Sudanda hərbi dövlət çevrilişi başlayıb

Sudanda hərbi dövlət çevrilişi başlayıb

25-10-2021 13:08 / Bu xəbər 372 dəfə oxundu

Sudanın paytaxtı Xartum hərbçilər tərəfindən tamamilə blokadaya alınıb. 

"Əl-Cəzirə"-nin bu gün, oktyabrın 25-də verdiyi xəbərə görə, ölkənin mülki qüvvələri hərbi çevrilişə mane olmaq üçün əhalini küçələrə çıxmağa çağırıblar. 

Paytaxta girişin və şəhər daxilindəki körpülərin artıq qapadıldığı, bəzi rayonlarda internetin kəsildiyi bildirilib. 

Sudanın hərbi hakimiyyətinə müxalif "Birləşmiş həmkarlar ittifaqı” ölkə əhalisini küçələrə çıxmağa, "hərbi çevrilişə müqavimət göstərməyə və vətəndaş itaətsizliyi elan etməyə” çağırıb. 

Təşkilat əmindir ki, hadisələr hərbi çevrilişin başlanğıcıdır. 

Etirazlar silahlı şəxslərin Baş nazir Abdalla Hamdukun evini müasirəyə almasından sonra başlanılıb. 

Hamdukdan savayı daha dörd nazir, eləcə də Xartumun qubernatoru Ayman Nimr və Suveren şuranın nümayəndəsi Məhəmməd əl-Faki saxlanılıblar.

Sudanda mövcud iqtidar 2019-cu ildə baş verən hərbi çevriliş nəticəsində prezident Ömər əl-Bəşirin devrilməsindən sonra yaranıb. 

Ölkədə hakimiyyətin iki qolu yaranıb: Suveren şuranın başçısı Əbdül Fəttah əl-Burhanın təmsil etdiyi hərbi qol və Abdalla Hamdukun təmsil etiyi mülki qol.

Tərəflər arasında əldə olunan razılaşmaya görə 2021-ci ilin noyabrna qədər ölkədə keçid dövrü qüvvədə olacaqdı.