Stefan Sveyqin esselərinə etüdlər
24-10-2021 21:16 / Bu xəbər 1166 dəfə oxundu
Ənnağı Hacıbəyli
Onun əsərlərini həmişə həvəslə oxuyuram.
Böyük adamlar böyük ürəkli adamlardır. Sveyq özündən böyük və kiçik (yaşca və başca) yazıçılar barədə eyni ürək genişliyi ilə yazır.
Böyük adamlar, adətən, qibtə və qısqanclıqdan uzaq olurlar. Böyüklük paxıllıq sevməz.
Böyük yazıçıları tutuşduranda onunla mübahisə etmək olar, lakin onun səmimiyyəti, təsvir və təhlillərinin dərinliyi dartışılmazdır.
Dahilər - əbədiyyət bulağından su içənlərdir.
Sveyq üçün janr seçimi problem deyil. Amma esselərinin hər biri bir romana bərabər əsərlər sayıla bilər. Onu uğursuz romançı sayanlar bu baxımdan da haqlı deyillər. Üstəlik, onun romanlarının da öz gözəlliyi, özəllikləri var.
Təvazökar yazıçının tənqidçilərinə ən gözəl cavab kimsənin dana bilməyəcəyi əlahəzrət faktdır: ötən əsrin iyirminci illərinin sonunda Sveyqin əsərləri, o sıradan romanları dünyanın demək olar bütün dillərinə tərcümə olunmuşdu.
Anri Barbüsə həsr etdiyi essedən: "Milləti görkəmli oğulları, zamanı isə nəyi uğur sayması ilə anlamaq olar”.
Məhz bu günlə səsləşən daha bir cümlə: "Haçansa qızıl qiymətinə olan "talant” sözü indi necə də xırdalanıb və yox olmaqdadır”.
Böyük ədəbiyyat kiçik epizodları ilə də böyükdür.
Birinci cahan savaşı. Kəşfiyyat uçuşu edən təyyarəçi qəribə bir səhnənin şahidi olur: ön cəbhədə üz-üzə dayanmış alman və fransız əsgərləri eyni vaxtda Tanrıya bazar günü ibadəti edirlər - eyni Tanrıya, eyni anda. İbadət bitən kimi Tanrı onları bir-birinin üstünə göndərəcək. Qan tökməyə. Hər ikisinin dini ilə qadağan edilsə də...
Müharibədə gerçək qələbə hansısa dövlət üzərində qələbə deyil, müharibə üzərində qələbədir. Bu, Anri Barbüsün qənaəti, Sveyqin ondan duyub qabartdığı böyük həqiqətdir. Bu gün də gerçəkləşməmiş həqiqət...
"Aldanır, aldanır zavallı bəşər..."
Psevdopatriotizm Sveyqin ayaqları altındadır.
"Dikkens” essesində böyük ingilis yazıçısının əsərlərini alman romanları ilə müqayisə edən Sveyq yazır: "Dikkensin kitabları, demək olar ki, hamısı uzunçu psixoloji novellalardan ibarət olan alman romanlarından fərqli olaraq, əsl romanlardır, onlar hərəkət və rənglərlə doludur".
Ömrünün sonunadək uşaq saflığını böyük ingilislərin riyakarlığından qorumağa xidmət edib Dikkens: "Hər şeyi ideal çılpaqlığı ilə təsvir edən Dikkens oxucu fantaziyasına yer qoymadığına, onun qarşısını kəsdiyinə görə fantaziyadan məhrum millətin yazıçı idealına çevrilib”.
Sveyqə görə, məhz Dikkensin bu xidməti sayəsində İngiltərədə insanlar bir-birinə daha qayğıkeş yanaşmağa başlayıblar, kasıb və uğursuz talelərin ağrı-acıları yüngülləşib: "Tragizm – hər şeyin əksinə getmək qətiyyəti, sentimentallıq – göz yaşına kədərlənməkdir”.
