edib.
Nümayəndə heyətinin tərkibinə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin və Rusiya prezidentinin köməkçisi İqor Levitin də daxil idi.
Azərbaycan tərəfdən görüşdə Təhlükəsizlik Şurasının sədri Ramil Usubov, Baş nazirin müavinləri Şahin Mustafayev və Yaqub Eyubov iştirak ediblər.
Görüşün təfərrüatları hələlik açıqlanmayıb.
Rusiya nümayəndə heyəti Tehrandan Bakıya gəlib, orada avqustun 5-də Şoyqu bu ölkənin prezidenti Pezeşkianla görüşüb.
Bu görüşdə İran prezidenti Rusiyanı "çətin günlərdə İranı dəstəkləyən ölkələrdən biri” adlandırıb.
"Biz hesab edirik ki, müəyyən güclərin, o cümlədən ABŞ-ın hakim olduğu birqütblü dünya erası artıq keçib. Çoxqütblü dünyanı təşviq etmək üçün İran və Rusiyanın birgə mövqeyi və əməkdaşlığı bütün dünyada təhlükəsizliyin və sülhün artmasına səbəb olacaq”, - Pezeşkian bildirib.
Şoyqunu Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian və İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri də qəbul edib.
Bu görüşlərdə regional təhlükəsizlik və hərbi sahədə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.