Sumqayıtı "yaşıllaşdıran" Nuranə Zeynalova kimdir? - Əli Həsənovun qardaşı ilə Fərəcovun "yaşıllıq siyasəti"

Sumqayıtı

21-08-2024 12:48 / Bu xəbər 707 dəfə oxundu

Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) Yaşıllaşdırma İdarəsi yenə də yaşıllıqların salınması ilə bağlı tender elan edib. 

"Qaynarinfo xəbər verir ki, bu dəfə də tenderin qalibi "Saffari Plus" MMC seçilib. 

Şirkətin qiymət təklifi 294 292 manat olub. 

"Saffari Plus" MMC cari ilin avqust ayının 12-də də Sumqayıt MKTİB-nin Yaşıllaşdırma İdarəsinin eyni tenderi üzrə qalib seçilmişdi. Şirkətin həmin tender üzrə qiymət təklifi 293 230 manat olmuşdu. 

Ötən il isə "Sffari Plus" MMC Sumqayıt MKTİB-nin 3 tenderinin qalibi seçilib. Bu tenderlər də yaşıllıqların salınması ilə bağlı elan edib.  Satınalma müqavilələrin ümumi maliyyə dəyəri 855 382 manatdır. 

"Sffari Plus" MMC 26 yanvar 2023-cü ildə vergi qeydiyyatına alınıb. Aydın olur ki, şirkət bir neçə ay sonra tenderlərdə iştirak etməyə başlayıb və əsasən Sumqayıt MKTİB-nin Yaşıllaşdırma İdarəsinin keçirdiyi satınalma müsabiqələrinin qalibi seçilib. Bu da şirkətlə bağlı müəyyən şübhələrə yol açır. 

"Saffari Plus" MMC-nin qanuni təmsilçisi Zeynalova Nuranə Şahin qızıdır. 

Araşdırmalarımız zamanı məlum olub ki, o, həm də "4 MM Aqro" MMC-nin qanuni təmsilçisidir. Bu şirkət də "Saffari Plus" MMC ilə eyni gündə vergi qeydiyyatına alınıb. 

Maraqlıdır ki, Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında adıçəkilən şirkətlərin hüquqi ünvanı qeyd edilməyib. 

Açıq mənbələrdə "Saffari Plus" MMC və "4 MM Aqro" MMC barəsində heç bir məlumata rast gəlinmir. Nuranə Zeynalova haqqında hər hansı məlumat yoxdur. Bu isə şirkətlərin sadəcə tender əməliyyatları üçün yaradıldığını, Nuranə Zeynalovanın isə təmsilçiliyinin formal olduğuna aair şübhələri artırır. 

Sumqayıt MKTİB-nin Yaşıllaşdırma İdarəsinin rəisi İlyas Həsənovdur. 

O, Qaqçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri, baş nazirin sabiq müavini Əli Həsənovun qardaşıdır. 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı isə Zakir Fərəcovdur.