Süleyman Rüstəmin “Şikayətim var” əsərinin politik-poetik kommentariyası

Süleyman Rüstəmin “Şikayətim var” əsərinin politik-poetik kommentariyası

28-12-2021 18:05 / Bu xəbər 1179 dəfə oxundu

Bu gün iki möhtəşəm hadisə üst-üstə düşüb: Azərbaycan vəkilliyinin və bu şeirə yazılmış mahnının ilk ifaçısı Zeynəb Xanlarovanın doğum günü. 

Heç biri ilə münasibətim normal deyil – Zeynəb xanımı canlı görməmişəm, VK-ya isə məni buraxmırlar. Sədrlər dəyişir, avtoritar idarəçi gedir, gənc demokratlar gəlir, amma mənə münasibət dəyişmir. Bu, ölkədə hökm sürən, bəlkə də, yeganə gerçək sabitlikdir. Fəxr edirəm ki, bu sabitliyin yaranmasında müstəsna xidmətlərim var.

Köhnə sədr "VK-nı tənqid eləmisiniz” (İntiqam Əliyevlə birlikdə) bəhanəsi ilə bizi VK-ya qəbul eləmədi (ölümündən qabaq bir dostumuza etiraf eləmişdi ki, bu, onun qərarı deyil və başını mümkün qədər yuxarı qaldırıb göstəriş sahibini nişan verməyə cəhd eləmişdi). 

Ölkə məhkəmələri bu absurd təfəkkürü haqlı çıxardı. Avropa Məhkəməsinə müraciət etdik. 5 il qabaq qərar çıxdı ki, biz haqlıyıq, amma bizdə "haqq” sözünün mənaları çox olduğundan və o, ölkədə insanlara yanaşmada meyar olmadığından Avropa Məhkəməsinin qərarı hələ də icra edilmir. 

Biz uzun illər vəkillik fəaliyyəti ilə məşğul olmuşuq və yenə də vəkil olmaq istəyirik. Vəkillik müqəddəs peşədir, azad peşədir, insanlara xeyirxahlıq paylayan peşədir. Mən buna görə vəkilliyi sevirəm. Amma VK-da məni sevmirlər. Soruşsan heç bir səbəb tapa bilməzlər, amma sevmirlər.

Mən sevim, sən sevmə, qoy belə olsun,
Sənə sev deməyə nə cürətim var?
Ürək özünündür, özün bilərsən!
Mənimsə əhdimdə sədaqətim var.

Birinci beyti anlamaq çətin deyil. Yuxarıda izahat da vermişəm. Amma son iki misranın dəqiqləşməyə ehtiyacı var.

"Ürək özünündür” ifadəsi geniş təfsir edilə bilməz. Burada dar mənada ürəkdən, yəni insanın daxili orqanından söhbət gedir. VK sədrin deyil, onun yiyəsi var və "özün bilərsən” dedikdə də sədr deyil, bizi 2005-ci ildə VK-nın təsis yığıncağından Səbail polisinin iştirakı ilə çıxarmağa göstəriş verən subyekt nəzərdə tutulur.
 
Mən tək sevən hanı səni dünyada?
Başımdan çıxmayır mənim bu sevda.
Ölsəm də açmaram sirrimi yada.
Səndən yar, sənə yar şikayətim var.

Bu bəndin ilk misrasında "sevgili” dedikdə, vəkillik peşəsi nəzərdə tutulur. Son iki misranın yenə də əlavə izaha ehtiyacı var. Əslində, sirrimi yada açmışam və bu günahımı etiraf etmək məcburiyyətindəyəm. Çünki yuxarıda Avropa Məhkəməsinə müraciət etdiyimi yazmaqla artıq quş buraxmışam. Son misra qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil etdiyindən onu oxumamağınızı tövsiyə edirəm. Bizdə şikayəti şikayət olunanın özünə göndərsələr də, mən bu hüququn səmərəsiz olduğunu bildiyimdən ondan yararlanmamışam. 

Yaxşı tanımırsan məni hələ sən,
Yar, saldın aşiqi dildən dilə sən.
Neyləyim mən belə, sən də eləsən,
Mənim çox dözümlü məhəbbətim var.

Birinci misranın VK-da ultimatum, "xox” gəlmək kimi anlaşılmasını istəməzdim, çünki rəsmi mövqeyə görə, heç kim bizim ölkəmizlə bu dildə danışa bilməz. 

İkinci misradakı "yar” sözü də sevgili mənasında işlənməyib, sadəcə, müraciəti bir qədər şirinləşdirmək üçün istifadə olunub.

Üçüncü misra olmasaydı belə, əziz oxucu mənim belə, onun elə olduğunu dərk edəcəkdi. Bu, sadəcə bir ipucu kimi şeirə daxil edilib və hər hansı incitmə məqsədi daşımır.

"Mənim çox dözümlü məhəbbətim var”. 

Əslində məndən olsa, bu  provakativ "məhəbbət” sözünü heç şeirə salmazdım. Çünki mənə qarşı haqsızlıq edənə və 5 il ərzində qərarını icra etdirə bilməyən məhkəməyə məndə hardan məhəbbət ola bilər?!

Həm də mən bilən qarşılıqlı olan şeyə məhəbbət deyilir...

Müəllif:  Özbaşına Nümayəndə

P.S. Ölkənin bütün peşəkar və ləyaqətli vəkillərini peşə bayramı münasibəti ilə təbrik edir, onlara ədalət mühakiməsi arzulayıram.