SSRİ DTK-nın sonuncu sədri vəfat edib

01-08-2022 14:43 / Bu xəbər 871 dəfə oxundu
Bakatin Troekurovski qəbiristanlığında dəfn olunacaq
İyulun 31-də SSRİ DTK-nın sonuncu sədri Vadim Bakatin vəfat edib.
Moskvada ölən 84 yaşlı Vadim Bakatinin Troekurovski qəbiristanlığında dəfn olunacağı bildirilib.
V.Bakatin 1937-ci ildə Kemerovo vilayətində anadan olub.
Novosibirsk Mühəndis-İnşaat İnstitutunu bitirən V.Bakatin Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasında oxuyub.
O, 1985-1987-ci illərdə Kirov vilayət komitəsinin birinci katibi olub.
1991-ci ildə V.Bakatin RSFSR-in Prezident seçkilərində namizəd olub, burada ən aşağı nəticəni – 3,42% toplayıb.
Seçki proqramında o, Sovet İttifaqının qorunub-saxlanmasını müdafiə edirdi.
Ancaq V.Bakatin 1991-ci ilin avqust çevrilişini dəstəkləməmişdi.
Uğursuz çevriliş cəhdindən sonra DTK-ya rəhbərlik edib.
Vadim Bakatinin adı azərbaycanlılara 20 yanvar 1990-cı ildə Bakı hadisələrindən tanışdır.
O vaxt SSRİ daxili işlər naziri olan V.Bakatin sovet ordu hissələrinin Bakıya yeridilməsi və dinc əhalinin öldürülməsinin icraçısı olub.
Azərbaycan Milli Məclisinin 29 mart 1994-cü ildə qəbul etdiyi Qərarında V.Bakatinin bu qırğına görə məsuliyyət daşıdığı elan edilib.(Meydan TV)