Stefan Şennak: Əfqan Muxtarlı kimi həbsdə olan şəxslərlə görüşə imkan vermədilər

Stefan Şennak: Əfqan Muxtarlı kimi həbsdə olan şəxslərlə görüşə imkan vermədilər

11-07-2019 19:19 / Bu xəbər 138 dəfə oxundu

''Azərbaycan Avropa Şurası qarşısındakı öhdəliklərini yerinə yetirməlidir''

Bakıda keçirdiyimiz görüşlərdə müzakirə etdiyimiz mövzular prezidentin sərəncamı, bir sıra cinayət hərəkətlərinin dekriminallaşdırılması idi. Biz şadıq ki, artıq əvvəllər cinayət sayılan 15 hərəkət dekriminallaşdırılıb və bu proses davam etməkdədir.

Bunu "Turan” İnformasiya Agentliyinə müsahibəsində Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak deyib.

O qeyd edib ki, bundan başqa hüquq mühafizə orqanlarına olan etibarın və şəffaflığın artırılmasını müzakirə ediblər.

"Təbii ki, siyasi məhbuslar kimi ciddi məsələ də kənarda qalmadı. Belə ki, Novruz bayramı ərəfəsində edilən əfv bizi çox sevindirir, lakin bu problem hələ də tam həll olunmamış qalır. Bir də şəxsən mənə əvvəllər həbsdə olan insanlarla indi azad və rahat şəraitdə görüşüb, söhbət etmək nəsib oldu. Belə ki, İlqar Məmmədov və İlkin Rüstəmzadə ilə gözəl və səmimi görüşlərimiz oldu. Çünki bu gənclər heç nədən həbs edilmişdilər, yalnız ona görə ki söz azadlığı və ifadə azadlıqlarından istifadə etmək istəmişdilər”.

S.Şennak müzakirə edilən ciddi məsələlərdən birinin "Nardaran məhbus”ları olduğunu deyib.

Bununla belə o bildirib ki, Bakıya səfərdən əvvəl Əfqan Muxtarlı və Seymur Həzi kimi həbsdə olan şəxslərlə görüşmək üçün müraciət edib, lakin bu görüşlərə imkan verilməyib: "Bu məni məyus edir. Çünki biz Qobustan həbsxanasında Səid Dadaşbəyli, Əfqan Muxtarlı və digər məhbuslarla görüşmək istəyirdik. Dediyim kimi ilk dəfə bizə belə imkan yaratmadılar. Əvəzində isə bizə polisin müvəqqəti saxlama yerinə baş çəkməyə imkan yaratdılar”.

Ümumiyyətlə, Azərbaycanda insan haqlarının vəziyyətini qiymətləndirən AŞPA həmməruzəçisi deyib ki, yaxşılaşdırmaq üçün xeyli imkan var: "Biz, hakim olmaq istəmirik. Lakin vəziyyətin yaxşılaşdırılması istiqamətində məsləhətlər verə bilərik. Söhbət demokratiya, insan haqları, qanunun aliliyi və digər məsələlərdən gedir. Bu səfərin nəticəsi olaraq mən qısa hesabat hazırlayacağam. Lakin gələn il üçün Azərbaycanla bağlı geniş hesabat hazırlanıb Avropa Şurasının sessiyasına təqdim ediləcək. Ümid edirəm ki, Azərbaycan bizim monitorinq missiyamızla əməkdaşlığa qayıdacaq. Çünki bu dəfə mən bunu hiss eləmədim. Görüşlər və danışıqlar protokol çərçivəsində formal keçdi”.

Avropa Şurasının Azərbaycanda həyata keçirdiyi insan haqları ilə bağlı layihələrə toxunan S.Şennak deyib ki, geci-tezi siz müstəqil prokurorluq, müstəqil məhkəmələr anlayışını qəbul etməlisiniz: "Biz çox ümid edirik ki, qanunun aliliyi get-gedə inkişaf edəcək və sizin ölkədə qəbul edilmiş sistemə çevriləcək. Bizim layihələrin məqsədi bundan ibarətdir. Bundan əlavə, biz bilirik ki, sizin ölkədə QHT-lərin vəziyyəti nə qədər çətindir. Bizim digər istiqamətdə gördüyümüz işlərin məqsədi vətəndaş cəmiyyətinin vəziyyətini yaxşılaşdırmaq məqsədi güdür. Belə ki, səfər zamanı biz seçki qanunu, siyasi partiyalar haqqında qanun və digər sənədlərin tətbiqi ilə bağlı danışıqlar aparırıq. Lakin bunların baş verməsi üçün bizim sizinlə əməkdaşlığımız dəyişməlidir. Belə ki, vaxtı ikən Venesiya Komissiyası sizin hökümətə verdiyi tövsiyələr qəbul edilsin. Biz sizin ölkədə keçirilən seçkiləri tənqid etməyək. Belə olmaq üçün, təkrar edirəm, sizin hökümət bizimlə dialoq aparmalıdır”.

Həmməruzəçi qeyd edib ki, Azərbaycan Avropa Şurasına qoşularkən öz üzərinə müəyyən öhdəliklər götürüb, insan haqları və demokratiya sahəsində və bu öhdəlikləri hər bir ölkə yerinə yetirməlidir: "Misal üçün, Avropa İnsan Haqları Məhkəməsinin qərarları ilə oynamaq olmaz. Onları həyata keçirmək lazımdır. Bu da üzv ölkənin öhdəliklərindən biridir. Belə ki, İlqar Məmmədovun məsələsi 3 il idi ki, mənim gündəliyimdə birinci yerdə idi. Çünki sizin hökumət Avropa Məhkəməsinin qərarını yerinə yetirmək istəmirdi. Belə olmaz. Qərarı yerinə yetirmək əvəzinə, bizi ikili standartlarda günahlandırırsız. Bu, haqsızlıqdır. Mən istərdim ki, gün gəlsin və sizin vətəndaşlar müstəqil məhkəmə və haqq-ədalətlə işləyən hüquq mühafizə orqanları əldə etsinlər”.///Meydan.tv