Böyük fransız yazıçısı Romen Rollandan yazıçı kimi yox, şəxsiyyət kimi danışır Sveyq. Qarışıq və narahat günlərdə xalqa yazıçıdan çox şəxsiyyət gərəkdir. Belə günlərdə insanlar şəxsiyyət axtarışında olur. İnsanlar belə zamanlarda gerçək həqiqətləri kitablardan deyil, şəxsiyyətlərdən eşitmək istəyirlər.
Toplumun (hakimiyyətin yox!) başı üzərinə qaldırdığı şəxsiyyətlərin həyatı insanlar üçün gerçək, nümunəvi həyat həqiqətləridir. Ağrılı toplumların ən böyük problemi çörək, iş problemi deyil, şəxsiyyət problemidir. Topluma yol göstərən, onu məqsədə çatdıran şəxsiyyətlərdir.
"Lev Tolstoy” kitabının ön sözü: "Mən Tolstoy və Dostoyevskini Rusiyaya tanıtmaq fikrində deyiləm”.
Əslində onları və başqa yazıçıları bütün dünyaya, o sıradan Rusiyaya onun qədər ustalıqla, geniş ürəklə, məhəbbətlə tanıdan ikinci adama rast gəlmək çətindir, bəlkə də, mümkünsüzdür: "Dostoyevski insan qəlbini dolub-daşan anında – imkanlarının son həddinə baş əyəndə yaxalayır. O, qeyri-adiliyin kimsəylə müqayisə olunmayacaq heykəltaraşıdır, sənətin heç vaxt qarşılaşmadığı əsəbi və xəstə ruhun möhtəşəm anatomudur”.
Yaxud Tolstoy: "Onun üçün əzabdan ulayan, can verən itlə ordenlərlə bəzənmiş generalın ölümündə və ya küləyin sındırdığı öləziyən ağacın aşmasında heç bir fərq yoxdur”.
Dostoyevski bədəndən məhrum ruhlar səltənətinin hökmdarıdır.
Tolstoy insanlığın başı üzərindən asılmış möhtəşəm tablonun müəllifi, ümumdünya pedaqoqudur.
Optimizmi müqəddəs vəzifəsi sayan yazıçı faşizmə nə qədər nifrət etsə də, dünya müharibəsinin olmayacağına ümid edirdi. Faşizm gözləri önündə kitablarını yandıranda da, bu xəstəliyə qarşı çarpışanda da insanlığa, xeyirin qələbəsinə ümidini itirmirdi.
"Belə çağlarda gücsüzlük əzabdır”, "belə zamanda depressiv kitablar yazmaq mənəvi cinayətdir”, - deyirdi.
Ümid sonda da olsa, nəhayət, ölür. 1942-ci ilin fevralında uzaq Braziliyada ümidləri öləndə yazmışdı: "Bütün dostlarımı salamlayıram. Çox güman ki, onlar bu uzun gecənin şəfəqlərini seyr edəcəklər. Mən – onların ən dözümsüzü – onlardan qabaq bu dünyadan gedirəm”.
İntihar böyük adamların gücsüzlüyü deyil. Ölüm - insan həyatının ya sonu, ya da zirvəsidir. İntihar – adətən, azad seçimdir.
O, humanist qanun sayılan evtanaziyanın qadağan edilməsindən daha humanist, daha azad qərardır.
Yaşamaq hüququ kimi hər kəsin öz həyatını necə başa vurmaq azadlığı da olmalıdır.
Ölüm var ki, həyat qədər dəyərli...
Siyasət onun kirini götürməyən adamları öz yolundan vurub kənara atır.
Sveyqi uzaq Braziliyaya qoca Avropanın faşizmin əlinə keçmiş siyasəti atmışdı.
Onu intihara siyasətin ən iyrənc davamı olan dünya müharibəsinin dəhşətləri gətirib çıxarmışdı.
İntihar Sveyqin dünya ədəbiyyatı qarşısında yeganə günahıdır. Cinayəti də demək olar...