''Space'' telekanalının əməkdaşını fırıldaqçılıqda ittiham edirlər

''Space'' telekanalının əməkdaşını fırıldaqçılıqda ittiham edirlər

27-07-2018 00:36 / Bu xəbər 1750 dəfə oxundu

"100-dən çox insan onunla bağlı polisə müraciət edib”

"Space” telekanalının əməkdaşı Vüqar Ağayev 100-dən çox insana pul ataraq, ölkədən qaçıb. Onun toruna düşənlərdən biri də mənəm”.

Bunu Emilya İslamova deyib.

O, bildirib ki, martda telekanala işə düzəlmək üçün V.Ağayevə 3 min manat pul verib.

"Sonradan məlum olub ki, hər şey yalan imiş. İndi ortada nə iş var, nə də pul”.

E.İslamova deyir ki, düz 4 ay işə gedib gəlib.

"Tək mən yox, başqa nə qədər adam ona iş adıyla 5 mindən 10 min manata qədər pul verib. Onlardan bu pulları kimi aparıcı, kimi operator, kimi reklam işinə düzəlmək üçün ödəyiblər. Hamısından da həmin pullar dövlət rüsumu adı altında alınıb. Həmin insanlar da mənim kimi 4-5 ay telekanala təpik döyüb. Sadəcə bizə deyilirdi ki, siz yeni işçi olduğunuzdan maaşlarının bir neçə ay gecikəcək. Ancaq sonda hamısını birlikdə ödəyəcəyik. Onu da deyim ki, adımız işçilərin siyahısına da salınmışdı”.

Emilya İslamova deyir ki, Vüqar Ağayev "Space”-dən əvvəl "Xəzər” TV-də işləyib. Ordan qovulandan sonra "Space”ə gəlib. Bu telekanalda yayımlanan "İşimiz var”, "Yerimdəyəm”, "Prime Shok” adlı verilişlərin layihə rəhbəri olub. İnsanlardan işə düzəltmək adı ilə pul almağa isə 2017-ci ildən başlayıb: "100-dən çox insan bu gün polis bölmələrində sürünürük. Hamımızdan pul alıb, ancaq işə düzəltməyib. Hətta bu insanların içində ona Heydər Əliyev Fondunda işə düzəlmək üçün pul ödəyənlər də var. Yəni onun fırıldağının sərhədi "Space” telekanalı ilə bitmir. Üstəlik, bütün bunları tək etməyib. Çünki kanalın proqram müdiri Tamara xanımın da hər şeydən xəbəri var idi. Hardasa 1 ay əvvəl şübhələndim ki, bu deyəsən fırıldaqçıdır. Pulumu geri tələb etdim. Onu da bu gün, sabaha salaraq vermədi”.

Emilya İslamova deyir ki, Vüqar Ağayevin bir neçə gün öncə ölkədən qaçdığını eşidib, aldadılması ilə bağlı polisə müraciət edib. Bu zaman aldadılanın təkcə özü olmadığını görüb: "Bəzilərinə saxta mənzil, mebel satdığını da öyrəndim. Belə çıxır ki, içlərində ən toyagetməlisi mənəm. Kiminin adına kompüter, kimininkinə telefon kreditə götürüb. Hətta məlum olub ki, bir zamanlar "Space” telekanalında yayımlanan "20-lik Realiti Şou” verilişinin sponsoru "AAAF Park” Yaşayış Kompleksi oyunun qalibi üçün 2 otaqlı mənzil verib. Həmin mənzili layihə rəhbəri Vüqar Ağayevə təqdim ediblər. O da həmin evi özbaşına satıb, qalibə verməyib. Bütün bu etdiklərindən sonra iyulun 19-da ölkəni tərk edib, Gürcüstana qaçıb. Təxmini hesablamalara görə 100 000 dən çox pul yığıb qaçıb və hər kəsi aldadıb. Bütün zərərçəkmişlər 26 -cı polis bölməsinə şikayət ərizəsi yazıb”.

Emilya İslamova deyir ki, bəlkə beynəlxalq axtarışa verilsə, Gürcüstandan kənara çıxmamış onu həbs edə bilərlər. Yoxsa Avropaya qaçsa, çətin ki, ələ keçirilə.

Meydan TV məsələyə münasibət öyrənmək üçün "Space” telekanalı ilə əlaqə saxlayıb. Telekanaldan bildiriblər ki, Vüqar Ağayev hazırda onlarla çalışmır: "Daha öncə də müqavilə əsasında çalışıb, rəsmi işçi olmayıb. Xaricə getdiyini eşitmişik. Hazırda burada yoxdur. Biz də hamı kimi haqqında yayılan məlumatları oxuyuruq. Ümid edirik, haqq-ədalət yerini tapar”.

"Space” rəhbərliyi də Vüqar Ağayevlə bağlı polisə müraciət edib. Telekanal rəhbərliyi bu barədə "Sputnik Azərbaycan”a bildirib: "Əvvəllər "Space” telekanalına layihələr təqdim edərək, müqavilə əsasında verilişlər istehsal etmiş, "Azərbaycan Media qrup” təşkilatının rəhbəri Ağayev Vüqar Həsənağa oğlunun barəsində ayrı-ayrı vətəndaşlar tərəfindən onun qanunazidd hərəkətləri haqqında məlumatlar daxil olmağa başlayıb. Vətəndaşların yazdığı ərizələrdən görünür ki, o, "Space” telekanalının və başqa təşkilatların adından sui-istifadə edərək qanunazidd hərəkətlərə yol verib. "Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası qanununa uyğun olaraq, həmən ərizələr "Space” telekanalı tərəfindən aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına göndərilib.