Sumqayıtlı atelye sahibi toy-nişan libası tikmək üçün darıxıb - FOTO
20-12-2020 00:22 / Bu xəbər 2153 dəfə oxundu
Uzun illər dərzi kimi çalışan, artıq son zamanlar öz atelyesini yaradan Lətifə Hüseynova ilə söhbətə işdən-gücdən yox, İkinci Qarabağ savaşında şəhid olan qohumlarından danışmaqla başlayırıq. Onlar bacısının və qaynının oğullarıdır.
Fotolarını böyütdürərək otelyedə divardan yanaşı asıb.
"Birinin qırxı çıxdı, o birinin ölüm xəbəri gəldi” deyir.
İşıqlı, səliqəli ateleynin baş hissəsində Azərbaycan və Türkiyə bayraqları asılıb.
"Bunlar da öz əl işimizdir. Müharibə zamanı biz də bayraq tikib payladıq, əsgərlərə isti papaq tikib göndərdik. Sonra eşitdik yağmurluq lazımdı. Zəng vurduq təşkilatçılara, dedilər ki, parça qurtarıb, həm də artıq yetərincə yağmurluq tikilib. Nömrəmizi götürdülər ki, lazım olsa xəbər versinlər”, – atelye sahibi həvəslə söhbət edir.

Nanəli çaydan içə-içə onun özündən, işindən danışmağa başlayırıq. Lətifə Hüseynova ilk dəfə altıncı sinifdə paltar tikməyə başladığını söyləyir.
"Nənəmin sandığında hər cür parça olardı, rəngbərəng. Qırmızı güllü çit vardı. O, evdə olmayanda həmin parçanı götürüb özümə paltar tikdim. Boğazı yumru idi, qabaqdan iki "skladka” qoymuşdum, çoz qəşəng alınmışdı. Nənəm paltarı görən kimi soruşdu ki, parçanı sandıqdan götürmüsən? Orta məktəbin altıncı sinfindən tikməyə başladım. 8-ci sinifdə artıq özümün sifarişlərim vardı”.
L. Hüseynova deyir ki, onu usta yanına göndərməyiblər, dərzi olan böyük bacısının əlinə baxaraq öyrənib, hətta işi düz getməyəndə bacısı ona acıqlanaraq otaqdan çıxaranda belə o yenə də bir yolunu tapıb öyrənməyə çalışırmış: "Bacım dərzi idi, onun əlinə baxıb götürmüşəm, baxırdım qolu necə birləşdirir, bədəni necə birləşdirir, mənə nəyisə izah edən olmayıb. Sonra özüm tikməyə başladım. Günə iki don tikirdim. Gündəlik 10 manatım, 20 manatım olurdu. Anam bütün cehizimi öz qazancımla aldı...”

Ailə qurandan sonra bir neçə tikiş sexində işləyib, hətta tikiş sexi quran bir neçə tanış-bilişə məsləhət verib, dayaq-dəstk durub. Ancaq bir müddət sonra öz işini qurmağı düşünüb: "Baxdım ki, başqaları mənim əlimin zəhmətiylə pul qazanır, dedim ki, mən niyə işimi yaratmayım?”
Sıfırdan öz işini qurmaq asan deyildi, ona tikiş maşınları, bəzi ləvazimatlar, köməkçilər lazımıydı.
İş elə gətirir ki, Sumqayıtda yaşayan Lətifə Hüseynova şəhər Məşğulluq Xidmətinə müraciət edir. Az sonra şəhər icra hakimiyyətindən zəng gəlir: "ABŞ Beynəlxalq İnkişaf Agentliyi azərbaycanlı xanımlara təlim keçəcək, qoşulmaq istəyərsənmi?” Məmnuniyyətlə razılaşdığını söyləyir.
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin - USAİD-in təlimlərinə yüzlərlə qadının arasından seçildiyini, ordan çox şey öyrəndiyini deyir: "2018-ci ildə Sumqayıtda, 2019-cu ildə Bakıda təlim keçdik. 500 qadın müraciət etsə də, 400-ü seçildi. Daha sonra 150 qadın olduq, axıra 70 qadın qaldıq. Onlardan biri də mən oldum”.

Lətifə Hüseynova həmin təlimlərdə gərəkli şeylər öyrəndiyini bildirir: "Biz axı sıfırdan başlayırıq. Onlar bizə öyrədirdilər ki, biznesi necə qurmaq olar, necə pul qazanmaq olar, necə qənaət etmək olar. Misal üçün deyirdilər ki, parça qırıntısını atmayın, yığın divan düzəldən sexlərə satın, parça bükülən selofanları da həmçinin toplayın. Yəni, manatın hesabını aparmalısan. Mən hamısı ilə bağlı qeydlər götürmüşəm. Bu gün həmin qeydlər, öyrəndiklərim işimi qurmağa kömək edir”.
- 1, 2, 3, 4, 5, 6...
Atelye sahibi burdakı tikiş maşınlarını sayır. Təlim başa çatandan sonra ABŞ təşkilatı ona 6 tikiş maşını, xüsusi buxar ütüsü və başqa ləvazimatlar verib.
"Mən əvəllər sexdə işlədiyim üçün daha təcrübəliydim. Bilirdim ki, bizə tikiş maşınından başqa düymə tikən, ilgək açan və başqa maşınlar lazımdır. Ona görə biznes planda bunları göstərdim. Ələmələrdə sona qaldığım üçün istədiyim ləvazimat və maşınları verdilər.
Bütün bunları 58 yaşımda əldə etdim. 1978-ci ildən tikirəm, amma bu maşınlar 2020-ci ildə gəldi...” – səsində sevinclə yanaşı təəssüf hiss olunur. "Bir yandan da pandemiya. Bitsəydi işlər düzələrdi. Öz mağazam olardı, öz brendim. İstəyirəm orda bütün modellərimi satışa qoyum. Planlar çoxdur”.

Lətifə Hüseynova pandemiya dövründə işin kasadlığından şikayətlənir. Toy-nişan olmadığından, iş yerləri bağlı qaldığından paltar tikdirən də yoxdur. Amma onlar bu müddətdə də boş durmayıblar, müxtəlif şirkətlər üçün iş kostyumları, fəhlə paltarları, gödəkçələr tikiblər.
"Görürsüz bunu?” Lətifə Hüseynovanın rəfiqəsi və iş yoldaşı Sahibə Quliyeva əlindəki fəhlə kostyumunu göstərərək söhbətə qoşulur: "Rusiyada tikiblər bunu. Sapla rəng uyğun gəlmir. Adı var ki, fabrik malıdır. Fəhlə geyinəndə noolar, onu da səliqəylə tikmək lazımdır. Biz rəng uyğunluğuna, sapına, parçasına çox diqqət yetiririk”.
"Hələlik iki nəfərik. Amma sifarişimiz çox olanda əlavə işçi gətiririk. Xüsusən də iş kostyumları, gödəkçələr tikəndə” - Lətifə Hüseynova söhbətə davam edir.

Bəzən mağazalardan da sifariş götürürlər, məsələn, yaxşı satılan malların nümunələrini onlara göndərərək hazırlamalarını istəyirlər. "Bu qoftanı görürsünüz? Onu biz 12 manata tikirik, mağaza 18 manata satır. Amma daha mağazalar da bağlandı. Gərək başımıza çarə qılaq. Açığı artıq fəhlə paltarı, iş kostyumları tikmək istəmirəm. Həm pulu azdı, 1 manat 50 qəpikdir, həm də daha zərif, gözəl paltarlar tikmək istəyirəm. Bizim əsl işimiz odur axı”.
O, atelyenin yuxarı başında manikendən asılan qırmızı ziyafət paltarına sığal çəkir. Son aylarda verilən tək-tük sifarişlərdəndir. Lətifə Hüseynovanın bircə arzusu var – müharibə kimi pandemiya da bitsin.

İnsanlar adi həyatlarına qayıtsınlar, xanımlar özlərinə yenə sığıal çəksin, libaslarını təzələsinlər, toya-nişana, qonaqlıqlara tələssinlər, analar toy-nişan xonçası tutsunlar. O özü isə əksər dərzilər kimi ziyafət, toy-nişan paltarı tikmək üçün darıxıb. Hələliksə xəyalındakı paltarların eskizlərini kağıza köçürməklə məşğuldur.












